“Mən cinayət və cəza problemləri ilə bağlı həqiqəti tapacağıma tam əmin deyildim, çünki bu sahədə elmi mübahisələr, əvvəlki kimi səngimək bilmir. Mən yalnız öz düşüncələrimi yeni arqumentlərlə yoxlamağa cəhd etməyi qarşıma qoydum.”
İ. M. Rəhimov “Cinayət və cəzanın fəlsəfəsi”
İnsan niyə cinayət törədir? Cinayətin qarşılığı cəza olmalıdırmı? Cinayətkarlıq bir akt kimi hüquq elminin predmetidirsə, onun sosial, psixoloji, fəlsəfi mahiyyəti nədədir? Ümumiyyətlə, cinayətkar gen mövcuddurmu?
Tarixin bütün dövrlərində insanlar bu suallar üzərində baş sındırıb və ortaya olduqca müxtəlif, əksər hallarda biri-birinə zidd yanaşmalar çıxıb.
İbtidai icma quruluşunun dağılması ilə ilkin dövlət qurumlarının meydana gəlməsini şərtləndirən tarixi təkamül, eyni zamanda, ilk ibtidai hüquq sisteminin təşəkkül tapmasına şərait yaratdı. Doğrudur, dövlət meydana gəlməzdən öncə də hər bir sosial qrupun (qəbilə, tayfa və s.) primitiv hüquqi təsəvvürləri, özünəməxsus cinayət və cəza anlayışı, ibtidai məhkəmə sistemi var idi. Bu ibtidai struktur adından da göründüyü kimi qəbilə-icma qanunlarına əsaslanırdı.
Səmavi adlandırılan dinlərin meydana gəlməsi ilə dini hüquq (xristianlıqda kilsə hüququ, islamda fiqh) anlayışı meydana gəldi ki, sonralar bu, orta əsrlər Avropasında kilsənin, müsəlman şərqində isə islamın ictimai və hüquqi-siyasi rolunu möhkəmləndirdi. Yazının əvvəlində qoyduğumuz suallara qayıdaq. Onların konkret cavabları varmı? Bəzilərinin hə, bəzilərinin isə yox. Çünki cinayət və cəza anlayışları məzmunca nə qədər konkretdirlərsə, mahiyyətcə bir o qədər subyektivdirlər. Ona görə də bu suallara yanaşmalar da müxtəlifdir. Məsələn, edam cəzasının ədalətli olub-olmaması barədə yüzlərlə fərqli mülahizələr söyləmək mümkündür.
Cinayət və cəza, bilavasitə, hüquq elminin predmeti olsa da, bu anlayışlar özündə insan mənəviyyatını, həyatını, psixikasını əks etdirdiyi üçün bir çox humanitar elmlərin tədqiqat obyekti kimi çıxış edə bilir. Fəlsəfə və ondan törəyən bütün elm sahələri: tarix, sosiologiya, psixologiya, etika, estetika, hətta filologiyanın özü belə cinayəti və cəzanı ümumbəşəri problem kimi tədqiq edir.
Mən 2012-cu illərdə BDU-nun Sosial Elmlər və Psixologiya fakültəsində, Fəlsəfə ixtisası üzrə təhsil almışam. Təəssüflər olsun ki, o vaxtlar bizim tədris proqramımıza sosial elmlərin sərhədləri daxilində olan cinayətkarlıq və cəza barədə bir bənd belə daxil edilməmiş, hətta fəlsəfə ixtisasında oxuyan tələbələrə hüquq fəlsəfəsi keçilməmişdi.
Fəlsəfə nəhəngi Hegelin mürəkkəb dil, terminologiya və struktur qatları ilə sırf hüquq, fəlsəfə sahəsində ixtisaslaşmış oxuculara hesablanan “Hüquq fəlsəfəsi” əsəri bu sahənin ana bazisi sayılır. Lakin “Hüquq fəlsəfəsi” bu sahəyə yenicə girişən öyrəncilər, o cümlədən həvəskar oxucu kütləsi üçün kifayət qədər ağır əsərdir. Bu səbəbdən hüquq fəlsəfəsi ilə tanışlığa sadə, anlaşıqlı dillə yazılmış, müxtəlif nəzəriyyələrin qarşılıqlı təhlillərinə əsaslanan, bəzən də oxucunun özünü müzakirəyə cəlb edən hüququ da, fəlsəfəni də mükəmməl bilən müəllifin əsəri ilə başlamaq arzuediləndir.
Hüquq Elmləri üzrə Fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar Hüquqşünası, professor İlham Rəhimovun “Cinayət və cəzanın fəlsəfəsi” kitabı bu baxımdan olduqca üstün cəhətlərə malikdir.
İ.Rəhimovun “Cinayət və cəzanın fəlsəfəsi” əsəri yuxarıda qoyduğumuz suallar da daxil olmaqla dövlət və cəmiyyət həyatının onurğa sütunu olan hüquq sisteminin daxilinə sığmayan, digər ictimai, mənəvi sahələrə də yansıyan cinayətkarlıq və cəza məfhumlarına ənənəvi və modern yanaşmalar sərgiləyir. Müəllif bu əsərində qədim Roma hüquq sistemindən tutmuş, təktanrılı dinlərin cinayət və cəza anlayışlarına, Osmanlının “Qanunnamə”sinə, müasir sosializm və kapitalizm formasiyalarında hüquqa etik, fəlsəfi baxışların məcmusuna, təkamül mərhələlərinə, o cümlədən görkəmli sosioloq və nəzəriyyəçilərin hüquq fəlsəfəsi ideyalarına işıq salmışdır.
Kitabın üstünlüklərindən biri onun sadə və anlaşıqlı dildə yazılmasıdırsa, ikinci üstünlük müəllifin moderatorluq qabiliyyəti nəticəsində müzakirə edilən hər hansı ideyanın müəllifi ilə oxucu arasında nəzəri dialoqun qurulmasıdır. Üçüncü üstünlük isə mülahizələrin bolluğu və bunun müqabilində professorun bütün fikirlərə son dərəcə demokratik yanaşmasıdır. Dünyada çox az müəllif olar ki, şəxsi fikrini oxucuya təlqin etmək azarından vaz keçməyi bacarsın. Sadalanan məziyyətlər müəllifdən yüksək mədəniyyət və peşəkarlıq tələb edir.
Əsərin dördüncü üstünlüyü biri-birini inkar edən ideya müəlliflərinin arqument və əks-arqumentlərinin neytral müstəvidə qarşılıqlı təhlil edilməsidir. (Məs: Lombrosionizm – sosial mühit nəzəriyyəçiləri. Ş.G)
Kitabın bu mövzuda işlənmiş digər monoqrafiyalardan daha bir üstünlüyü (beşinci) mənəviyyatın kamilliyi və ədalət uğrunda mübarizədə sərt hüquqla humanist fəlsəfənin sahillərini birləşdirməsidir.
İ. M. Rəhimov bu əsərində təkcə peşəkar hüquqşünas deyil, eyni zamanda fəlsəfə, sosiologiya və psixologiya elmlərini dərindən mənimsəmiş bilici kimi çıxış edir. Oxucuda oyanan bu təəssürat müəllifin öz baxış açısından keçirərək, təqdim etdiyi istənilən ideyanı onunla birgə incələməyə, müəliflə ortaq fikrə gəlməyinə şərait yaradır. Şübhəsiz, bu kontekstdə Freydin psixoanaliz nəzəriyyəsini, Frommun psixoanalitik təhlillərini, Adlerin hüquqazidd davranışın mənbəyi barədə araşdırmalarını bilmədən cinayətkarın ruhi-mənəvi aləminə baş vurmaq çətin olardı. Professor Rəhimov sözügedən əsərində haqlı olaraq yazır:
“Cinayətin mahiyyətini idraki, statistik, psixoloji və sosioloji vasitələrə müraciət etmədən, yalnız hüquqi xarakterli nəzəri və tətbiqi kriminoloji tədqiqatların vasitəsi ilə bilmək mümkün deyildir. Kriminologiya hərtərəfli hüquqi, iqtisadi, sosioloji və psixoloji tövsiyələr vermir, cəmiyyətə yalnız cinayətin vəziyyəti haqqında məlumat verib, bu hadisəyə qarşı lazım olan mübarizə vasitələrini təklif edir. Cinayət əməlində hər zaman dərin, kriminoloji təhlilə sığmayan müəmmalı və gizli xüsusiyyətlər olur. Bunun nəticəsi olaraq, kriminologiya və digər elmlərdə olan təhlil vasitələrinin çatışmazlığı problemi ortaya çıxır”.
İ. M. Rəhimovun göstərdiyi, peşəkar mütəxəssislər tərəfindən də etiraf edilən bu natamamlıq faktı, cinayətkarın və cinayətkarlığın psixologiyasını açmaq baxımından olduqca vacib detaldır. Ona görə də ixtisasca hüquqşünas olan müəllif “Cinayət və cəzanın fəlsəfəsi” kitabında cinayətkarlıq hadisəsinə təkcə kriminalist kimi deyil, həm də bir sosial analitik, psixoloq və filosof mövqeyindən yanaşır.
İ. M. Rəhimov kitabın “Giriş” hissəsində hüquq elmi ilə fəlsəfənin qarşılıqlı əlaqələrini, “cinayət” və “cəza” anlayışlarına ən müxtəlif elmi və subyektiv yanaşmaları diskussiv formatda analiz edir.
Kitabda real faktlar üzərində aparılan psixoloji təhlillərlə, cinayət faktına dinlərin, eləcə də rəngarəng sosial qrupların münasibəti, görkəmli alim və nəzəriyyəçilərin elm tərəfindən qəbul edilən və ya mübahisə doğuran yanaşmaları ilə ətraflı tanış oluruq.
Cinayətkarlıq nə zamansa tamamilə yox olacaqmı? Bu sual ətrafında Z. Freyd, E. Fromm, E. Dürkheym, R. Ouen, N. S. Taqantsev, V. N. Kudryatsev, A. İ. Aleksandrov kimi alimlərin mülahizələrini saf-çürük edən professor Rəhimov kitabda o nəticəyə gəlir ki, müasir sosial-siyasi sistemlərin heç biri cinayətkarlıq problemini tamamilə həll etmək iqtidarında deyil. Lakin cinayətkarlıq hallarının azalması üçün dövlətlərin və cəmiyyətlərin birgə mübarizə aparması vacibdir.
Cinayətkarlığın mahiyyətində sosial yoxsa genetik-psixoloji amillərin dayandığı barədə Qərbdə geniş mübahisələrə səbəb olan Ç.Lombroso- Ç.Qoring qarşıdurmasına, (Ç.Lombroso cinayəttörədici genlərin irsi yollarla ötürüldüyü ideyasının müəllifi – kriminalist psixoloq. Çezare Qoring – Çezare Lombrosonun əleyhdarı, kriminoloq, psixiatr. Ş.G) həmçinin bu qəbildən olan əks ideya cəbhələrinə (əslində, bunları tezislər və antitezislər adlandıra bilərik) professor İ. M. Rəhimov məntiqli sintezi ilə cavab verir:
“Təbabət öyrədir ki, hansısa xəstəliyə qarşı müalicə vasitəsi tapmaq üçün ilk əvvəl onun mənşəyini və səbəbini araşdırmaq lazımdır. Güman edirik ki, cinayətkarlığın əbədiliyi və ya müvəqqətiliyi haqqında məsələ insanın cinayətkar davranışının səbəbləri kontekstindən kənarda həll edilə bilməz. Cinayətlərin səbəblərinin yalnız sosial xarakter daşıdığı tezisindən çıxış etsək, onda cinayətkarlığın əbədiliyi sual altında olacaqdır. Çünki elə cəmiyyət ola bilər ki, cinayətin baş verməsi üçün bu sosial şəraitlər orada olmasın. Əgər cinayətkar davranışın səbəbi bilavasitə, xarici sosial şəraitlə əlaqəli olmadan, insan təbiəti ilə bağlıdırsa, onda bu şərin mənşəyini aşkar etməyənə və onun kökünün kəsilməsi üçün vasitələr tapılmayana qədər cinayətkarlıq mövcud olacaqdır”.
Professorun qənaətinə görə cinayətin səbəbləri kimi həm sosial mühit, həm də insanın psixofiziki xüsusiyyətləri çıxış edə bilər. Bu halda isə həm əlaqədar sosial mühitin, həm də təbii insan qüsurlarının ləğv olunması şərti ilə cinayətkarlığın yox edilməsi mümkündür.
İ. M. Rəhimovun üzərində dayandığı bu teoriya Nobel mükafatçısı, məşhur fiziopsixoloq İ. P. Pavlovun “şəxsiyyətin təşkil olunmasında biogen, psixogen və sosiogen elementlərin vəhdəti” nəzəriyyəsi tərəfindən də dəstəklənir.
İ. M. Rəhimov “Cinayət və cəzanın fəlsəfəsi”ndə göstərir ki, “cinayətkar gen” barədə məşhur italyan kriminalisti Ç. Lombrosonun iddiaları öz elmi əsasını tapmasa da, hüquq psixologiyasında instinktivizm tərəfdarlarının (Z. Freyd, K. Lorens, E. Fromm) müddəaları kifayət qədər geniş şərh edilir. Cinayətkarlıq olayına freydist baxışın mükəmməl izahını verən professor yazır:
“İnstiktivistlərin nəzəriyyəsinə görə insan öz keçmiş yaddaşı ilə yaşayır. Deməli, onun davranışı, o cümlədən cinayətkar, təcavüzkar, zorakı davranışı onun əcdadları yəni heyvanlarla əlaqəlidir. E.Fromm iddia edirdi ki, insanın əcdadı başqa canlılara, o cümlədən insanlara qarşı təcavüzkar refleksin daşıyıcısı olan heyvan olmuşdur. Demək, insanın dağıdıcı tərəfinin genetik (anadangəlmə) mənşəyi vardır”.
İ. M. Rəhimov Z. Freydin sosiopsixoloji fikir tarixində özünə xeyli tərəfdar toplayan, eyni zamanda mübahisələrə yol açan bu yanaşmasını oxuculara daha aydın şəkildə izah edir:
“Qısa şəkildə desək, Freydin əsas nəzəri müddəası ondan ibarətdir ki, insan yalnız bir ehtirasın təsiri altındadır və bu, həm onun özünü, həm də digər insanları məhv edir. Bu problemdən çətin ki kimsə qaça bilsin. Freydin bu nəticəsindən çıxış edərək deyə bilərik ki, təcavüzün formalarından biri olan cinayət insan orqanizmində daim potensial enerji kimi mövcuddur. O, insan təbiətinin bioloji və fizioloji qanunları ilə tənzimlənir”.
Bu enerjini uzun müddət nəzarətdə saxlamağın çətin olduğunu qeyd edən İlham Rəhimovun fikrincə, həmin potensial enerji müəyyən edilmiş üsullarla faydalı işlər üçün sərf edilməlidir, “əks halda o özünü zorakılıqla müşaiyət edilən qətl, zorlama və s. kimi cinayətkar əməllər formasında göstərəcəkdir”- deyə professor vurğulayır.
Psixoanalitik məktəbin görkəmli nümayəndəsi E. Frommun “insan heyvanlardan məhz onunla fərqlənir ki, o qatildir. O primatlar növündən olan yeganə nümayəndədir ki, heç bir bioloji və iqtisadi səbəblər olmadan öz həmqəbilələrini öldürür və bundan rahatlıq tapır. Bu da bioloji baxımdan anomal və filogenetik cəhətdən proqramlaşdırılmayan “bədxassəli” təcavüz olaraq, insan cinsinin gələcəkdə yaşaması üçün təhlükə törədən əsl problemə çevrilmişdir”- fikrinə diqqət çəkən professor İlham Rəhimov bu iddiya qarşı aşağıdakı tutarlı arqumenti ilə çıxış edir:
“Əgər instinktlər nəzəriyyəsinə istinad edilsə, onda deyə bilərik ki, insan öz cinayətkar əməllərinə görə məsuliyyət daşımır. Çünki onun davranışı instinktlərlə idarə olunur və azad deyildir.(!-Ş.G.) Yaxşı, onda nə üçün insanların əksəriyyəti qətl, zorakılıq və s. əməllər törətmir? Bəlkə insanda cinayətkarlığın qarşısını alan antitəcavüz instinkti də vardır? Doğrudanmı insanda cinayətkar davranışa qarşı daxili maneələr yoxdur?”
Beləliklə də İ. M. Rəhimov freydistlərin irəli sürdüyü “instinktiv diqtə” tezisini özünün güclü məntiqi əsasa malik antitezisi ilə laxlada bilir. Lorens və Fromm bu suallara ayrı-ayrılıqda müəyyən cavablar versələr də, həmin fikirlər elmi dəlil deyil, iddiaçıların subyektiv mülahizələri kimi qəbul edilir.
Ümumiyyətlə, hüquq psixologiyasında davranış problemi ilə bağlı, klassik psixoanalitiklər və neofreydizm təliminin ardıcılları əsasən, uşaqlıq travmaları məsələsinə xüsusi diqqət yetirərək, şəxsiyyətin gələcək həyatını həmin travmatik yaşantıların müəyyənləşdirdiyi düşüncəsindədirlər.
“Cinayət və cəzanın fəlsəfəsi” monoqrafiyası iki fəsil, (I. Cinayət. II. Cəza) hər fəslə dair mövzuları əhatə edən dörd bölümdən, Nəticə, Əlavələr və Rəylərdən ibarətdir.
Kitabda elmi-nəzəri açıdan çox maraqlı yanaşmaların yer aldığı “Genetika və cinayətkar davranış” bölümü cinayətkarlığın gələcəyi ilə bağlı diqqətçəkən mülahizələr təqdim edir. Bölüm, XXI əsrdə biotexnologiyanın sürətli inkişafı nəticəsində insan DNK-da müvafiq genetik əməliyyatlar aparılmasının mümkünlüyü barədə müasir Qərb alimlərinin olduqca iddialı fikirlərini açıqlayır.
Burada genetika elminin yeni insan tipi formalaşdıracağı barədə düşüncələrə gətirib çıxardığını yazan İ. M. Rəhimov məsələni aşağıdakı kimi şərh edir:
“Əgər insanın bütün həyatı onun genləri tərəfindən təyin olunursa, onda yeni insanı formalaşdırmaq üçün insanların genetik xüsusiyyətlərinin dəyişdirilməsi tələb olunur. Deməli, cinayətkar insan davranışının genetik səbəblərdən ortaya çıxması və irsiyyətlə bağlı olması sübuta yetirilsə, onda tibbi müdaxilə yolu ilə insanın şər və cinayətkar əməllər törətməməsi üçün bu genlərin dəyişdirilməsi zərurəti yaranacaqdır. O halda insan təkrar cinayət törətməyəcəkdir”.
Bəs o zaman potensial cinayətkarlarla nə etməli?
Burada professor öz oxucusunu DNT-nin kəşfinə görə Nobel mükafatı alan məşhur neyrobioloq F.Krikin ilk baxışdan heç də humanist səslənməyən təklifi ilə tanış edir. Krikin fikrincə, insanı genetik sınaqlardan keçirdikdən sonra qəbul etmək lazımdır. Yoxlamalardan uğurla çıxmayan körpələr yaşamaq hüququndan məhrum edilməlidir.
Belə ki məşhur alim əsərlərinin birində qeyd edir:
“Ola bilsin, gələcəkdə insanlar cinayətkarın bütün orqanizmini deyil, yalnız onu cinayətkar edən tərəfini məhv edəcək, bunu da humanist addım kimi dəyərləndirəcəklər… mən burada həmən o həyat kodu olan yazını nəzərdə tuturam. Hansı ki, o, insanda insanlığa sığmayan meyilləri aktivləşdirir”.
Müəllif F. Krikdən gətirdiyi sitatın ardını davam etdirərək yazır:
“mən sizin (cinayətkarların – Ş.G.) yalnız üz cizgilərinizi və gözlərinizin rəngini deyil, həm də cinayətkar düşüncələrinizi dəyişəcəyəm. Hətta sizin nüvə əsasınızı belə dəyişəcəyəm.”
( İ. M. Rəhimov “Cinayət və Cəzanın fəlsəfəsi”. Səh:103.)
Professor İ. M. Rəhimov isə gələcəyin qaçılmaz əməliyyatlarına çevriləcək kimi görünən bu cür genetik müdaxilələri etik-humanist çərçivədən dəyərləndirərək buna etirazını bildirir:
“Əlbəttə, əgər yeni doğulan körpənin gələcəkdə hansısa ciddi xəstəliklərə səbəb ola biləcək genetik xüsusiyyətləri aşkar olunarsa, onda tibbi-genetik müdaxiləni məqbul saymaq olar. Lakin gələcəkdə insanın cinayətkar davranışını irsiyyət əlamətlərinin genetik kodu ilə təyin etmək və bunun əsasında cərrahiyyə metodlarını tətbiq etmək həm etik baxımdan doğru olmaz, həm də insan səhhəti üçün təhlükəli ola bilər”.
İlham Rəhimov mövzunu “gen mühəndisliyi oyunları” vasitəsilə fövqəlinsan yaratmağın mümkünlüyünə inanmayan psixoloq J.Lenjenin fikirləri ilə razılaşaraq davam etdirir:
“Elə buna görə də mən insanı cinayətkarlıqdan yayındıran tibbi xarakterli metod və vasitələrin mövcudluğuna inanmıram. Çünki genetika elmi hələ də insanın cinayətkar davranışının mənbəyinin harada olması və bu məsələdə irsiyyətin nə kimi rol oynaması suallarına cavab verməmişdir. Lakin bir şey aydındır ki, insanın özündə onu müəyyən davranışa təhrik edən “O” vardır. Bəs insan bu davranışa nəzarət edib onu tənzimləyə bilərmi? Yəni insan onu cinayətə təhrik edən “şər” qüvvələrə qarşı çıxa bilərmi? O zaman insan bunları necə etməlidir?”
Professor bu suallara iki əks rakursdan cavab axtarır:
“Məhz bu sualların cavabında insanın cinayətkar davranışının sirləri gizlənir. Əgər insan öz təbiətinə görə ona təsir edən şər qüvvələrlə mübarizə aparmaq iqtidarında deyilsə, onda bizim onun cinayətkar davranışını ittiham etməyə haqqımız yoxdur. Əksinə, əgər insan özü bu qüvvələrə qarşı çıxmır və ya onları özündə formalaşdırırsa, onda o, heç şübhəsiz, törətdiyi əməllərə görə cavab verməlidir. Çünki bu, onun davranışının azad seçimidir”
(İ. M. Rəhimov “Cinayət və cəzanın fəlsəfəsi”, səh: 105.)
Beləliklə, biz bu yazıda sosioloji tədqiqatların, dünya ölkələrinin qanunvericilik aktlarının, dini və sosial-siyasi sistemlərin cinayət hüququna yanaşmalarının ayrı-ayrılıqda təhlil olunduğu çoxspektrli “Cinayət və cəzanın fələsəfəsi” kitabını yalnız bir kontekstdə – etik-psixoloji müstəvidən incələməyə çalışdıq.
Etiraf etmək lazımdır ki, “Cinayət və cəzanın fəlsəfəsi” kimi əsərlərin missiyası, təkcə oxucunu bilgiləndirməklə məhdudlaşmır, onun əsas əhəmiyyəti həm də qanun keşikçilərinin, ədalət təmsilçilərinin, hüquq-məhkəmə sistemində çalışan səlahiyyətli şəxslərin ədalət və vicdan hislərini oyatmasını, qəbul edilən qərarlarda humanizm prinsipinin əsas tutmalarını təmin etməkdir. Əsrlər boyu cinayət və cəza ilə bağlı qanunların humanistləşdirilməsi, insan hüquq və azadlıqlarının başlıca prinsip kimi götürülməsi, şəxsiyyətin toxunulmazlığı, təqsirsizlik prezumpsiyası, məhkəmənin ədalətliliyi və neytrallığı kimi tarixi nailiyyətlər, məhz, yuxarıda xatırladığımız bəşəri ideyaların qaynağı sayılan kitabların sayəsində mümkün olubr. Tarixə baxaq. XIX əsr mütəfəkkiri, hüquq professoru Şarl Lui Monteskyönün “Qanunların ruhu” əsəri bütün Avropanın dövlət quruluşunu, siyasi taleyini dəyişmədimi? Yaxud böyük ingilis filosofu Con Lokkun “təbii hüquq” nəzəriyyəsi (“Dövlət idarəetməsi haqqında iki traktat”əsəri. Ş.G.) indi az qala dünyaya hakim olan liberal demokratiya ideologiyasının başlıca konsepsiyasına çevrilmədimi? Platonun “Dövlət”ini, N.Makiavellinin “Hökmdar”ını, T.Ceffersonun “İnsan hüquqları Bəyannaməsi”ni, fransız maarifçilərinin “Ensiklopediya”sını, Qustav le Bonun “Kütlələrin və xalqların psixologiyası”nı, Martin Lüter Kinqin “Azadlığa doğru addım”ını siyahıya əlavə etməsək, haqsızlıq olar.
Tarixi xatırlatmadan da göründüyü kimi sözügedən kitablar yayıldıqları areallarda siyasi hakimiyyətlərin və xalqların taleyini dəyişməyi bacardı.
Bu baxımdan görkəmli hüquqşünas və ictimai xadim, dünyaca tanınmış həmyerlimiz professor İlham Rəhimovun hüquq fəlsəfəsi tarixinə düşən qiymətli əsərlərinin ölkəmizin nüfuzlu ali təhsil və elm ocaqlarında tədris olunması vacibdir.
Şəlalə Göytürk
Musavat.com