Çingiz Aytmatova həsr olunmuş “Qırğız Ədəbiyyatı Günü” keçirildi

Çingiz Aytmatova həsr olunmuş “Qırğız Ədəbiyyatı Günü” keçirildi

Bakıda “II Türk Dünyası Ədəbiyyat və Kitab” Festivalı çərçivəsində keçirilən Qırğızıstan günündə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun 95 illiyinə həsr olunmuş “Qırğız Ədəbiyyatı” proqramı təşkil edilib.

Kulis.az xəbər verir ki, Festivalda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Azərbaycanda akkreditə olunan diplomatik korpusun, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri və Festivalın qonaqları iştirak ediblər.

Qırğız Respublikasının Himni ilə açılan tədbir çərçivəsində bir sıra tematik panel müzakirələri təşkil olunub.

“Qırğız Ədəbiyyatı” sessiyasında Qırğızıstandan gələn “Manas” Qırğız-Türk Universitetinin nümayəndələri: professor Burul Saqınbayeva və Altınbek İsmayılov çıxış ediblər. Məruzəçilər Qırğız ədəbiyyatı haqqında məlumat verib, Qırğız mədəniyyətinə dair video çarxlar nümayiş etdiriblər. Sessiyanın sonunda Altınbek İsmayılov öz şeirlərini səsləndirib.

“Çingiz Aytmatov – 95” sessiyasında ədəbiyyatşünaslar Mehman Həsənli və Nəzrin Əliyeva məşhur qırğız yazıçısının yaradıcılığından danışıblar.

Festivalda çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndəsi Nazgül Omurzakova təşkilat ilə Qırğızıstan arasında mövcud qarşılıqlı əməkdaşlığ çərçivəsində birgə keçirilən layihələrdən bəhs edib.

Festivalda çıxış edən Azərbaycanın xalq artisti, rejissor Mərahim Fərzəlibəyov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Çingiz Aytmatov və Türk dünyasının digər böyük şəxsiyyətlərinin zəngin irsinin beynəlxalq aləmdə tanıdılması yönündə fəaliyyətini yüksək qiymətləndirərək, təşkilat ilə əməkdaşlıq etməkdən böyük məmnuniyyət duyduğunu bildirib.

Daha sonra qonaqlara Azərbaycanın xalq artisti, rejissor Mərahim Fərzəlibəyovun quruluşunda Bakı Bələdiyyə Teatrının aktyorlarının hazırladığı “Ana tarlası” tamaşasından bir parça nümayiş etdirilib. Tamaşa Bakı Bələdiyyə Teatrının Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Aktyorların professional oyunu ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.

Tədbir Qırğızıstanın milli mətbəxinin ənənəvi nümunələrinin qonaqlara təqdim edilməsi ilə başa çatıb.

Share: