Canavar arxasınca 100 köpək hürdürmürsə…

Canavar arxasınca 100 köpək hürdürmürsə…

Rəcəb Tayyib Ərdoğanın Türk Şurasının Zirvə toplantısını Demokratiya və Azadlıqlar adasında keçirməsinin ikinci, özü də birincidən az əhəmiyyət kəsb etməyən ikinci mənası da var idi. Bu ada Türkiyə demokratiyasının rəmzi hesab edilir, əsası yaşıllıqdan ibarətdir. Ötən il may ayının 27-də Ərdoğanın iştirakı ilə açılışı edilib. Adada demokratiyanın rəmzi olan 24 metrlik mayak ucaldılıb. “Demokratiya və Azadlıqlar Adası” Mərmərə dənizində yerləşən adalar qrupuna daxildir.

Adanın xüsusi tarixi var. Belə ki, Türkiyənin demokratiya tarixində dərin iz qoyan və ölkənin o vaxtkı Baş naziri Adnan Menderes, xarici işlər naziri Fatin Rüştü Zorlu və maliyyə naziri Həsən Polatka 1960-cı il 27 may dövlət çevrilişindən sonra bu adada mühakimə ediləndən sonra edam ediliblər. Türkiyə Böyük Millət Məclisinin 1990-cı il aprelin 11-də qəbul etdiyi qanunla Adnan Menderes və onunla birlikdə edam edilənlərin günahsız olduqları öz təsdiqini tapıb. 2013-cü ildən bura “Demokratiya və Azadlıqlar Adası” tək tanınır. Türkiyənin lideri Ərdoğanın Türk Şurasını məhz bu adada toplaması həm də bu günlərdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Baydenin təşəbbüsünə cavab sayıla bilər. Dekabrın 9-u və 10-unda keçiriləcək onlayn tədbirin adı belədir: “Demokratiya zirvəsi”.

Əlbəttə, Amerika Birləşmiş Ştatlarının nəyi zirvə, nəyi dərə adlandırması onun öz işidir. Latın Amerikasının məşhur bir yazıçısı var idi. Antonio Porkya. Onun maraqlı bir fikri yadıma düşür. İnsan gözünü yumub özünü ən dərin quyuda da, ən uca zirvədə də təsəvvür edə bilər. Adətən gözüyumulu şəkilləri ilə diqqət çəkən Bayden görünür, özünü eyni vaxtda hər iki nöqtədə təsəvvür etmə səbəbindən yıxılır. Xüsusilə Əfqanıstana apardığı demokratiyanı Talibanın saqqalının altında qoyub qaçandan sonra bu ölkənin qocafəndi siyasətinin hansısa zirvədən danışması şəxsən xərifləməkdi. İşğalçı Ermənistanı demokratiya sammitinə layiq bilən, amma BMT təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirərək işğalçını öz torpaqlarından qovan və bununla elə bu qurumun üzvü olan Birləşmiş Ştatların da sifətini qorumuş olan Azərbaycanı, srağagün əlini sıxdığı və qlobal əhəmiyyətini, NATO-dakı rolunu beyninin salamat hüceyrələri ilə hələ ki, qandığı Türkiyəni guya zirvədə görməyən Bayden Saakaşvilini həbsxanada saxlayanlara da jest edib. Olsun! Hər bir tədbiri onun təşkilatçıları təşkil edir. Məzmun da, qonaq da onun haqqıdır. Amma yarısı yuxulu, yarısı mürgülü Birləşmiş Ştatların yuxuda gördüyü demokratiya, bu demiokratiyanın çəlpələnguçuranları Türk Zirvəsi həddi üçün deyil. Bizim öz azadlıq və demokratiya adamız var. Biz Səddam Hüseynin başının altında nüvə başlığı axtarmağa gedən, sonra əli ətəyindən uzun, suyu süzülə-süzülə geri qayıdan Birləşmiş Ştatların demokratiya ilğımlarını başqa yerlərdə də çox görmüşük. Hanı ərəb baharının bənövşə qoxuyan cənnətləri? Hanı Liviya, hanı Tunis, hanı Yəmənə gətiriləcək demokratiya baharı?

Biz hansısa şəxsin seçkilərdə xarici qüvvələri maraqlarına uyğun qələbə qazanmasından Qarabağda qazandığımız qələbəni üstün tuturuq. Seçkilərdə qələbə bir və ya bir neçə möhlətlikdir, məsələn, Qarabağda qələbə həmişəlik! Məsələn, xatırlamalıyıq ki, Birləşmiş Ştatların söz azadlığına qoyduğu heykəlləri elə qaradərililər vurub uçurdular. İmkanları olsaydı, Azadlıq Heykəlini təpəsi üstə okeanın dibinə vasil edərdilər.

Demokratiya zirvəsinə gah Trampdan, gah trapdan yıxıla-yıxıla gedən və ardınca da özünəməxsus demokratiya zəvvarlarını dartan Baydenin prezident seçkilərindəki qələbəsinə elə Trampın münasibətini unutmayaq. Adamı Ağ Evdən üzü qara çıxartdılar. Baxmayaraq ki, iddialarında haqsız deyildi. Donald Tramp seçkiləri saxtalaşdırılmış hesab etdi və onun nəticələrini sonadək tanımadı, onun sosial mediaya çıxışlarının bağlanması da Bayden demokratiyasının bəhrələrindəndi.

Tramp yenə də danışır, mübarizə aparır, çıxışlar edir. Sadəcə olaraq onları görmək mümkün deyil. Adamın ağzı açıqdır, yolunu bağlayıblar. Culian Asancdan daha danışmırıq. Onun başına hansı oyunlar açılır. “Demokratiya zirvəsi” təşkil edən ABŞ-a görə İraq tələb olunan kriteriyalara cavab verir. Bəlkə ona görə ki, Bağdadda bəzi restoranlarda robotlar ofisiantlıq edir. Yaxud Konqoda demokratiya fəvvarəsi yaşanır?! Yalnız ona görə ki, adı belədir: Konqo Demokratik Respublikası. Bu respublikanın yaxın 20 ilinə ekskurs edək. Başlayaq ondan ki, 2001-ci ilin yanvarında ata Kabila öldürüldü və oğlu Yusif Kabila dövlət başçısı seçildi. 2009-cu ildə ölkədə yenidən qızışan qarşıdurmalar çox sayda insanın köçürülməsinə və insan hüquqlarının pozulmasına gətirib çıxardı. 2013-cü ilin fevral ayından etibarən, Konqo hökuməti ilə təfriqəçi qüvvələr arasında sülh danışıqları davam edir. Elə ölkədə müxtəlif silahlı qrupların törətdiyi zorakılıqlar da. Bu Konqodur. “Demokratiya zirvəsi”ndə! Amma Avropa İttifaqınını üzvü olan Macarıstan zirvəyə layiq bilinmir?! Ona görə ki, Rəsmi Budapeşt xüsusilə son illər siyasi müstəqillik nümayiş etdirir!

Azərbaycan və Türkiyənin də zirvəyə dəvət olunmamasının səbəbləri var. Çünki bu ölkələr Baydenin “burda mənəm Bağdadda robot ofisiant” hökmünü qəbul etmir. Maraqlıdır: o hansı kriteriyalardılr ki, bütün istiqamətlər üzrə böhranda boğulan Ermənistan və ya sübhü azanla yox, bomba həyəcanıl ilə açan İraq cavab verir, keçmiş prezidenti həbsə atan Gürcüstan, keçmiş prezidentə cinayət işi açan, hakimiyyəti tənqid edən hər kəsin zindana atıldığı Ermənistan cavab verir, amma Azərbaycan və Türkiyə cavab vermir? Məgər aydın deyil ki, NATO-nun əsas üzvlərindən biri olan və bu statusa həm də insan haqları və qanun aliliyinə sədaqətinə görə layiq bilinən Türkiyə sadəcə Birləşmiş Ştatların arzuladığı, tələb etdiyi çərpələng müstəqilliyini qəbul etmir?!

Bayden Rusiya və Çinlə mübarizədə özünə dəstək qırıqları axtarır. Təbii ki, Azərbaycan nə Çinə, nə də Rusiyaya qarşı hər hansı avantürada yer almayacaq. Ona görə böyük Zəngəzur yolu var, ona görə ki, böyük İpək yolu var! Birləşmiş Ştatların rəhbərinin yaşı həm də bu dövlətin baxış sisteminin artıq qocaldığı, bioloji yaşıkeçmişliyi və artıq əlverişsizliyi anlamına gəlir. Mənzərə tam aydındır: Vaşinqtonun diktat tələblərini yerinə yetirməyənlər demokratiya zirvəsinə layiq hesab edilmir. Azərbaycan isə müstəqil dövlət fəlsəfəsinə uyğun olaraq öz siyasi, mənəvi, coğrafi ərazisində nüfuz agentləri saxlamır. İkili, üçlü oyun oynamaq Ermənistana xas davranışdır.

Xatırlayırsıza, Sərkisyan prezident olanda Ermənistan Avropa İttifaqı ilə sazişə imza atdı. Moskvanın qorxusundan imzasından imtina etdi. Paşinyan başda olmaqla Soros uşaqları hakimiyyətə gələndən sonra isə İrəvan Rusiyaya qarşı daha açıq işləməyə başladı. Bayden buna görə dəvət edib Ermənistanı! Ermənistan politoloqları indidən İrəvanı rəsmi Moskvanın tənbehinə, hətta üz döndərəcəyi aqibətə hazır olmağa çağırırlar. Ermənistanın mediası və Azərbaycanın radikal qaragüruhu unison davranır. Bu paralelçiliyin, əlbirliyin mənbəyi ən yeni tariximizin 90-cı illərinə aparır. Qarabağ problemi həll edildi. Qaragüruh problemi isə yox!

İlham Əliyev əbədi dəyərər uğrunda mübarizə aparır. Opponentlərinin yolu isə mədə-sanuzel xətti ətrafından kənara çıxmır. Baxın istifadə olunan manera və fikir məmulatlarına. Dünya dəyişir. Makinaları ayfonlar əvəz edir. Silikon vahəsi elə Amerikadadır ki! Yer kürəsi daha 81 yaşlı beyinlərin ləng dövranı ilə fırlanmır. Biz Amerika Birləşmiş Ştatlarının və onun bayrağını öpüb şəfa tapacaqlarına ümid edənlərin səmimiyyətinə şübhə etməyə bilərik. Amma axı şəxsən mənim yadımdadır ki, 1990-cı ildə Qanlı Yanvar ərəfəsində şəxsən Amerika Birləşmiş Ştatları Sovet İttifaqı rəhbərliyini, şəxsən Qorbaçovu ölkədə qayda yaratmağa, deməli, Bakıya qoşun yeritməyə çağırmışdı. Buş bu hadisədən sonra Qorbaçova təbrik məktubu da göndərmişdi axı. Bəs ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Amerika Qarabağ məsələsinin həllində kimin tərəfində idi. Qardaşının yanınında. Yaraşıqlıydı, böyükdü ona görə?! Ola bilər. Amma bizim də arxamız var. O haqqdır. Haqq isə Allah! Ermənistanın işğalçı siyasətinə birbaşa dəstək olan 907-ci düzəliş də yadımızdadır. Məhz bu düzəliş Azərbaycana qadağanlar tətbiq etməklə Ermənistanın əl-qolunu açdı. İndiyədək konservləşdirilmiş haldadır. Açılır, bağlanır, açılır bağlanılr… Və əgər bu gün Londonda antiazərbaycan qüvvələr toplaşıb siyasi kürsəyə, üzr istəyirəm, kürsüyə can atırsa, biz bu hürrrrriyyətə ilk üç hərfdən baxmalıyıq. Heç kim öz üzərinə götürməsin. Amma maraqlı klipdi bu:

Və burda Rəcəb Tayyib Ərdoğandan eşitdiyim bir misalı gətirmək istəyirəm: arxasınca 100 köpək hürdürməyən canavara bizlərdə canavar deməzlər!

Mir ŞAHİN

Share: