Çingiz Abdullayev: “İlham Əliyev Azərbaycandır!”

Çingiz Abdullayev: “İlham Əliyev Azərbaycandır!”

Sabah dekabrın 24-də Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin ad günüdür. Bununla bağlı olaraq prezidentin ünvanına xarici dövlət və hökumət başçılarından, tanınmış siyasi və ictimai xadimlərdən təbriklər daxil olur. Prezidenti təbrik edənlər arasında Azərbaycan Yazıçılar İttifaqının katibi, xalq yazıçısı Çingiz Abdullayev də var.

Onun təbrik məktubunda deyilir: “Hörmətli cənab Prezident! İcazə verin Sizi ad gününüz münasibətilə təbrik edim! Bu gün Siz və milyonlarla həmvətənimiz bu günü tamamilə başqa əhvalda və başqa vəziyyətdə qarşılayır. Şəhidlərimizin və döyüşçülərimizin sayəsində biz torpaqlarımızı azad edə, ölkəmizin ərazi bütövlüyünü təmin edə bildik, ləyaqətimizi qaytardıq”.

Ç.Abdullayev Prezidentin bu Qələbədəki şəxsi töhfəsini də qeyd edir. “Sizin siyasi mərdliyiniz, ağıllı rəhbərliyiniz, informasiya müharibəsinin bütün mərhələsində şəxsi iştirakınız sayəsində bu qələbə əldə olundu. Bir çox siyasətçilər və analitiklər bütün dünyada bunu dərk edirlər ki, bu müharibənin reallıqları hansılar idi və Siz şəxsən hansı risklərlə qarşılaşmışdınız. Bu müharibədə təkcə Azərbaycanın siyasi gələcəyi həll edilmirdi, eləcə də bizim keçmiş tariximiz, həyatımızın son otuz ili ola bilsin birdəfəlik itiriləcəkdi. Bu gün dünyada çoxları Sizin bu qələbədəki töhfənizi qeyd edir! Siz həqiqətən ölkəmizin və dünyanın tarixinə adınızı yazdırdınız. Bir çox sonrakı nəsil azərbaycanlılar Sizə minnətdar olacaqlar ki, xalqımızın ən mürəkkəb problemi nəhayət həll olundu. Və Sizin rəhbərliyiniz altında həll olundu.

Mənə bu haqda yazmaq asandır, çünki dəfələrlə Sizin səlahiyyətli nümayəndəniz olmuşam və Sizin talantınıza, iradənizə, liderlik qabiliyyətinizə həmişə şəksiz inanmışam. Sizin böyük atanız dövlətçiliyimizi ən mürəkkəb dövrdə bərpa etdi. Siz isə son bir neçə əsr ərzində ilk dəfə torpaqlarımızı qaytardınız. Sizə uzun ömür və cansağlığı, xanımınıza, övladlarınıza və nəvələrinizə xoşbəxtlik və sağlamlıq arzu edirəm! Bu gün Sizin sözlərinizi dəyişərək mən cəsarətlə deyə bilərəm. İlham Əliyev Azərbaycandır! Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq!”,-Çingiz Abdullayev yazır.

Share: