Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycana rəsmi səfərə gələn Çex Respublikası Parlamenti Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -ya verilən xəbərə görə, Sahibə Qafarova deyib ki, bəzi dövlətlər və bəzi beynəlxalq təşkilatlar, xüsusən, AŞPA işğal dövründə 750 000 keçmiş məcburi köçkünümüzün hüquqlarının bərpa edilməsi ilə bağlı danışmayıb, bu gün isə Ermənistandan olan 250 000 azərbaycanlı qaçqının hüquqlarından danışmaqdan imtina edirlər.
Marketa Pekarova Adamova isə diqqətə çatdırıb ki, ölkəsinin parlamentariləri AŞPA-da Azərbaycanla bağlı sözügedən məsələnin müzakirəsində iştirak etməyib və lehinə səs verməyib.
Spiker Sahibə Qafarova Azərbaycan torpaqlarının 30 il işğal altında saxlanılmasını Ermənistan tarixinin qara səhifələrindən biri adlandırıb. O, bildirib ki, Azərbaycan özü beynəlxalq təşkilatların, həmçinin BMT TŞ-nin 4 məlum qətnaməsinin tələblərini yerinə yetirərək torpaqlarını işğaldan azad edib. Görüşdə Sahibə Qafarova Fransanın Azərbaycana qarşı davranışlarını kəskin tənqid edərək, diqqətə çatdırıb ki, Fransa Cənubi Qafqazda sülhün əldə olunmasını istəmir, Ermənistanı silahla təmin edir. Bu, sülhə xidmət etməyən və yeni münaqişəni alovlandırmaq niyyətində olan yanaşmadır.
Spiker bir daha vurğulayıb ki, danışıqlar masası arxasında heç kim və heç bir dövlət Azərbaycana təzyiq göstərə bilməz. Məhz Azərbaycan sülh təşəbbüslərini irəli sürüb və sülh danışıqlarını davam etdirməkdə maraqlıdır. Milli Məclisin sədri Azərbaycanın bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşdığını, özünün də ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşılmasını tələb etdiyini bildirib. Bununla belə o, diqqətə çatdırıb ki, Ermənistanın Konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddiaları əksini tapır.
Marketa Pekarova Adamova bildirib ki, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu şübhə doğurmur və Çex Respublikası hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Çexiya bu gün Cənubi Qafqaz regionuna davamlı sülhün və əmin-amanlığın gəlməsi üçün Azərbaycan və Ermənistan arasında dialoqun davam etdirilməsinə dəstəyini ifadə etməkdən məmnunluq duyur.
Spiker Marketa Pekarova Adamova, ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) bu il ev sahibliyi etməsi münasibəti ilə təbriklərini çatdırıb, ölkəsinin bu tədbirdə yüksək səviyyədə təmsil olunacağını bildirib.
Görüşdə həmçinin Azərbaycanın enerji sahəsində hər zaman etibarlı tərəfdaş olması qeyd edilərək, Çexiyanın da neft məhsullarına tələbatının təxminən 30 faizinin Azərbaycan nefti hesabına ödənildiyi diqqətə çatdırılıb. Bildirilib ki, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi həm də insanlar arasında əlaqələrin genişləndirilməsi üçün mühüm vasitədir. Bu mənada təhsil, elm, mədəniyyət sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi, mədəni tədbirlərin qarşılıqlı əsasda keçirilməsi də mühüm əhəmiyyət kəsb edir.
Görüşdə dövlətlərarası və parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
saat 21.42
Danışıqlar masası arxasında heç kim və heç bir dövlət Azərbaycana təzyiq göstərə bilməz.
xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Çex Respublikası Parlamenti Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib.
O xatırladıb ki, məhz Azərbaycan sülh təşəbbüslərini irəli sürüb və sülh danışıqlarını davam etdirməkdə maraqlıdır. Spiker Sahibə Qafarova deyib ki, Azərbaycan sülh istəyir və sülh sazişinin tezliklə imzalanacağına ümid edir.
Münaqişədən sonra işğaldan azad edilmiş torpaqlarda Azərbaycan hökumətinin başlatdığı irimiqyaslı bərpa-quruculuq işləri barədə danışan Milli Məclisin sədri, deyib ki, bu gün Azərbaycan böyük investisiyalar hesabına işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparır. Keçmiş məcburi köçkünlər artıq öz evlərinə qayıtmağa başlayıblar. Bu, Azərbaycanın yeni müharibədə maraqlı olmadığının sübutudur. O, Azərbaycan xalqının sülh istədiyini bildirib, ölkəmizin bu regionda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində göstərdiyi səylərini qeyd edib.