Fransanın “Charlie Hebdo” jurnalının “Türkiyədə zəlzələ. Tank göndərməyə ehtiyac yoxdur” ifadəsi ilə müşayiət olunan karikaturası bir çox ölkədə, o cümlədən Fransanın özündə hiddət doğurub.
Əlcəzair əsilli fransız jurnalist Xalid Sid Mohand və Mərakeş əsilli fransız alimi Yannis Mahil “Anadolu”ya müsahibəsində “Charlie Hebdo”nun qalmaqallı nəşrini “faşist yumorunun” təzahürü adlandırıblar.
Mohandın sözlərinə görə, təşəbbüsün məqsədlərindən asılı olmayaraq, minlərlə insanın həyatına son qoyan və Türkiyənin 10 vilayətini əhatə edən faciənin karikaturası son dərəcə radikal və faşist dünyagörüşünün təzahürüdür. “Müsəlmanlar son 25 ildə həftəlik “Charlie Hebdo” üçün “yaralı mövzu” olub”, – jurnalist bildirib.
Eyni zamanda Mohand qeyd edib ki, jurnal həmişə ultra-radikal materialları ilə “məşhur” olub.
“İllərdir ki, jurnal dünyəvilik ideyaları adı altında müsəlmanlara qarşı sərt mövqe nümayiş etdirir. Təbii ki, onun tərəfdarları sizə deyəcəklər ki, “Charlie Hebdo” xüsusi olaraq müsəlmanları hədəf almır. Bu doğrudur. Qaraçılar, afroamerikalılar, qaçqınlar, əlillər və qadınlar bütün dünyada da hədəfə alınır”, – jurnalist bildirib.
Mohand xatırladıb ki, Fransanın həftəlik satirik “Charlie Hebdo” jurnalı 1969-cu ildə Parisdə təsis edilib.
“Charlie Hebdo 1930-cu illərdə baş qaldırmış fransız ksenofobiya ənənəsinin mirasıdır. Həmin illərdə yəhudi icmaları hədəfə alınıb. İslamofobiya antisemitizmin başqa bir versiyasından başqa bir şey deyil, lakin bu gün müsəlmanlara nifrətdən kənara çıxır.
“Bu, “Charlie Hebdo”nun ifrat sağçı və irqçi bir jurnal olduğunu bi daha təsdiqləyir”, – Mohand bildirib.
Bununla yanaşı, jurnalist Fransa qanunvericiliyinin hakimiyyətin çap mediasının fəaliyyətinə müdaxiləsini qadağan edən tələblərinə diqqət çəkib.
“Fransa hökuməti mediaya senzura tətbiq edə bilməz. O, media strukturlarına təzyiq göstərə bilər, lakin onun heç olmasa rəsmi olaraq məqalənin və ya karikaturanın geri götürülməsini istəməyə haqqı yoxdur”, – jurnalist bildirib.
Eyni zamanda Mohand qeyd edib ki, bu vəziyyətdən istisna ötən ilin avqustunda baş verib.
“Gündəlik “Le Monde” qəzetinin redaktorlarına Makronun Fransa-Əlcəzair münasibətləri ilə bağlı bəyanatını tənqid edən məqaləni geri götürmək barədə dəqiq göstəriş verilib. Üç il ərzində ölkədə 800-ə yaxın müsəlman təşkilatı və dərnəyinin fəaliyyətinə qadağa qoyan Fransa hakimiyyəti soruşulacaq: Niyə “Charlie Hebdo”ya söz azadlığı bəhanəsi ilə nifrət nümayiş etdirməyə icazə verilir? Bağlanan təşkilatların heç birinin terrorla əlaqəsi yox idi, onlar etdiklərinə görə deyil, nə dediklərinə və kim olduqlarına görə bağlanıblar”, – jurnalist hiddətlənib.
Öz növbəsində Mərakeş əsilli alim Yannis Mahil bildirib ki, fanatizm və sarkazm, müəyyən həddə çatanda yumor nifrətə çevrilir.
“Charlie Hebdo”nun hədəfi əsasən müsəlmanlar, miqrantlar, Afrika və Asiyadan olan insanlardır. Jurnal kimi hədəf alacağını, nifrət təzahürlərini “söz azadlığı” və “yumor” anlayışları ilə necə ört-basdır edəcəyini yaxşı bilir”, – alim qeyd edib.
Mənbə: Anadolu