Bir vaxtlar doğma Cəlilabad rayonunda güləş üzrə tanınmış və görkəmli məşqçi-müəllim, SSRİ İdman ustası və Azərbaycan Respublikasının Əməkdar məşqçisi Ərəbxan Hətəmov tərəfindən Cəlilabad Güləş Məktəbinin təməli qoyulsa da, bu Məktəb təxminən 50 illik ömründə güləş idman növü üzrə çoxsaylı idmançılar, pəhlivanlar və çempionlar yetişdirdi.
Məktəbin 50 illik tarixində müxtəlif yüksəliş və tənəzzül, uğur və uğursuzluqlar olmuşdur. Lakin hər şeyə rəğmən bu məktəbin yetirmələri rayon, ölkə daxili və ölkə xaricində öz faydalarını təqdim etməkdə, Cəlilabad Güləş Məktəbinin adını zirvələrdə yaşatmaqda davam etdirir.
Heç şübhəsiz Cəlilabad Güləş Məktəbinin parlaq simaları, bacarıqlı yetirmələri və çempionlarından biri də, sərbəst güləş üzrə Azərbaycan və dünya çempionu, İdman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi və Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən “Uşaq, Gənclər İdman Məktəbi” (UGİM)-nin müəllimi Ceyhun Ağamalıyevdir. Ceyhun müəllim bu gün sözün həqiqi mənasında Ərəbxan müəllimin memarı olduğu Cəlilabad Güləş Məktəbinin ən parlaq yetirməsi və öndə gedən məşqçi-müəllimi, həmçinin, Ərəbxan müəllimin şəxsən ümid bəslədiyi ləyaqətli davamçısıdır.
Bu gün Cəlilabad şəhər Füzuli küçəsində fəaliyyət göstərən “Oba Market”in II mərtəbəsində onun rəhbərlik və idarə etdiyi güləş zalı mövcuddur. Gənc idmançılar və yetirmələri arasında daha çox “Ceyhun Ağamalıyev Məktəbi” kimi tanınan və məşhur olan bu güləş zalı idmanın Sərbəst, Sumo, Kəmər və Milli güləş növləri üzrə ən prespektiv və səmərəli fəaliyyəti ilə göz önündədir.
“Ceyhun Ağamalıyev Məktəbi” Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Uşaq Gənclər İdman Məktəbi” (UGİM)-nin tabeliyində olsa da, əslində onun aylıq icarə haqqı və digər komunal xərcləri bir-başa Ceyhun müəllimin şəxsi vəsaiti hesabına həyata keçir.
Burada doğma yurdumuzun 150-ə yaxın uşaq, yeniyetmə və gəncləri həftə ərzində 6 gün (I-VI günlər) səhər saat 08.30-dan gecə saat 19.00-a qədər günün müxtəlif saatlarında güləşin Sərbəst, Sumo, Kəmər və Milli güləş növləri ilə məşğul olur, idmanın güləş növünün sirləri və texnikasına yiyələnirlər.
Zalda işıqlandırma sistemi, yeni güləş döşəkləri, təmiz havalandırma və istilik sistemi, bəzi məşq avadanlıqları, həmçinin, sanitar qovşaq və hamam-duş kabinləri mövcuddur. Burada Ceyhun müəllimdən əlavə, onun çempion övladları, məşqçi-müəllimlər Xəyal və Röyal Ağamalıyev qardaşları da, tədris prosesində yaxından iştirak edir, ataları Ceyhun müəllimə yardım edirlər. Həmçinin, Ceyhun müəllimin yetirmələrindən sayılan Ramal Qəniyev və Fərid İsmayılov da, məşq və tədris prosesində yaxından iştirak edirlər.
Aydın məsələdir ki, burada müasir və gələcək çempionlarımız yetişməklə yanaşı həm də, uşaq, yeniyetmə və gənclərimizin asudə vaxtları ən gözəl tərzdə keçir və beləliklə də, onlar pis vərdişlərdən qorunurlar.
“Ceyhun Ağamalıyev Məktəbi”nin yetirmələri ilə qısaca tanışlıq bu məktəbin Cəlilabad rayonunda malik olduğu əhəmiyyəti və eləcə də, onun yüksək nailiyyətlər əldə etmiş bir mərkəz olmasını öyrənmək üçün kafidir. Bununla bağlı indiyədək həmin məktəbin yetirməsi olmuş aşağıdakı çempionlar və onların əldə etdikləri nəticələri göstərmək olar:
1. Şəhriyar Salmanlı (Azərbaycan birinciliyinin qalibi, Avropada gənclər arasında keçirilmiş birinciliyin iştirakçısı, Azərbaycan Respublikasının İdman ustası və Milli güləş üzrə kişilər arasında dünya çempionu);
2. Xəyyam Abdullayev (Yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyinin qalibi, Azərbaycan Respublikasının İdman ustası, Sumo və Kəmər güləş növləri üzrə dəfələrlə Avropa çempionu, Dünya çempionatının mükafatçısı, hal-hazırda Sumo və Kəmər güləş növləri üzrə Azərbaycan Yığma Komandasının baş məşqçisi və 2023-cü il üzrə “İlin ən yaxşı müəllimi” nominasiyasının qalibi);
3. Xəyal Ağamalıyev (ali təhsilli, Cəlilabad Rayon “UGİŞM”nin məşqçi-müəllimi. Xəyal müəllim Cəlilabad “UGİŞM”də müəllim-məşqçi vəzifəsində çalışdığı iki il ərzində onun yetirmələrindən 5 nəfəri Azərbaycan birinciliyində gümüş və bürünc mükafatçısı olmuş, bir yetirməsi isə beynəlxalq turnirdə II yerə çıxaraq gümüş medal qazanmışdır);
4. Röyal Ağamalıyev (Azərbaycan çempionu, Azərbaycan Respublikasının İdman ustası, Avropa kubokunun qalibi və Dünya çempionatının gümüş mükafatçısı);
5. Sadiq Ağamalıyev (yeniyetmə və gənclər arasında keçirilmiş Azərbaycan birinciliyinin mükafatçısı (II və III yerlər), Sumo və Kəmər güləş növləri üzrə dəfələrlə Avropa çempionatının qalibi, Dünya birinciliyinin mükafatçısı, Azərbaycan Respublikasının İdman ustası və polis mayoru);
6. Fərid İsmayılov (yeniyetmə və gənclər arasında keçirilmiş Azərbaycan beynəlxalq turnirin qalibi, Avropa birinciliyinin iştirakçısı, Milli güləş üzrə dünya birinciliyinin bürünc mükafatçısı);
7. Sadiq Əliyev (Məktəblilər arasında keçirilmiş respublika birinciliyinin qalibi (I yer), Sumo güləş üzrə gənclər arasında keçirilmiş Avropa çempionatının gümüş mükafatçısı);
8. Emin Sadıqov (Ceyhun müəllimin ümidverici yetirmələrindən biri olmaqla yanaşı həm də, Cəlilabad Rayon UGİM-nin məşqçi-müəllimlərindən biridir).
9. Hüseyn Rzazadə (2024-cü ildə Rusiya Federasiyasının Yakutks şəhərində sərbəst güləş üzrə uşaqlar arasında keçirilən yarışda II yerə çıxmışdır) və s.
Məlumat üçün bunu da, qeyd etmək lazımdır ki, Sərbəst güləş üzrə Azərbaycan və dünya çempionu, İdman ustası və Azərbaycan Respublikasının Əməkdar məşqçisi Ceyhun müəllimin rəhbərlik etdiyi “Ceyhun Ağamalıyev Məktəbi”nin Cəlilabad rayonundan əlavə digər rayonlardan da, bir sıra yetirmələri vardır. Həmin yetirmələr Cəlilabada gəlib, həmin məktəbdə güləş dərslərində yaxından iştirak edərək təcrübə toplamış, ardınca isə Avropa və Dünya çempionatlarının qalibi olmuşlar. Buna misal olaraq Rahid Həmidli (Masallı), Ramiq Heybətov (Astara), Sərdar Carçıyev (Qazax) və başqalarını göstərmək olar.
Bu gün “Ceyhun Ağamalıyev Məktəbi” Cəlilabad rayonunda idmanın güləş üzrə müxtəlif növlərini peşəkarlıqla tədris edən elit idman mərkəzi sayılır. Məktəbin yetirmələri onun rəhbəri kimi idmançı və pəhlivanlıqla yanaşı həm də, həyatda yüksək tərbiyə və etika xüsusiyyətləri ilə tanınırlar. Onların əldə etdikləri yüksək nəticə və uğurlar bu gün Cəlilabad Güləş Məktəbinin aktiv və uğurlu bir məktəb olduğunun, eləcə də, Ərəbxən Hətəmov, Telman Quliyev və İlham Məmmədov kimi veteran güləş müəllimlərimizin bu yolda çəkdiklərı zəhmətlərinin hədərə getmədiyinin göstəricisidir. Bu gedişlə isə Məktəbin gələcəyi daha parlaq və daha uğurlu olacaqdır…
İlqar İsmayılzadə
(fəlsəfə üzrə fəlsəfə doktoru,
“Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru,
“Qızıl Qələm” Media Mükafatı laureatı və Azərbaycan Jurnalistlər Birliyinin üzvü)