window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
“Yolun apardığı yerə getmə. Yolun olmadığı yerə get və öz izini qoy”.
ABŞ-ın görkəmli mütəfəkkiri və yazıçısı Ralf Emersonun bu sözlərini əldə rəhbər tutaraq Caliber.Az-ın ştatdankənar müxbiri Laçına ezamiyyətə yollanıb.
O, rayonun infrastrukturunun Azərbaycana təhvil verilməsi üçün hazırlıq işlərində iştirak etmək məqsədilə müvafiq idarələrin təmsilçilərindən ibarət böyük nümayəndə heyətinin tərkibində bölgəyə yola düşüb.
Laçın rayonu və şəhərinin rəsmi Bakının nəzarətinə qaytarılması məsələsinə geniş ictimai marağı nəzərə alaraq, bu səfərdən reportajı oxucuların diqqətinə çatdırırıq.
Öncə xatırladaq ki, avqustun sonunadək Laçın şəhərində, eləcə də bir çoxu Yaxın Şərqdən bölgəmizə gətirilərək Zabux və Sus kəndlərində qanunsuz məskunlaşan erməni miqrantlar bu əraziləri tərk edəcəklər. Bu yerlərə yeni gələnlər buna hazırdırmı?
İkinci Qarabağ müharibəsi 30 il əvvəl Ermənistan tərəfindən işğal edilmiş Qarabağ bölgəsi və Şərqi Zəngəzur ərazilərini Azərbaycana qaytardı. İşğalçılar üzərində qələbə 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatla təsdiqləndi. Sənəddə Bakı və İrəvanın öhdəlikləri açıq şəkildə göstərilib. Azərbaycan tərəfi müəyyən olunmuş vaxt çərçivəsində bəyanatın şərtlərini yerinə yetirib və yerinə yetirməkdə davam edir, Ermənistan isə zamanla oynamağa çalışır, Qafqazda geosiyasi vəziyyəti dəyişmək üçün möcüzə gözləyir. Azərbaycan hakimiyyətinin iddialılığı isə heç bir şübhə yeri qoymur ki, gec-tez Ermənistan imzaladığı sənədin bütün şərtlərini yerinə yetirməli olacaq.
Qeyd edək ki, hələlik (1 sentyabra qədər) yalnız Rusiya Sülhməramlı Kontingentinin (RSK) müşayiəti ilə Laçına gəlmək mümkündür. Azərbaycan cəmiyyətinin müəyyən hissəsi bu faktdan narazıdır, lakin mən səfər zamanı əldə etdiyim təcrübəyə əsaslanaraq təsdiq etməyə cəsarət edirəm ki, indiki mərhələdə faktiki olaraq yerlərdə vasitəçilərə ehtiyac var. Əgər təbii ki, biz qalan məsələlərin həllində kobud güc yox, siyasi-diplomatik yol seçsək.
Beləliklə, Şuşadan Laçın dəhlizinə daxil olduq. Möhkəmlənmiş şəhərin çıxışındakı keçid məntəqəsində bizi sülhməramlılar gözləyirdi, onların müşayiəti ilə yolumuza davam etdik. Qrupumuz Laçının özünə çatmazdan əvvəl zabitlərlə səfərin bəzi təfərrüatlarını müzakirə etmək üçün Rusiya sülhməramlilarının bazasında dayandı. Deməliyəm ki, Rusiya Federasiyasından olan hərbçilər sadə həyat tərzi keçirsələr də, yerləri təmiz və rahatdır. Ruslar bizi “Azərçay” markalı çayla, eləcə də yaxınlıqdakı ermənilərdən aldıqları şirniyyatlarla səxavətlə qarşıladılar. Ümumiyyətlə, sülhməramlılar Azərbaycan nümayəndələrinə mehriban yanaşır və xahişlərimizə həvəslə cavab verirlər. Kontingentin kifayət qədər çoxmillətli etnik tərkibini (burada ruslar, buryatlar, yakutlar və Şimali Qafqazdan olan insanlar da var) müasir Rusiya multikulturalizminin bir növ ordudakı təcəssümü hesab etmək olar.
Biz bazada olarkən Rusiya hərbçiləri və nümayəndələrimiz toplantı keçirdilər və orada ermənilər tərəfindən törədilən meşə və digər yanğınların söndürülməsini müzakirə etdilər. Mən başa düşdüyümə görə, məhz bu gün bizim Fövqəladə Hallar Nazirliyinin bir neçə yanğınsöndürmə briqadasına keçidin təmin edilməsi qərara alınıb. Azərbaycan nümayəndələrinin Rusiya sülhməramlıları ilə söhbətindən də məlum oldu ki, Laçın rayonunun sonuncu erməni sakinləri sentyabrın 1-dək oranı tərk edəcəklər. Bir həftə davam edən qaçaqov çox güman ki, bu ərazilərdə fəaliyyət göstərən infrastrukturun köçürülməsi ilə bağlı qalan təşkilati məsələlərlə bağlıdır. Başqa bir məsələ də odur ki, bu müddət ərzində Laçın rayonundan gedən qeyri-qanuni miqrantlar, demək olar ki, əllərindən gələni oğurlamağa, sanitar qovşaqları sökməyə, onsuz da zamanın aşındırdığı evləri son kərpicinə qədər sökməyə çalışacaqlar. Bununla belə, onlara Azərbaycan üçün dəyərli olan həqiqətən mühüm obyektlərə girişə icazə verilmir.
Sülhməramlılarla bütün rəsmiyyətlər aradan qaldırıldıqdan və çaydanlar boşaldıqdan sonra biz, Azərbaycan kommunal xidmətlərindən ibarət nümayəndə heyəti RSK-nin müşayiəti ilə Laçın dəhlizinə getdik.
Maraqlıdır, demək olar ki, dərhal erməni nömrəli avtomobillərdən biri avtomobillərimizin arasına girərək bizi sıxışdırmağa başladı.
Müşayiətçilərimizin mənə dediyinə görə, bu yolda Ermənistan xüsusi xidmət orqanlarının əməliyyat maşınları hərəkət edir, onların sərnişinləri buradan keçən Azərbaycan nömrəli bütün avtomobilləri videoregistratorla qeyd edirlər. Çox yaxında onlar artıq burada olmayacaqlar, amma hələlik onlar, göründüyü kimi “əməliyyat” məlumatı toplayırlar.
Laçın şəhərinin girəcəyində elə bil 1992-ci ilə qayıdırsan. Bütün binalar, yaşayış binaları, inzibati binalar, mağazalar köhnə və bərbad vəziyyətdədir. Hiss olunurdu ki, azərbaycanlılar köçdükdən sonra Laçın 30 il davam edən süst yuxuya gedib.
Ermənilər bu onilliklər ərzində şəhərdə yeni heç nə tikməyiblər – məkrli İrəvan sahibkarları tərəfindən yaradılmış tək biznes obyektləri istisna olmaqla. İsti, günəşli avqust günündə belə Laçının mənzərəsi boz, üzücü və tərk edilmiş görünür. Sönük görünüş təkcə köhnə sovet binaları üçün deyil, Laçında son günlərini yaşayan azsaylı yad ermənilər üçün də xarakterikdir.
Şəhərin infrastrukturuna baxış keçirərkən orta yaşlı bir erməni ilə danışmağa müvəffəq oldum. Əvvəlcə o, bizə hörmətlə uzaqdan baxırdı, görünür, yaxınlaşmağa cəsarət etmirdi. Bizə marağını görüb özüm ona yaxınlaşdım. Ona bir qutu “Sobranie” siqaretini uzatdım. Paketin üzərində Azərbaycan dilində yazıları görüb gülümsündü.
– “Mən hələ Azərbaycan “Sobranie”sini çəkməmişəm”, – deyə adam gözlənilmədən səlis rus dilində dedi. “Belə şəraitdə onları sınamalı olacağımı düşünmürdüm.
– Hansı şəraitdə?
– Siz gəlirsiz, biz isə evlərimizi tərk edərək çıxıb gedirik.
– Neçə vaxtdır burada yaşayırsınız? 1992-ci ildən?
– Bunun nə əhəmiyyəti var? – həmsöhbətim hirsləndi, siqareti çəkərək – Oğullarım burada doğulub, vətənləri buradadır. Mən ömrümün yarısından çoxunu burada yaşamışam. İndi hara getməliyik?
– Bura gələrkən yolda yanmış evləri, meşələri gördüm. Şəhərin özü tərk edilmiş vəziyyətdədir, 30 ildir burada heç nə tikilməyib. Bu nə vətəndir?
– Sən bizi özünüzlə müqayisə etmə, – həmsöhbət danışmağa başladı. Azərbaycanın nefti, qazı və güclü müttəfiqləri var, amma bizim heç nəyimiz yoxdur. Ağacları satmaq və ya özümüzü isitmək üçün kəsirik. Bu gün ruslar var, sabah olmayacaq. İnsanlarımız nə etməlidir? Bundan əlavə, bütün evlər yandırılmır, yalnız Aqavnoda (Zabuxda – red.) livanlılar yandırır. Onlara istənilən halda müavinət veriləcək. Laçında yandırmırlar. Mən yandırmamışam.
– Bəs diaspordan yığılan pullar necə? Bu milyardlarla dollardır…
– Mən heç onları görmüşəm ki? Onlar orada (başı ilə Ermənistana tərəf göstərir) qaldı, biz tərəfə heç nə gəlmədi. İndi deyirlər – köçmək üçün sizə 250 min (dram – red.) vermişik. Bir yük maşını icarəyə götürmək üçün isə 300-350 min lazımdır, bütün qiymətlər qalxıb. Bütün əşyalarınızı bir yük maşını ilə götürmək mümkündürmü? Və hara getmək lazımdır? Bizi heç yerdə gözləmirlər – nə Ermənistanda, nə də Stepanakertdə (Xankəndi – red.)…
Söhbətimizi qəfildən yaxınlıqda dayanan başqa bir yerli sakin kəsdi. Söhbətdən azərbaycanlı olduğumu anlayıb ünvanıma ermənicə açıq-aşkar yaraşmayan nəsə qışqırmağa başladı. Qəribə idi, amma neqativlik və aqressivlik əvəzinə sadəcə təbəssüm yaratdı. İstər-istəməz düşündüm ki, qalib ölkəni təmsil edəndə mülayim olmaq nə qədər asandır. Bu zaman qrupumuz mənə səsləndi – bizi yerli infrastrukturun vəziyyətini yoxlamalı olduğumuz Sus kəndinə səfər gözləyirdi. Oradakı xidmət personalı hələ də ermənilərdir. Bəziləri ilə bir neçə kəlmə fikirmübadiləsi apara bildim. Özünü Əsgəranlı Serop kimi təqdim edən birinin dediyinə görə, bu illər ərzində Qarabağda həyat asan olmayıb:
– Elə hiss var idi ki, sanki barıt çəlləyində oturmusan. O, 2020-ci ildə partladı. Eyni zamanda diqqət etdim ki, mənimlə söhbətində Serop yaşayış məntəqələrinin yalnız azərbaycanca adlarından istifadə edir – “Berdzor” deyil, Laçın, “Aqavno” deyil, Zabux və nəhayət, “Artsax” deyil, Qarabağ. Üstəlik, o, bunu açıq-aydın bizə xoş gəlmək üçün etməyib – görünür, bir çox Qarabağ erməniləri Azərbaycan adları vərdişini itirməyib. Serop şikayət etdi ki, o, Əsgərana qayıtmalı olacaq, orada praktiki olaraq heç bir iş yoxdur.
– Burada ən azı daimi və yaxşı maaşlı iş var idi. Bəs Əsgəranda nə etməli? – Serop gileyləndi.
– Bəs Azərbaycan vətəndaşlığını qəbul etməyə sizə kim və ya nə mane olur? Axı heç kim sizə bunu qadağan etmir. Bəli, burada da çox iş var. Qarabağın bu gün Bakının nəzarətinə qayıdan hissəsi fasiləsiz tikinti meydançasıdır. İşlək əllər həmişə lazımdır. Üstəlik, həm yerli əhali olan azərbaycanlılar, həm də ermənilər arasından.
– Kişiyə bunu demək düzgün olmasa da, qorxuram. Həm özümüzkülərdən, həm də sizinkilərdən. Artıq bu yer üzünə bu qədər qan tökülüb. Qardaşı, atası, dostu müharibədə həlak olan türk gəlir. O mənimlə nə danışacaq? Hər birimizin ailəsindən və ya tanışlarından iki müharibədə ölən və ya yaralanan var. Çətin, çox çətin olacaq, – deyə Serop vicdanla cavab verdi.
– Birincisi, türk yox, azərbaycanlı. İkincisi, almanlar da ruslarla vuruşdular, amma barışa bildilər, – həmsöhbətimdən geri qalmadım.
– Bilmirəm, bunu zaman göstərəcək. Amma yolu (Laçından yan keçən yol nəzərdə tutulur – red.) yaxşı çəkmisiniz. Heç kim hər şeyin bu qədər tez baş verəcəyini gözləmirdi və hakimiyyət heç vaxt bizə buradan getməli olacağımızı deməmişdi”, – deyə Serop bildirib.
Geri qayıdırıq. Laçın yolunun kənarında nəhəng torpaq sahələri var. Dağ ərazilərini gəzəndə vadidə meşələrin və çəmənliklərin necə yandığını aydın görə bilərsiniz. Birkilər yalnız atəşlə deyil, həm də kəsməklə məhv edilir. Kəsilmiş qoz ağacları yolun kənarında düzülür. Bu arada yol boyu azsaylı erməni “odunçuların” özlərini də görmək olar. Azərbaycan ərazilərini tərk etməkdən məyus olan erməni kişiləri evləri sökür, qadınlar və uşaqlar isə dağ böyürtkənləri yığır və ya hələ kəsilməmiş ağacların kölgəsində sevincsiz fikirlərə dalırlar.
Laçını tərk edərək, gördüyüm mənzərədən itirilmiş otuz ilin yaratdığı içimdəki boşluq hissindən qurtula bilmədim. Yox, mən gedən ermənilərə qətiyyən rəğbət bəsləmirəm – axı onlar Kainatın qanunlarını pozaraq öz xoşbəxtliklərini başqasının kədəri, övladlarımızın göz yaşı və qanı üzərində qurmağa çalışırdılar. Və bu qanunlar beynəlxalq hüquq qanunlarından fərqli olaraq qüsursuz işləyir.
Daşnaklar, revanşistlər yoxa çıxmayıblar, onların təbliğatı öz işini görüb və görməkdədir. Lakin dünya ağ-qara deyil və zəifləyən daşnak ideologiyasının təsirindən az da olsa qurtulan bir çox Qarabağ erməniləri artıq yeni reallığın konturlarını ayırmağa başlayırlar. Bizimlə ünsiyyətdə olan orta və yaşlı insanlar Azərbaycanda öz ölçülü, dinc həyatlarını – otuz il bundan əvvəl düşünmədən faşist “miatsuma” və “genetik uyğunsuzluq” ideyaları ilə dəyişdirilmiş həyatlarını xatırlayırlar. İki qanlı müharibədən, qurbanlar və faciələrdən sonra insanlar, hətta ən inadkarlar belə, öz dəyərlərini yenidən qiymətləndirməyə məcbur olurlar. Qarabağda anlayırlar ki, bir vaxtlar ermənilər sadəcə olaraq aldadılıb, cəlladlar və qurbanlarla eyni vaxtda ölməkdə olan Sovet imperiyasının qurbangahına atılıblar. Bu faciəni dərkə etmə prosesi tam və istədiyimiz qədər tez baş vermir. 34 illik qarşıdurma bir gecədə yox ola bilməz. Amma onilliklər ərzində aparılan təbliğatla zəhərlənmiş şüurda dəyişiklik artıq baş verib. Azərbaycan geri döndü. Birdəfəlik və əbədi olaraq.