(Həyatda dəyərli insan, ləyaqətli dostum və əziz qardaşım Çingiz Abbasova ithaf olunur!)
Bu qısa yazıda əziz oxucuların doğma yurdumuz Cəlilabadın dəyərli insanlarından sayılan, eyni halda mənə əziz və səmimi dost, ləyaqətli qardaş sayılan Çingiz Abbasovla daha yaxından tanış olmasına çalışacam:
Qısa bioqrafik məlumat:
Abbasov Çingiz Ümidəli oğlu. 1976-cı ilin mart ayının 31-də doğma Cəlilabad şəhərində bir təmiz və zəhmətkeş ailədə dünyaya göz açıb.
Uşaq yaşlarında ikən əziz anasını itirmiş Çingiz Abbasov 1983-cü ildə Cəlilabad şəhərində indiki Akademik Zərifə Əliyeva adına 7 saylı tam orta məktəbə daxil olmuş, 1991-ci ildə isə həmin məktəbdən orta təhsil haqqında natamam Şəhadətnaməsini alaraq məzun olmuşdur. Uşaq və yeniyetmə yaşlarından etibarən zəhmətkeşliyi sevən əziz qardaşımız Çingiz Abbasov sonralar bənnalıq və ustalıq sahəsində çalışmağa başlamış və bu günədək həmin sahədə peşəkar səviyyəli ustaya çevrilmişdir. O, bundan əlavə, həm də taksi sürücülüyü ilə məşğuldur.
Hobbisi gözəl və yaraşıqlı evlər tikmək, avtomobil sürmək, həmçinin, həzin və mənalı musiqilər dinləməkdir. Evlidir, Cavid, Coşqun və Ceyhun adlı 3 oğlu var. Hal-hazırda Coşqun və Ceyhun hərbi xidmət vəzifələrini yerinə yetirirlər.
Məlumat üçün qeyd etmək lazımdır ki, 2015-ci ildən etibarən doğma yurdumuz Cəlilabadın tarixi, mədəniyyəti, etnoqrafiyası, folkloru, təbiəti və eləcə də, dəyərli simaları və dəyərlərini təbliğ edən “Həməşəra” Facebook səhifəsinin 13 aprel 2021-ci il tarixli statusunda “Cəlilabadın əziz və dəyərli insanları…” başlığı altında Çingiz Abbasov barədə xüsusi təqdimat statusu paylaşılmışdır.
Xüsusiyyətləri:
Doğma elimizin dəyərli gəncləri və ləyaqətli insanlarından sayılan Çingiz bəy bəlkə də, hələlik bütün Cəlilabadda hər kəs tərəfindən yaxından tanınmasa da, şəxsən mən onu ötən illər ərzində onunla yaxın dostluq münasibətlərimizə görə onun həyatda nə qədər dəyərli bir insan və gözəl vətəndaş olduğuna əmin olmuşam. Burada başqaları üçün nümunə olsun deyə, onun bariz xüsusiyyətləri sırasında aşağıdakıları qeyd edə bilərəm:
1. Həyatda əqidəli;
2. Səmimi və saf insan;
3. Yüksək mədəniyyət və etika sahibi;
4. Vətənpərvərlik;
5. Sakit təbiətə malik insan;
6. Sadə və təvazökar;
7. Həyatın hər bir sahəsində doğru-dürüstlük;
8. Etibarlı və güvəncli;
9. Mərhəmətli və mehriban;
10. Təmizliyə xüsusi diqqət ayıran;
11. Halal çörək qazanmaq üçün çalışqanlıq;
12. Mehriban ata və gözəl ailə başçısı və s…
Bütün bunlar mənim uzun illər ərzində Çingiz bəydən görüb müşahidə etdiyim dəyərlər və müsbət xüsusiyyətlərin əsas və bariz nümunələridir. Mən məhz bu xüsusiyyətlərə görə, onu özümə əziz və dəyərli qardaş, etibarlı dost, həm də cəmiyyətimizdə ləyaqətli insan və gözəl vətəndaş hesab edirəm.
Subyektiv baxışım:
Dəyərli insan və ləyaqətli qardaşım Çingiz bəy haqqında subyektiv baxışlarım sırasında bunları təqdim edə bilərəm:
Əvvəla, bunu qeyd edim ki, dini təlimlərə görə kimisə həddindən artıq şişirtmək və barəsində əsassız yerə tərif söyləmək olmaz. Lakin mən indiyədək barəsində təqdimat məqaləsi yazdığım insanların heç biri və eləcə də, bu məqalədə barəsində yazdığım Çingiz Abbasovun haqqında belə bir yanlışlığa yol verməmişəm. Sadəcə gördüklərim və müşahidə etdiklərimi səmimi və obyektiv şəkildə, həm də təmənnasız olaraq qələmə almaq, dəyərliləri dəyərləndirmək və dəyərlərimizi təbliğ etməyi qarşıma əsas hədəf qoymuşam.
Yaşadığımız zəmanə sözün həqiqi mənasında çox qarışıq və mürəkkəb, həm də bir çox insanların ayrı-ayrı sahələrdə bataqlığa düşdüyü bir zəmanədir. Bununla bağlı əlavə izaha ehtiyac görmürəm. Çünki hər şey hər kəsin gözləri və müşahidəsi önündədir. Kimlərsə həyatda çoxlu pul qazanmaq və bir gecədə zənginləşmək hədəfi ilə ayrı-ayrı qanunsuz və nalayiq yollara imza atır. Kimlərsə buna nail olmaq üçün başqasının evi və ocağını dağıtmağa, kimlərsə də xüdbinlik və özündən razılıq xəstəliyinə düçar olduğuna görə öz qüsurlarını ört-basdır edərək başqalarının səhvlərini açıb-yaymağa qalxır. Bu arada insaniyyət və mənəvi dəyərlər unudulur, böyüklərə qarşı hörmət, kiçiklərə qarşı isə mərhəmət hissləri yoxa çıxır. Beləliklə də, cəmiyyətdə müsbət münasibətlər və eləcə də, ailə təməllərinin sarsıldığı, bir çox fəsadların zühur etdiyinin şahidi oluruq. İnsanlar arasında sanki Ulu Yaradana, eləcə də, həyatımızın qaçılmaz zərurəti sayılan etika dəyərlərinə inam sarsılmış və unudulmuşdur. Bu gün cəmiyyətdə insanlar arasında baş alıb gedən inamsızlıq və etimadsızlığın əsas səbəbləri də, məhz bunlardır. Elə buna görə də, yaşadığımız əsrdə elə bir vəziyyətdəyik ki, sözü ilə əməli bir-birini dəstəkləyən, sözü bütöv dostlar və etibarlı insanları tapmaq nadir hala çevrilmişdir…
Adətən gündəlik həyatımızda insanların bir-birinə yaxınlığı onların bir-birinə doğmalığı (ata-anadan bir olması) ilə ölçülür. Lakin bəzən ata-anadan bir olmayan halda insana doğma qardaşdan da, əziz və qiymətli olan dostlar mövcuddur. Mənə görə, Çingiz bəy də, malik olduğu bütün insani keyfiyyətlərinə görə onu sevən və onunla dostluq münasibətində olan insanlara əsil qardaş kimidir. Bu baxımdan yaxşı dost pis qohumdan və hətta, pis qardaşdan irəlidir. Həyatda belə bir dostu olmayanın nə qədər malı-mülkü olsa da, əslində kasıb sayılır. Belə bir ləyaqətli dostun isə bu həyatda və bu dünyada sözün həqiqi mənasında qiyməti ola bilməz.
Ata-babalarımız və dədələrimizdən dostluq barədə çoxsaylı, həm də hikmətli kəlamlar bu gün “atalar sözü” kimi dillər əzbərinə çevrilmişdir. Belə bir atalar sözü var ki, “dost tapan xəzinə tapmışdır…” Mən sözün həqiqi mənasında Çingiz bəyi tanıdığım gündən etibarən sanki özümü həyatda xəzinə tapmış birisi kimi hiss edirəm. Bu qənaətim əslində onun malik olduğu insani keyfiyyətlər, qəlbinin saflığı, təmizliyi və həyatda doğru-dürüst və etibarlı insan olduğuna görədir. O, sözün həqiqi mənasında öz həmyaşıdlarından tam fərqli olan çox dəyərli və qiymətli bir insandır.
Çingiz bəy Ulu Tanrıya qəlbən bağlı olan və davranışında bunu təsdiq edən bir insan olaraq həyatda kiminsə ardınca bir cür, həmin adamla üz-üzə gəldikdə isə fərqli davranan və fərqli danışan birisi deyil. Çalışdığı qədər dünyanın bu fani həyatında halal ruzi qazanıb ailəsini saxlamağa, kiminsə evi və ocağını dağıtmamağa çalışan, eyni halda insanlıq adına yaraşmayan əməl və olayları görüncə ürəkdən ağrı və əzab çəkən dəyərli bir dost, ləyaqətli bir insandır.
Dostluq alınmır, əslində qazanılır. Mən də, Çingiz bəyi bir əziz dost və dəyərli qardaş olaraq qazanmışam.
İnsanın həqiqi dostu yalnız dildə deyilən sözlərlə deyil, əslində münasibətdə, davranışda və əməldə tanınır və təsbit edilir. Həyatda hər kəslə dost olan və hər kəsə xoş üz göstərən insan isə heç şübhəsiz maskalanmış hiyləgər və öz maddi mənafeini güdən şəxsdir.
Çingiz Abbasov öz davranışı və doğru əməlləri ilə mənim üçün həqiqi dost və ləyaqətli qardaş simvoluna çevrilmişdir. O, hər kəsə xoş üz göstərən, hər kəsi necə gəldi qəbul edən birisi deyil. Əslində onun özünə görə həyat baxışı, həyat prinsipləri var. Məhz həmin baxış və prinsiplər çərçivəsində insanları dəyərləndirir, dəyərliyə müsbət, digərlərinə isə layiq olduqları qiyməti verir.
O kiminsə qeybətini etmir, kiminsə şəxsi həyatı barədə axtarış aparmağı özünə rəva bilmir. Özünəxas səbir və təmkini ilə tanınan Çingiz Abbasov yalnız öz işi ilə məşğul olan, halal ruzi qazanmaq üçün yorulmadan çalışan, qonşuları, yaxınları və əzizləri üçün əziyyət edən deyil, mərhəmət amili olan, həmçinin, ailə üzvlər ilə yanaşı qohum-əqrəba, dostlar və ətrafındakı insanlara yalnız müsbət aura ötürən dəyərli bir insandır.
Həyatda nə qədər sakit təbiətli insan olsa da, demək olar ki, zəmanənin və yaşadığı cəmiyyətin bütün olaylarından agahdır və hər kəsin görə biləcəyi işləri bacarır. Lakin buna rəğmən heç bir zaman özünə əyriliyi, azğınlığı, yalanı və xüsusilə də, xalqı və insanları aldatmağı rəva bilmir. Belə olanları da hər zaman böyük narahatçılıqla qınayır. O, bütün bunlarla yanaşı həm də, həyatda azad və müstəqil insandır. Bütün bunlara görə, bu insan bir səmimi dost və qardaş olaraq hər zaman mənim üçün əziz, dəyərli və qiymətlidir.
Arzu və diləyim:
Həmyaşıdlarımız və gənc nəslimizin Çingiz bəy kimi olması mənim ürək arzum və diləyimdir. Çünki o, öz gözəl davranışı, danışığı və həyat tərzi ilə büsbütün insanlığı və səmimiyyəti tərənnüm edir. Ulu Tanrıdan doğma diyarımızın əziz və dəyərli insanlarından sayılan əziz, dəyərli və etibarlı qardaşım Çingiz bəy Abbasova uzun və mənalı ömür, həyat xoşbəxtliyi, həmçinin, həyatda davamlı uğurlar diləyirəm!
(Fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru və Azərbaycan Jurnalistlər Birliyinin üzvü)
[email protected]
12.12.2022