Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
“Qafqazinfo” xəbər verir ki, bu haqda XİN məlumat yayıb.
Telefon danışığı zamanı bölgədə baş vermiş toqquşmalar və gərginlik müzakirə edilib.
Nazir Ceyhun Bayramov bölgədə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatları nəticəsində yaranmış son vəziyyət, habelə təcavüzün qarşısının alınması məqsədilə Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib. Ermənistanın son ay ərzində mütəmadi olaraq mövqelərimizi atəşə tutması, ərazilərimizin minalanması işini davam etdirməsi, üçtərəfli bəyanatlara zidd olaraq erməni silahlı birləşmələrini ərazilərimizdən tam olaraq çıxarmadığı vurğulanıb.
Sergey Lavrov bölgədə qarşıdurmaya yol verilməməsinin zəruri olduğunu, habelə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatların tam şəkildə icrasının əhəmiyyətini diqqətə çatdırıb.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.