Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər ikitərəfli və regional gündəlikdə duran məsələlər, eləcə də post-münaqişə dövründə bölgədə vəziyyət üzrə fikir mübadiləsi aparıblar.
Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri arasında keçirilmiş son görüşdən irəli gələn məsələlər müzakirə edilib, ümumilikdə son aylarda yüksək səviyyədə keçirilmiş görüşlərin və qurumlararası təmasların münasibətlərin inkişafı istiqamətinə verdiyi töhfə yüksək qiymətləndirilib.
Xüsusilə, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ölkəmizdə iyul ayının əvvəli keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər İclasında iştirak məqsədilə ölkəmizə səfəri çərçivəsində, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayıb.
Telefon danışığı zamanı, iqtisadiyyat və nəqliyyat sahəsində əldə edilmiş ikitərəfli və regional razılıqların icrasının vacib olduğu bildirilib.
Ceyhun Bayramov Azərbaycanın post-münaqişə dövründə atdığı addımlardan bəhs edib. Bununla yanaşı, son zamanlar Laçın yolu ətrafında və bölgədə humanitar vəziyyət ilə bağlı yayılan iddiaların siyasi manipulyasiyadan başqa bir şey olmadığı diqqətə çatdırılıb. Ermənistan tərəfinin bölgədə təxribatlara son qoymasının, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə sözdə və əməldə hörmət etməsinin zəruri olduğu vurğulanıb.
İslam həmrəyliyi məsələsinə toxunan nazir Ceyhun Bayramov həmçinin son zamanlar bəzi Skandinaviya ölkələrində Qurani-Kərimə qarşı baş verən nalayiq hərəkətlərin Azərbaycan tərəfindən qətiyyətlə pisləndiyini, bu kimi İslam dinini hədəfləyən addımlardan çəkinmənin vacib olduğunu diqqətə çatdırıb.
Azərbaycanla İran arasında ikitərəfli gündəlikdə duran bəzi açıq məsələlərin həll edilməsinin vacib olduğu bildirilib.