Çində koronavirusa yoluxma halları sürətlə artmağa davam edir.
“Qafqazinfo” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, ölkədə dekabr ayında ümumilikdə təqribən 250 milyon nəfərdə koronavirus aşkarlanıb.
Agentlik Çinin Milli Səhiyyə Komissiyasının qapalı iclasına istinadən yazır ki, dekabrın 20-si ölkədə 37 milyon yeni yoluxma halı aşkar olunub ki, bu da pandemiya ərzində ölkədə sutka ərzində qeydə alınan rekord göstəricidir.
Bildirilir ki, ölkədə koronavirusun yeni dalğasının yayılmasına səbəb Çin rəhbərliyi tərəfindən məhdudiyyətlərin tez aradan qaldırılması ola bilər.
Belə ki, dekabrın 7-dən Çində işi yüksək yoluxma riski ilə əlaqəli olmayan şəxslər üçün mütləq PCR-test ləğv olunub. Bununla yanaşı, ölkə daxilində səyahət və yaxud ictimai yerlərə daxil olmaq üçün vaksin pasportu artıq tələb olunmur. Eyni zamanda, koronavirusu simptomsuz və yaxud yüngül keçirənlərə ev şəraitində özünütəcrid rejimində qalmağa icazə verilib.
Ölkədə koronavirusun sürətlə yayılmasına baxmayaraq, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin ölkədə COVID-19-la bağlı vəziyyətin nəzarət altında olduğunu bildirib.
Qeyd edək ki, ötən həftə Çində 130 mindən çox yeni yoluxma halı qeydə alınıb, 273 nəfər isə ölüb.