Çarəsizəm- Şahnaz Şahin

Çarəsizəm- Şahnaz Şahin

Bakı-Qroznı istiqamətində uçan təyyarənin vurulması nəticəsində həlak olmuş ekipaj üzvləri və sərnişinlərin xatirəsinə ithaf edirəm

Ah Lorka, Lorka,
sənin ən böyük arzun nə idi axı
bu qəhrəmanların yanında
Uzaqbaşı, gitaranla birlikdə
bir çay kənarında dəfn olunmaq, və ya
Narıncı bir meşədə,
bir çiçəyin yanında ölmək…
Bir sözlə Əsl romantika!

Onların isə düşünməyə nə vaxtı vardı, nə zamanı
Hər yerdən və hər kəsdən əli üzülüb göy üzündən yapışmışdılar
Sevdiyi misralar ruhuna hakim kəsilmişdi kapitanın
“Çevrəsindən çıxsa əgər sevda fırfıran,
Bir ümidin ətəyindən tutub da flrlan” demişdi axı
nəhəng şair,
o da flrlanırdı
özü də tək yox, bir təyyarə dolusu adamla

Bir kişi göy üzündən yer üzünə mesaj verirdi “Çarəsizəm”
Yerdə boz qurd ulayır, ulayır və göy üzünə mesaj göndərirdi “çarəsizəm”…
Nə o kişini, nə də Boz qurdu eşidən vardı!
Bir də deyirdin ki, “ölsəm,
flüger kimi küləyin istiqamətini göstərəcəm damın üstündə..,
Susun mən öləndə…”
Onlar bütün dünyaya həqiqəti göstərir indi,
Və hamı susur, Lorka…

Share: