Cari ədəbi proses barədə düşüncələr: dəyişən relyefdə yerini tapanlar – 2020-2021-ci ilin ədəbi mənzərəsi əsasında – Elnarə AKİMOVA

Cari ədəbi proses barədə düşüncələr: dəyişən relyefdə yerini tapanlar – 2020-2021-ci ilin ədəbi mənzərəsi əsasında – Elnarə AKİMOVA

Elnarə AKİMOVA

Mənzərə. Son yeddi ildə ədəbi yekunlarla bağlı ilk müşavirədir ki, bir yox, iki ilin ədəbi prosesini tədqiq etməyə yönəlib. Bunu bütün dünyanı bürüyən koronavirus dalğasının yaratdığı əngəllərdən çox, 2020-ci ilin sentyabrından başlayaraq, tarixi taleyimizdə dönüş məqamı kimi səciyyələnən mübarək Zəfərimizlə əlaqələndirsək, yanılmarıq. Hələliksə, 2020-ci ilin lap əvvəlinə qayıdaq. İl başlayan kimi, dünyanın dörd bucağını öz məngənəsinə salan Koronavirus dalğası bütün bəşəriyyət üçün əsl xaos mənbəyinə çevrildi. Gələcəyə apokalipsis baxış önə keçdi. 2020-ci ilin ilk vaxtlarında başqa mövzulara varmaq, sənətin, ədəbiyyatın problemlərindən bəhs etmək qeyri-ciddi şəkil aldı, məna yox oldu, söz kəsərdən düşdü, fikir və ideallar mahiyyətini itirdi. Reallıq hər şeyi öz acı ironiyasına tuş etdi. Bütün dünya başına gələn fəlakət dalğasından qorunmaq, kor Edip kimi ayağa durub yerimək üçün güc tapmağın praqmatik yollarını fikirləşməyə başladı. Tək ədəbiyyatımız deyil, bütün dünya, bəşəriyyət Kamyunun dediyi “qorxu çağını” yaşayırdı və yaşamaqda davam edir.

Biz koronavirus dalğasının yaratdığı xaotik və gərgin günləri yaşamaqdaykən qarşıda bizi hansı böyük sevinc məqamları gözləyirmiş. Azad olunan Qarabağ, fəth olunan Şuşa, işğalçıdan təmizlənən Vətən torpağı! Xəyallarımızın gerçəkləşdiyi möhtəşəm 2020-ci il!

Qarabağ uğrunda II Vətən müharibəsi! Ordumuz bu dəfə tarix yazdı. Yalnız silah deyil, qələm də əsgərlərimizin əlində oldu. Son 30 ildə səbrimizə daş basıb gözlədiyimiz, dünya birliklərinin inadla susduğu Qarabağ kimi tarixi məsələnin aqibəti xalqın və Ali Baş Komandanımızın əzmi, qəhrəman oğullarımızın qanı və canı bahasına yeni mündəricə qazandı.

Bir tərəfdən korona dalğası, digər tərəfdən müharibə gərginlikləri ədəbi prosesin mənzərəsini, onun xəritəsinin relyefini dəyişdi. Bu qələbə Vətən amilinə həssaslığımızı artırdı, poeziyamıza ideya, mövzu, problematika, məzmun cəhətdən bir sıra yeniliklər gətirdi. Məlumdur ki, ağır sınaq məqamlarında, millət taleyüklü problemlərlə üz-üzə qalanda ilk operativ sözü poeziya deyir. Bu mənada, yazılmış bir çox şeirlərdə son günlərə aid olan notların yanaşı verildiyini görmək çətin olmur: müzəffər ordumuz, igid əsgərlərimiz, zabitlərimiz, qalib Baş komandanımız, düşmən əsarətindən qurtulmuş vətən torpaqlarımız, şəhidlərimiz, qazilərimiz, arxa cəbhənin yaşantıları, qardaş Türkiyənin köməyi, İlham Əliyev – Ərdoğan dostluğu və s. Türk, turan simvolikasının poetik əksi şeirimizdə daha aparıcı qata çıxdı. Ölüm, Azadlıq, Müharibə, Şəhidlik kimi mövzular əvvəlki kimi işlək olsa da, bütövlükdə şeirin diskursu dəyişdi. “Məzlum xalq” obrazı döyüşkən xalq obrazı ilə əvəz edildi, qalib ordu, qalib əsgər, qalib xalq ifadələri şeirimizdə önə keçdi. Qürur, əzm hissi qabarıqlaşdı, Ali Baş Komandan obrazı yarandı, qaçqınlıq, köçkünlük kimi mövzular artıq yaddaş faktı kimi işlənməkdədir. İllərdir Qarabağ münaqişəsinin həll olunmaması, dünya ictimaiyyətinin, söz sahibi olan beynəlxalq qurumların bu hadisəyə laqeyd münasibəti poeziyada əsas problem kimi qalsa da, son hadisə “türkün türkdən başqa dostu yoxdur”, – kimi fikirlərin prioritetliyi ilə önəm kəsb etdi. Azərbaycan-Türkiyə qardaşlığı, İlham Əliyev-Ərdoğan dostluğu, türk xalqlarının birliyi ideyası əsas mövzular oldu.

Əlbəttə, II Qarabağ savaşı ilə bağlı yaşanan bütün situasiyalar, yaşantılar zaman keçdikcə bədii sözün predmetinə çevriləcək. Ədəbi prosesdə hakim olmuş həzin bir içəçəkilməni heç şübhəsiz, nə zamansa hadisə kimi qarşılanacaq bədii əsərlər və həmin əsərlərlə bağlı coşğun müzakirələr əvəz edəcək. Baş verənlərə analitik baxışın dramatizmi gücləndikcə bədii idrakın və inikasın sualtı axını da sürətlənəcək. Yalnız ərazimizin deyil, mədəniyyət və mənəviyyatımızın da dağılmış nizamı və səhmanını bərpa etmək yalnız bu halda mümkün olacaqdır.

Buna baxmayaraq, prosesi gerçəklərin, günün içindən yazmağın nə qədər çətin iş olmasına rəğmən bunu gerçəkləşdirən bir çox nümunələr artıq meydanda var və bu nümunələr qələbədən sonra yaranacaq ən yeni ədəbiyyata artıq “ərəfə” mətnlər qismində daxil olub.

 

Carilik. Müharibənin 44 günü ərzində ölkədəki fikir həyatımız, xüsusilə ədəbi mətbuatımız tam müharibə ovqatına kökləndi. Məsələn, “Ədəbiyyat qəzeti” ilk sayından başlayaraq, manşetdən tutmuş son səhifəsinə qədər müharibənin dinamikasını əks etdirdi. Ard-arda qazanılan zəfərlər, bu əhval-ruhiyyəyə hakim olmuş müxtəlif janrlı mətnlər tarixə qələbə dövrünün ən mükəmməl örnəklərini qazandırdı. Onsuz da qəzetdə baş redaktorluğa gəldiyi gündən türkçülüyü əsas ideya, məfkurə xəttinə çevirən Azər Turan müharibənin ən həlledici, ən kəskin dönəmlərində strateji olaraq bu mövqeni möhkəmləndirən, ideoloji dürüstlüyü meyar seçən mətnlərlə çıxış etdi. Bu yazıları ya özü yazdı, ya da digər müəlliflər. Bütün səhifələrdə Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi, devizə çevrilən “Qarabağ Azərbaycandır” nidası sərlövhəyə çıxarıldı. 44 günün ərzində ərsəyə gətirdiyi 7 sayın 2-si “Xüsusi buraxılış” kimi hazırlandı. Birinci say – müharibəyə, sonuncu say Şuşanın fəthinə – böyük Qələbə gününə həsr olundu.

“Ulduz” jurnalının yanvar sayı bütünlükdə vətən mövzusunda yazılmış şeirlərə, fevral sayı Qarabağ haqqında yazılmış esselərə həsr olundu. “Azərbaycan” jurnalı İntiqam Qasımzadə (“Şuşanın dolayları”, 2020, №11), Vaqif Yusifli, Südabə Ağabalayeva (“Xüsusi təyinatlı söz”, 2020, №11), Vüsal Nuru (“Ağdam olmaq”, 2021, №4) və digərlərinin mətnlərindəki məna ağırlığı timsalında mövzunu hədəfdə saxladı. Ramiz Qusarçaylının “Vətən” poeması (2021, №8) da ilk dəfə bu jurnalın səhifələrində yayımlandı. “525-ci qəzet”də Rəşad Məcid, Vilayət Quliyev, Rafael Hüseynov, Şahanə Müşfiqin məqalələri üstünlük təşkil etməklə, elə şeir, hekayə, elmi və publisistika nümunələrinə yer verildi ki, başlıca amal qələbə əzminin qorunması və bunun bədii düşüncədə təcəssüm olunmasına yönəlmişdi.

Əli bəy Azərinin baş redaktor olduğu “Xəzan” jurnalının adını çəkmək olar. Daim rəngarəng materialların yer aldığı “Xəzan” jurnalı son iki ildə səhifələrində daha çox müharibə, qələbə, müzəffər ordu, türklük kimi mövzulara üstünlük verdi ki, bu da estetik kredosu ümumən vətənpərvərlik, mənəvi-tarixi dəyərlərimizin qorunması kimi prinsipləri meyara çevirmək olan jurnalı cariliyə kökləməklə bərabər, ona məfkurəvi siqlət aşılamağa imkan yaratdı.

Azərbaycan Yazıçılar Birliyinin hazırladığı “Qarabağ dastanı. Otuz ilin həsrəti – 44 günün zəfəri”, “Bütün yollar Şuşaya aparır” kitabları işıq üzü gördü. Şair Elşad Barat hər həftə “Ədəbiyyat qəzeti”ndə çap etdirdiyi Vətən müharibəsi şəhidlərinə yazdığı şeirlərini “Ölümsüzlər” kitabında toplayıb ədəbi ictimaiyyətə təqdim etdi. Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası məktəblilərin yazdığı esseləri “Ölümü fəth edənlər” kitabında toplu şəklində nəşr etdi. Müharibə zamanı döyüşlərdə olan şair Emin Pirinin canlı müşahidələrindən, real fakt və təəssüratlarından “Müharibə gündəliyi” kitabı hasilə gəldi. Rahid Uluselin “Vətən müharibəsi və ədəbiyyatda milli özünüdərk problemi”, Mərziyyə Nəcəfovanın “Poeziyamızın Qarabağ savaşı – Vətən müharibəsi” kitabları mövzuya elmi, Zemfira Məhərrəmlinin “Bədii düşüncədə Qarabağ” kitabı isə publisist yanaşmanın təzahürü olmaqla çevik və operativ münasibət meydana qoydu.

Yazıçı-jurnalist Mirmehdi Ağaoğlunun “Zəfərin izi ilə” kitabını bu sırada xüsusi qeyd etməyə ehtiyac var. Azad olunmuş ərazilərdən ilk reportajlar toplusu kimi hasilə gələn bu kitab həm yazıçı baxışı, həm də publisistikanın bədii-sənədli əsasda birləşdiyi toplu kimi qiymətli nümunədir. Problemin qaynar müasirliyi, reportajlardakı olduqca maraqlı psixoloji qat, səmimi və sənədli bədii təhkiyə tərzi, işğalçıdan təmizlənən yurd yerlərimizlə bağlı ilkin informasiya, şəhadətli ovqat, təsirli təlqin gücü Mirmehdi Ağaoğlunun kitabının səciyyəvi məziyyətidir. Bu mənada, tarixi məzmun və müharibə motivinin önə çıxdığı, tarixi, etnoqrafiq bilgilərlə zəngin olan “Zəfərin izi ilə” həm də vətəndaşlıq hünəri ilə ərsəyə gələn kitabdır.

Bu operativliyi və vətəndaşlıq missiyasını elmi-ədəbi məkana, estetik və humanitar müstəvi üzərinə də keçirib eyni dalğanı müşahidə eləmək mümkündür. Son iki ildə Azərbaycan ədəbi zehniyyəti Qarabağ amilinə daha dərindən nüfuz etmək üçün ona müxtəlif rakursdan yanaşma sərgilədi. İsa Həbibbəylinin “Vətən savaşında tarixi zəfər”, “Şuşa – böyük qayıdışın şah əsəridir” məqalələri proseslərə çevik bədii reaksiya, günün cari axarına verilən təhlilin dolğunluğu, siyasi analizin itiliyi ilə maraq doğurdu.

Belə bir siyasi-ideoloji rakursu akademik Nizami Cəfərovun “Ali Baş Komandanın əmri”, “Sözümüzün Ali Baş Komandanı” məqalələri də əks etdirdi. Azərbaycan Prezidenti İlham Əliyevin siyasi səriştə, dövləti təfəkkür və intellekt miqyasında ehtiva etdiyi gücün mahiyyəti bu məqalələrdə aydın və dürüst mövqedən şərhini tapdı, dövlət başçısının təşkilati vüsətinə və mövqeyinə real-əməli mündəricə qazandıran əsas məqamlara işıq salındı.

Siyasi-fəlsəfi publisistikasının mükəmməl örnəklərini yaradan Azər Turan “Milli mətbuat, Ayasofyada” namaz və Tovuz hadisələri”, “Burası Turan qapısı”, “Salam türkün bayrağına və yaxud dağılan erməni mifi”, “Tanrının evi – Türk Qarabağ və Bir hilal uğruna batan günəşlər”, “Erməni məkrinə qarşı yüz il diri qalan düşüncə – Əli bəy Hüseynzadə örnəyi”, “Zəfər Paradı və Nihal Atsız” məqalələrində erməni məsələsinə – bu milli-xroniki və tarixi anomaliyaya münasibəti yenidən aktuallandırdı, yaddaşın məhvi ilə planlı şəkildə məşğul olan tendensiyalara qarşı çıxaraq, torpaqla bərabər itirilən yaddaşın fəsadlarını açıqladı, daxili manqurdların, türklük düşmənlərinin ssenarisi üzrə aparılan oyunların sonuclarını analiz etdi, mədəniyyət və tarixə münasibətdə millilik problemini sağlam elmi-nəzəri əsaslarda irəli sürməyin nümunəsini sərgilədi.

Mətanət Vahidin “Qalib ölkənin vətəndaşı olmaq”, Aygün Bağırlının “Möcüzəli və saf Şuşa”, “Mənim Şuşa nağılım, mənim nağıl Şuşam” məqalələri qalibiyyət ritmi üzərində pərvəriş tapdısa, Tehran Əlişanoğlunun “Qalibiyyət və ədəbiyyatın dərsləri”, “Ədəbiyyatda Ali Baş Komandan”, “Qalibiyyət zamanı: ədəbiyyatda diskursun dəyişməsi”, “Çağdaş ədəbiyyat dastanı” məqalələri bu qalibiyyətin bədii düşüncənin təşəkkülünə təsiri üzərində düşündürdü: Qarabağ zəfəri yazıçı və şairlərin qarşısına hansı missiya qoyur – həyat-sənət münasibətləri yeni çalar və vurğular kəsb edəcəkmi, yaxud dəyişən rakurs, ən yeni reallıq modeli ilə Azərbaycan ədəbiyyatı növbəti tarixi borcunu yerinə yetirə biləcəkmi?

Cavanşir Yusiflinin “Müharibə və ədəbiyyat davası”, Rüstəm Kamalın “Müharibə savaşımız və sözümüz”, “Ali Baş Komandan, müqəddəs savaşımız və simvollarımız”, Vaqif Yusiflinin “Poeziya susmur…. Vətən əsgərdən başlayır”, Məti Osmanoğlunun “Qələbədən əvvəl və sonra”, Əsəd Cahangirin iki hissəli “Qarabağ haqqında esse”, Qəşəm Nəcəfzadənin “Müharibə ətirli şeirlər” yazılarında son otuz ilin ədəbiyyatına, bir qədər də irəli getsək son iki yüz ilin tarixi yaddaşına göstərilən münasibət öz nəzəri və metodoloji əhəmiyyəti ilə seçildi. Ədəbiyyatın verdiyi ibrət dərsi, itkilərimizə qarşı laqeydliyimiz, faciələrimizi doğuran və şərtləndirən zaman və ictimai-siyasi mühit bu məqalələrdə mənəvi və əxlaqi gerçəkliyin təhlili vasitəsinə çevrildi.

Ədəbiyyat. 2020-ci ildə pandemiya səbəbilə bir çox mədəniyyət ocaqları qapadılsa, ədəbiyyatda müəyyən süstlük müşayiət olunsa da, getdikcə ədəbiyyatın ritmi meydana qoyulan bir çox nümunələrdə duyulmağa başladı. “Təmrin” jurnalı 2020-ci ildə Rəsul Rza və Bəxtiyar Vahabzadəyə, 2021-də isə Şirməmməd Hüseynov və Nurəngiz Günə həsr olunmuş xüsusi buraxılışını təqdim etdi. Xalq yazıçısı Anarın “Yaşamaq haqqı” traktatı çap olundu, Elçinin “Ədəbi düşüncələr”i, Alpay Azərin esselər silsiləsi yenidən sənətə köklənmək, həyata baxışın ideya-fəlsəfi gücünü qorumaq baxımından faydalı oldu. Mətanət Vahidin “Ədəbi “Kəpənək effekti”, Ülvi Babasoyun “Doğumun unuduluşu”, Nargisin “Metakədər”i çağdaş esseistikanın intellektual simasını bəlirləyən kitablar kimi yadda qaldı. “Səfər Alışarlının “İkinci Respublikanın generalı”, Şərif Ağayarın “Arıların səssizliyi”, Rasim Qaracanın “Mənim həyatımı yaz”, Hədiyyə Şəfaqətin “Kələ-kötür və hamar”, Azad Qaradərəlinin “Qadağan zonası”, mərhum yazıçı Eyvaz Əlləzoğlunun “Qırıq telefon” hekayələr kitabı pandemiya və müharibə gərginliyini yaşayan ədəbi mühitdə ədəbiyyatın ruhunu qoruyan azsaylı nümunələrdən sayılmalıdır. Birinci Qarabağ müharibəsində erməni vəhşiliyindən əzab çəkən insanların dramını verən və bir qədər də uzaqgörən notlarla, yazıçı fəhmi sayəsində İkinci Qarabağ savaşına dair işarələrin yer aldığı, zamanlararası intertekstual əlaqə yaradan “Başdaşı” romanından sonra Səyyad Aran “İrəvanın yolları” əsərini yazdı. Savaş baş verdiyi dönəmdə “Ədəbiyyat qəzeti”nin səhifələrində silsilə şəkildə çap olunan roman bizi adekvat olaraq müharibə ovqatı, cəbhə xəbərləri, günün reallıqlarına köklənməyə kömək etdi. Müharibədən sonra ərəfə mətnlər də meydana çıxdı. Azad Qaradərəlinin “Cəbrayıl əfsanəsi” romanı müharibənin və real qəhrəman olan Cəbrayıl Dövlətzadənin obrazının ədəbiyyata gətirilməsi və bədii təcəssümün predmetinə çevrilməsi, müharibə hekayələrinin yer aldığı “Sevgilim Vətən” kitabının çapı isə ən ağrılı müasirliyin prozada dərkinin verilməsi baxımından ilk örnək mətnlər sayıla bilər. Belə mətnlərdən daha sonra İlqar Kamilin “Polad necə bərkidi” povestini, eləcə də Çingiz Abdullayev, Kamal Abdulla, Azad Qaradərəli, Kənan Hacı, Təranə Vahid, Alpay Azər, Mirmehdi Ağaoğlu, Cəlil Cavanşir, Həmid Piriyev, Yaşar Bünyad, Kamran Nəzirli, Xəyyam Rəfili, Əli bəy Azəri, Orxan Saffari, Orxan Həsəni, İlhamə Nasir, Günel Natiq, Murad Muradov, Sevinc Nuruqızı, Səhər Əhməd, Hüseynbala Mirələmov, Mənzər Niyarlı, Sadıq Elcanlı, Qərib Mehdi, Bahəddin Salman, Nüşabə Əsəd Məmmədli, Günel Anarqızı, Kamran Yusifzadə, İradə Aytel, Vahid Məmmədli, Azər Qaraçənlinin hekayələrinin də adını çəkmək həm də o mənada lazımdır ki, onlar müharibə dövrünün ilk təəssürat yazıları kimi ərsəyə gəliblər. Hər halda gələcək nəsil, günümüzlə bağlı yaşananları qəzet və jurnal səhifələri ilə bərabər adı çəkilən bədii mətnlərdən alacaqlar.

Ümumiyyətlə, son iki ili nəsrdə hekayə janrının yüksəlişi kimi səciyyələndirə bilərik. İndi ön ədəbi xəttə daha çox nəsrin bu kiçik janrı çıxıb desək, yanılmarıq. Məncə, bunu zəfərin gətirəcəyi yeni keyfiyyət dalğasına keçid, yenidən doğulmaqda olan gerçəkliyin epik vüsətli təsvirinə səmtlənən yolun əvvəli də saya bilərik. Ataqamın “Dişlək alma”, Sərdar Aminin “Atamın əlləri”, Samirə Əşrəfin “Saturasiya”, Tural Turanın “Anamın vəsiyyəti”, Xəyyam Rəfilinin “Görünməyən kölgələr”, Adəmin (Nizami Hüseynov) “Kitabın fleksiyası”, Sənan İsmayılovun “Parçalanma hüdudu” kimi hekayələr yeni nəsrin, yeni düşüncə tərzinin ifadəsi baxımından uğurlu nümunələr sayıla bilər. Bu hekayələr öz fəlsəfi-intellektual məzmunu və estetikası ilə dünyəvidir, gözlənilməz rakurs, fərqli düşüncə konteksti, qeyri-xətti süjetlərlə nəsrin yönünü dəyişmək, estetik məkanını genişləndirmək cəhdinə malikdir.

Adı çəkilən hekayələrlə bağlı il boyu müəyyən tənqidi yazılar yazılsa da əsasən, həcmli əsərlərə olan diqqət, maraq da istisna olmadı. “Ədəbiyyat qəzeti”ndə Anarın “Söz” ikicildliyinin, Kamal Abdullanın “Laokoon”, Əjdər Olun “Lo” əsərlərinin müzakirəsi, ötən illərdə çap olunmasına baxmayaraq, Zahid Sarıtorpağın “Quşların intiharına ağlamayın”, Şərif Ağayarın “Ağ göl”, Aqşin Yeniseyin “Tarix və tale”, Pərviz Cəbrayılın “Məryəm surəsi”, Səyyad Aranın “Başdaşı” romanları haqqında yazılmış məqalələr ədəbi prosesin canlı, dinamik gedişatına öz töhfəsini vermiş oldu.

Yəqin ki, yazıçı Natiq Məmmədlinin ötən il çapdan çıxmış “Sev” romanının prosesə yeriməsi, müzakirə və bədii təhlil predmetinə çevrilməsi 2022-ci il və daha sonrakı zamanların payına düşər. Çünki ehtiva etdiyi bəşəri məzmun, epik panoramlı təsvirlərin yer aldığı, eyni zamanda Qarabağla bağlı son hadisələrin bədiiləşdiyi və ümumi süjet xəttinə uğurla birləşdiyi bu əsər, haqqında daha geniş müstəvidə bəhs etməyə əsas verən layiqli nümunədir.

AMEA-da “Şəxsiyyətin pasportu” seriyasından Xanımana Əlibəyli, Əziz Mirəhmədov, Çingiz Aytmatov haqda kitablar çap olundu. “Dünya ədəbiyyatı”nın “Elmi baxış” adlanan yeni sayı oxucuların ixtiyarına verildi. 25-dən artıq ölkənin ədəbiyyatını təmsil edən 50-yə yaxın yazıçı haqqında məqalələrin yer aldığı bu say özündə AMEA Ədəbiyyat İnstitutunun alimlərinin dünya ədəbiyyatı ilə bağlı son dövrə aid tədqiqatlarını əks etdirir. Yeri gəlmişkən, ötən il “Yeni dəb” (Dünya Ədəbiyyatı Kitabxanası) seriyasından altı kitab çap edildi: Luici Pirandello, Luiza Qlük, Nikolae Spetaru, Tumas Tranströmer, Nizar Qəbbani, Maqsud İbrahimovun kitabları.

Sabir Əhmədlinin 90, Kamal Abdullanın 70, Sabir Rüstəmxanlının 75 illiyi ədəbi mətbuatda geniş rakursda qeyd olundu. Şairlərdən mərhum Fikrət Qoca, Nəriman Həsənzadə “İstiqlal”, Baba Vəziroğlu, Musa Urud “Şöhrət”, yazıçılardan Kamal Abdulla “Şərəf” və Səyyad Aran “Şöhrət” ordeni ilə təltif edildi. Xalq şairi Vahid Əzizə Prezidentin fərdi təqaüdü verildi.

Dünya və biz. Beynəlxalq Buker Mükafatı hollandiya yazıçısı Marika Lukas Reyneveldə, 2020-ci il ədəbiyyat üzrə Nobel mükafatı isə amerikalı şair Luiza Qlüka təqdim olundu. Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevi “Dostluq” ordeni ilə təltif etdi. Fransa Senatının sərəncamıyla 1980-ci ildə Parisdə yaradılmış Avropa Elm, İncəsənət və Ədəbiyyat Akademiyasının növbəti yubiley sessiyasında Azərbaycan yazıçısı Afaq Məsud qurumun həqiqi üzvü seçildi. Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanı, Mübariz Örənin “Sodomor”, Nadir Adilmanın “O gələcəkmi?”, Reyhan Həsənovanın “Göydən üç alma düşdü” kitabları Fransada işıq üzü gördü.

Nizami ili. 2021-ci ili bütünlükdə sənət bayramı kimi xarakterizə edə bilərik. 2021-ci il girər-girməz ölkə başçısının bizləri “Nizami ili” sevinci ilə müjdələməsi mədəni iqlimə köklənməyə gözəl bir vəsilə olmaqla bərabər, maraq dairəsində olduğumuz indiki zamanda dünyaya bir də Nizami xalqı, Nizami milləti olaraq üz tutmağımızın mesajı kimi simvolik çalar kəsb edir. Ötən il Nizami Gəncəvinin 880 illiyi ilə bağlı silsilə elmi tədbirlər keçirildi. “Ədəbiyyat qəzeti” Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və “Ulduz” jurnalı ilə birlikdə Nizami Gəncəviyə aid “Xüsusi buraxılış” hazırladı və nizamişünas alimlərin iştirakı ilə İnstitutda həmin buraxılışın təqdimat mərasimi keçirildi. “Azərbaycan” jurnalı il boyu nizamişünas alimlərlə ədəbi söhbətlər təqdim etdi. “525-ci qəzet” iki nömrəsində tam olaraq nizamişünas alim Siracəddin Hacının məqalələrini yayınladı. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Azərbaycan, eləcə də rus tədqiqatçılarının elmi araşdırmalarının toplandığı “Nizami Gəncəvi klassik və müasir tədqiqlərdə” adlı kitab işıq üzü gördü.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının məqalələri il boyu müxtəlif yerli mətbuat orqanlarında çap olunmaqla yanaşı, Nizami Gəncəviyə həsr olunmuş “Qardaş qələmlər”, “Türk ədəbiyyatı”, “İrfan”, “Üç cizgi” jurnallarında da yer aldı. “Sənətkarın elmi pasportu” seriyasından “Nizami Gəncəvi: həyatı və yaradıcılığı” monoqrafiyası çap edildi. “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının 2021-ci il üzrə II sayı Nizami Gəncəviyə həsr edilmiş xüsusi buraxılış kimi hazırlandı. Ümumilikdə “Nizami ili” ilə bağlı Humanitar Elmlər Bölməsi üzrə 45 kitab, 4 jurnal işıq işıq üzü gördü.

Ötən ilin sonunda Mədəniyyət Nazirliyinin bir qrup ədəbiyyat adamını “Nizami medalı”, AMEA Rəyasət Heyətinin Nizami ilində fərqlənən alimləri “Fəxri diplom”larla təltif etməsi başa çatmaqla olan ilə yekun vurmağla bərabər, çəkilən əməyə verilən dəyərin səciyyəviliyi baxımından əlamətdar sayılmalıdır.

Ötən il Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı, “Vaqif Poeziya günləri”, təşkil olunan Beynəlxalq Kitab Sərgi Yarmarkaları da bu baxımdan milli sabahımıza hədəflənmiş amallar sırasında qeyd olunmalıdır.

Avqustun 29-31 tarixlərində Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı çox əlamətdar hadisə sayıla bilər. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada keçirilən Vaqif Poeziya Günləri isə ədəbiyyat tariximizdə mühüm əhəmiyyət kəsb edir. Qeyd edim ki, poeziya günləri çərçivəsində müxtəlif tədbirlər keçirildi. Şeir məclisləri təşkil olundu, musiqi dinlənildi, həmçinin avqustun 31-də Şuşada ilk elmi simpozium keçirildi. “Ədəbi müstəvidə Qarabağın dünəni və bugünü” adlı simpoziumda iştirak edən ziyalılar (Nizami Cəfərov, Tehran Əlişanoğlu, Azər Turan, İlqar Fəhmi, Elnarə Akimova, Əsəd Cahangir, Adil Cəmil, Mustafa Çəmənli, Ələmdar Cabbarlı, Ramil Əhməd) ədəbiyyatımızın qarşısında duran vəzifələrdən, son 30 ildə yaradılmış ədəbi nümunələrdən, Vaqif Poeziya Günlərinin ədəbiyyat adamlarına verdiyi stimuldan və Molla Pənah Vaqifin bənzərsiz yaradıcılığından bəhs etdilər. Qoyulan məsələlərdən biri Vaqif yaradıcılığını yeni düşüncə kontekstindən elmi-nəzəri analizin predmetinə çevirmək oldu.

Əlbəttə, Vaqif elə bir parlaq ədəbi istedada malik sənətkardır ki, özü ilə bağlı ədəbiyyatşünaslıqda fərqli və modern sənət prinsipləri kontekstində araşdırmalara imkan verəcəkdir. Bu sırada, Vaqiflə bağlı meydanda olan son uğurlu faktları – akademik İsa Həbibbəylinin “Molla Pənah olan Vaqif” monoqrafiyasını və “Ədəbiyyat qəzeti”ndə çap olunan dörd yazını qeyd etmək istərdim: Cavanşir Yusiflinin “Formanın müqəddəs sirri” silsiləsindən Vaqif haqqında yazdığı II məqaləni, Azər Turanın “Poeziyada “Görmədim” müxəmməsi ilə başlayan estetik qürub, yaxud Vaqif ömrünün və türbəsinin faciəli aqibəti”, Tahirə Məmmədin “Şuşa ədəbi məclisləri: funksiya və missiyası” və Səadət Şıxıyevanın “Nisgilli könüllərin tərcümanı Şuşa Qarabağ şairlərinin şeirləri əsasında” məqalələrini. Vaqif yaradıcılığı ilə bağlı gələcək tədqiqatçılara geniş müstəvilərə adlamağa impuls verən mətnlər kimi bu kitab və məqalələrin xüsusi yeri var.

Bakı Kitab Sərgisi. Ölkə başçısının “Nizami ili” ilə bağlı verdiyi qərar ölkədə əsl kitab bayramına çevrildi. Oktyabrın 1-10 tarixlərində Bakı Əl Oyunları Sarayında I Milli Kitab Sərgisi, oktyabrın 6-10 tarixlərində isə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası baş tutdu. Daha sonra Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyi yanında İctimai Şura, “Əli və Nino” mağazalar şəbəkəsi və “Qanun” Nəşrlər Evinin təşkilatçılığı ilə dekabrın 15-də yenidən Yeni il Milli Kitab Sərgisi təşkil olundu.

Belə uğurlu ilklər sırasına “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin təşkilatçılığı (ANİB-2021) keçirilən kitab sərgilərini də qeyd etməyə ehtiyac var. 30-31 oktyabr tarixlərində Sumqayıtda “I Sumqayıt Kitab Sərgisi”nin, noyabrın 26-dan 28-dək isə Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin (ANİB) təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə İctimai İştirakçılıq Məclisinin dəstəyi ilə I Gəncə Kitab Sərgisinin təqdimatları böyük ədəbiyyat bayramı, kitab ehtişamı kimi yaşandı. Bakıdan başlayan bu tədbirlərin digər şəhərlərdə davam tapması etiraf edək ki, xüsusən, pandemiya gərginliyi ilə yaşadığımız indiki vaxtda bütünlükdə ruhu və ovqat çaları, ədəbi-mədəni sferası, elm və ədəbiyyatın təbliği baxımından böyük missiya daşıyısıcıdır deyə bilərik.

Müsabiqələr. Müsabiqələrin ədəbi prosesdə oynadığı rol danılmazdır. Ədəbiyyatı yeni auditoriyalara çıxarır, ədəbiyyatı özünəqapanma xəstəliyindən xilas edir, yeni imzalar qazandırır, təzə-tər mətnlərlə tanışlığa imkan yaradır. Eyni zamanda, predmet kimi seçilən janrın hərəkət dinamikasının mənzərəsini görükdürür. Müsabiqələrin digər cəhətlərindən biri də budur ki, yaxşı mənada, rəqabət yaradır və bu rəqabətdən ən yaxşı mətnlər qalib çıxır, yaxud çıxmalıdır.

Ötən iki ildə baş tutan ədəbi müsabiqələrdən ikisinin mövzusu elə dövrün özünün iki əsas faktını çevrələmiş oldu. Hər iki müsabiqə Mədəniyyət Nazirliyi tərəfindən gerçəkləşdi. 2020-ci ildə koronavirusla bağlı təşkil etdiyi hekayə müsabiqəsinin qalibləri ədəbi mühitdə kifayət qədər istedadlı imza sayılan Cavi Dan və Sevinc Elsevər oldu. 2021-ci ildə baş tutan ikinci müsabiqə isə vətənpərvərlik mövzusunda ən yaxşı şeir, hekayə və esselərin dəyərləndirilməsi ilə yadda qaldı.

“Kulis.az” saytının ötən ilin sonunda gerçəkləşdirdiyi hekayə müsabiqəsini isə ilin ədəbi prosesinə vurulan uğurlu yekun, ədəbi hadisə adlandıra bilərik. Bu müsabiqə oxucularına 209 hekayə təqdim edərək ilk növbədə, hekayə janrının hərəkətliliyində xüsusi rol oynadı, çağdaş dövr hekayə janrının hansı mövzu, fikir və ideya kontekstində gəlişdiyini göstərdi. Müsabiqədə Fəridə (I yer), Sənan İsmayılov (II yer), Bircə (III yer) və Nihad Pir (müsabiqənin xüsusi mükafatı) qalib seçildilər. Bir mühüm məqamı qeyd edim. O müsabiqə cəmiyyətin və ədəbiyyatın xeyrinə işləyir ki, orda şəffaflıq qorunur, imzalar, adlar deyil, ədəbiyyatın uğuru üzərində qərar tapmağa çalışılır. Bu baxımdan seçilən dörd münsifə (Elnarə Akimova, Əsəd Cahangir, Fəxri Uğurlu və Maral Yaqubova) təqdim olunan hekayələrdə adların gizli saxlanması mətnlərə verilən qiymətdə obyektivliyin maksimum qorunmasına nail olmaq baxımından çox önəmli hal sayılmalıdır.

Yeri gəlmişkən, “Kulis.az” saytının hər həftə bir yeni hekayə təqdim etməsi, eyni zamanda onu tanınmış qələm adamlarının iştirakı ilə müzakirəyə çıxarması janrın hərəkətliliyinin, mənzərə bütövlüyünün təmin olunmasında mütərəqqi addımlardandır.

***

Son iki ilin ədəbi mənzərəsi əsasən, bu hadisə və çalarlarla xarakterik oldu. Biz tarixi proseslərin axarını, milli aqibətimizi dəyişən bir Vətən müharibəsinin, Qarabağ savaşının içindən keçdik. Ədəbiyyatımıza bu mənada, bir çox yeni tip və obrazların gələcəyi, özləri ilə bərabər yeni süjet, mühit, dil xüsusiyyətləri və nəhayət, mədəniyyət gətirəcəyi şübhəsizdir. Bu mədəniyyəti gətirənlər, həm də növbəti dəyişən relyefdə yerini tapanlar olacaq.

Share: