“Yazarlar yaxşı bilirlər ki, ən çətin işlərdən biri yazdıqları əsərə ad seçməkdir. Əsərin adı onun nəinki onurğasını, hətta bütün qol-budaqlarını ifadə etməlidir ki, uğurlu bir ad olsun. Mənim ən çox sevdiyim sözlərdən biri də cığırdır. Fiziki varlığı və görünüşü etibarı ilə kiçik görünsə də, mahiyyəti etibarı ilə çox möhtəşəm bir sözdür.
Görkəmli nasirimiz, çağdaş türk ədəbiyyatının ünlü imzası Yunus Oğuzun “Cığır” romanının sədasını alarkən məni ilk sevindirən romanın adı oldu. Mütləq şəkildə oxumalıyam deyə düşündüm və kitabı əldə edib, böyük həvəslə oxudum. Bu cığır məhz mənim xəyallarımda canlandırdığım, düşüncələrimə hakim kəsilən bir cığır idi. Düşündüm ki, nə yaxşı Yunus bəy əsərinə başqa bir ad qoymayıb. Elə “Cığır” gözəldi. Bundan başqa heç bir ad o romanın mahiyyətini bunca əhatəli ifadə edə bilməzdi.” Bu sözləri Olaylar.az-a AYB Poeziya seksiyasının rəhbəri, Ə.Kərim adına Sumqayıt şəhər Poeziya evinin direktoru İbrahim İlyaslı Yunus Oğuzun “Cığır” tarixi romanının Dövlət mükafatına layiq görülməsi üçün Azərbaycan Atatürk Mərkəzi tərəfindən namizədliyinin irəli sürülməsinə münasibət bildirərkən deyib:
“Adının məcazi mənası ilə həqiqi mənası bir-birini çox gözəl tamamlayan “Cığır” romanı həm ulu keçmişimizin, həm də günümüzün azadlıq, qurtuluş, hürriyət cığırını gözlərimiz önündə bütün çalarları ilə canlandırdığından, həm də dastan misallı bir əsərdir deyə düşünürəm. Elə romanın dili, yazıçının təhkiyyəsi də bunu deməyə əsas verir. Əsərin müəllifi tutduğu cığırla oxucunu onunla söhbət edə-edə hədəfində olan bəlli məkana aparıb çıxarır. Sanki, əsər oxumursan, bir ozanın söylədiyi dastanı dinləyirsən. İndilərdə – hamının fərqli manevrlər edərək, yeni quruluşlu əsər yaratmaq iddiasında olduğu bir zamanda bu cür əsər yazmaq ədəbi qəhrəmanlıqdır. Millətin taleyindən – müqəddəs ŞUŞAmıza, kutlu zəfərimizə aparan cığırdan bəhs edən əsər məhz bu cür yazılmalıdır. Necə ki, yazılıb da.
Romanı oxuduqca cümlələrin arxasında müəllifin ürək döyüntülərini eşidirsən, Vətən torpağının ətrini duyursan, törəsinə bağlı türk insanının məmləkət məfkurəsini hiss edirsən. Belə bir əsər araya, ərsəyə gətirmək üçün yazıçının özünün qədim miflərimizdə olan ulu qatdan gəlməsi mütləqdir. Yunus Oğuzla olan söhbətlərimizdən dolayı, onun keçmişinə, duyğu və düşüncələrinə yaxşı bələdəm. Tariximizin qaranlıq qalan səhifələrinə olan sonsuz ilgisi, bu səhifələrə işıq salmaq sevdası onun içində daim təlatümdədir. Buna görə də davamlı olaraq tarixi mövzulara müraciət edir və hər dəfə də oxucunun qarşısına seviləcək bir əsərlə çıxır.
“Cığır”ı oxuduqdan sonra ilk arzum bu romanın Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evində müzakirəsinin, təqdimatının keçirilməsi oldu. Yunus Oğuz təklifimi məmnuniyyətlə qəbul etdi və sumqayıtlı oxucuların iştirakı ilə bu tədbir keçirildi. Son zamanlar bu cür qaynar ədəbi görüşlərin keçirildiyinin şahidi olmamışdım. Öz çıxışlarında əsəri incələyənlər, müəllifi sorğu-suala tutanlar, onun başqa tarixi romanlarından bəhs edənlər tədbir yekunlaşandan sonra da Poeziya Evini tərk etmək istəmirdilər. Görüşün bu cür yekunlaşması, əlbəttə, məni də çox sevindirdi. Bu, “indilərdə kitab oxunmur…” deyənlərə layiqli bir cavab mesajı idi.”
“Cığır” romanı ilə bağlı sıravi oxucudan tutmuş görkəmli ədəbi tənqidçilərimizə qədər hər kəs öz sözünü deyib və mətbuat bunları işıqlandırıb. Odur ki, qalan təfərrüatları detallı şəkildə yazmağıma ehtiyac görmürəm.
Bir kəlmə ilə – möhtəşəmdir, deyirəm və görkəmli nasirimizə yeni uğurlar və başarılar diləyirəm.