“Çingiz müəllim futbol azarkeşi kimi qalsa…” – Müsahibə

“Çingiz müəllim futbol azarkeşi kimi qalsa…” – Müsahibə

Kulis.az şair, esseist Qismət Rüstəmovla müsahibəni təqdim edir.

– Biz futbolun 90-lar nәsliyik. Gözlәrimizi qamaşdıran o futbolun, deyirlәr, artıq qatarı gedib…

– O qatarın gedib, bu Qətərin gəlməsinin futboldankənar səbəbləri ilə bağlı bu yaxınlarda “Netfliks”də “FIFA-nın iç üzü” adlı maraqlı bir sənədli film yayımlandı. Bu filmdə FIFA-nın prezidentləri Joao Avelanjdan başlayan, Blatterlə zirvəyə çıxan korrupsiya skandalları göstərilir. Əslində, 2000-ci illərin ortasından bəri Messi ilə Ronaldo arasındakı rəqabətdə izlədiklərimiz heç də 90-cı illərdən geri qalmır, əksinə, bəlkə də xeyli cəhətinə görə daha ikonikdir. Sadəcə, bizim uşaqlığımız, Steynbekin ifadəsiylə desəm, “həyəcanlarımızın qışı” 90-cı illərə düşüb deyə, içimizdəki nostalgiya mexanizmi bu gün hamıyla birgə gördüklərimizi yox, o vaxtkı oyunları həddindən artıq dəyərə mindirir ki, həmin oyunları canlı görməyənlərdən fərqlənsin, onlara azca üstün gəlsin, indini keçmişə heç olmasa bir “taym” uduzdursun.

Mənim başdan-ayağa baxdığım ilk çempionat 1994-cü ilin Dünya Çempionatıdır. O vaxt həmin çempionatın mənim üçün ancaq hissi mənası idi vardı. 2014-cü ildə, yəni ilk çempionata baxmağımdan 20 il sonra, İstanbulda həmişə getdiyim bir kitab evindən çox sevdiyim uruqvaylı yazıçı Eduardo Qaleanonun “Kölgədə və günəşdə futbol” adlı bənzərsiz esselər toplusunu aldım. Həmin kitabı oxuyandan sonra başa düşdüm ki, əslində, 94-cü ildəki çempionat həm də futbol tarixinin dönüm nöqtələrindən biriymiş. Təsəvvür et, sosialist blokun dağılmasından sonra 94-cü il Dünya Çempionatı ABŞ-də keçirilir. Bu çempionat indiyəcən ən çox tamaşaçının gəldiyi çempionat sayılır; 3 milyon yarımdan artıq izləyici gəlib, finalda 94 min adam olub. Qaleano yazır ki, bunun artıq başqa era olduğunu anlamaq üçün bircə fakt kifayətdir: finaldan sonra Los Anceles stadionunun qazonlarını pizza dilimləri kimi kəsib 20 dollardan satıblar…

20 ildən sonra onu da öyrəndim ki, İtaliyanı finala çıxaran, ancaq finaldakı penallaşmada topu Los Anceles səmasına göndərən Roberto Bacco buddist imiş. Bəlkə də sükunətini buna görə qoruya bilib, mənəvi istinadı olmasa, o boyda basqının altında dayana bilməzdi.

– Dünya Çempionatının Qətərdə keçirilmәsi: DÇ-nin fәsil dәyişmәsindәn (qış) başqa nә dәyişib?

– Qış olmağına baxma, Qətərdə əsl pivə havasıdır. Qətərlilər isə avropalı turistlərə deyiblər ki, stadionda pivə içmək olmaz, bizim milli-mənəvi dəyərlərimizə uyğun gəlmir, ancaq qıraqda, təxminən, Qətərin “kubinka”sında “günahdan free” zona var, oyundan sonra gedib orada için. Ümumiyyətlə, Qətərin bu çempionatın ev sahibliyini udmaq prosesi “mənəvi dəyərlərin” ofşor zonasında həll olunub.

– Favoritin hansıdır?

– Argentina. Məncə, bu il İngiltərənin də heyəti güclüdür.

– Messi, yoxsa Ronaldo?

– Əlbəttə, Messi. Ronaldo böyük futbolçudur, ancaq mənim üçün o fiziki gücü, bədəni, əzələni təmsil edir. Əgər ədəbiyyata çevirsək, Ronaldo sərt, birbaşa, dəyər anlayışını çox vaxt statistikada görən publisistikadır. Ronaldonun üslubu ilə qəzəblənmək, etiraz etmək, davaya getmək olar. Ancaq Messi başqadır, onun üslubu ilə sevgiliyə şeir yazmaq, əzizlərini bağrına basmaq, dost üçün darıxmaq olar… Top Messinin ayağında vətəndədir.

– Futbolun kamyuları, nerudaları yetişirmi?

– Nerudasını deyə bilmərəm, ancaq məncə Kamyusu Zidan idi. Zidan da Kamyu kimi Əlcəzair əsilli idi və deyəsən başlarına oxşar şeylər gəlmişdi. Kamyu ilk əsərlərini çap etdirəndə onu göylərə çıxarmışdılar. Zidan Fransanı 1998-cü ildə çempion edəndə şəklini Zəfər Tağının üstündə əks etdirmişdilər. Ancaq bir məqam gəldi ki, ikisi də pasportlarını yox, genetikalarını seçəsi oldular. Fransa-Əlcəzair müharibəsində Kamyudan tərəf seçməyini istəyəndə demişdi ki, mən anamı seçirəm. Zidan isə karyerasını 2006-cı ildə ona bacı söyüşü söyən Matteraziyə kəllə atmaqla yekunlaşdırdı. İkisi də şərqli köklərinə qayıtdılar, biri anasını, o biri bacısını seçməklə.

– Çingiz Abdullayev “Neftçi”nin Müşahidә Şurasına gәtirilәndәn bir ifadәsi mәşhurlaşdı bu camiәdә – “yazuz da, bunu da yazuz”. Sәncә, bizә (futbolumuza) bu lazım idimi?

– Çingiz müəllim futbol azarkeşi kimi qalsa və söhbətimizdə adını çəkdiyim yazıçı Qaleano kimi futbolla bağlı xatirələrini kitab kimi yazsa, daha faydalı olar.

– Azәrbaycan futbolunu nә dәrәcәdә izlәyirsәn?

– Son illər yalnız “Qarabağ”ın beynəlxalq arenadakı oyunlarına tam baxıram, vəssalam.

– Uzun illәrdәn sonra “Ballon D’Or” Messi-Ronaldo “inhisarından” sonra başqa birinә – Benzemaya verildi. Ona ilk böyük mükafatı da Zidan tәqdim etmişdi, “Ballon D’Or”u da Zidan verdi. Futbolun belә başqa hansı Hәmid Herisçi stilindә mistikalarını sezirsәn?

– Mistik, konspiroloji ssenarilər uydurmaq olar. Məsələn, real faktları azca improvizə edərək belə bir ssenari quraşdıraq: bilirik ki, PSJ klubunun 70 faizini adı mətbuata açıqlanmayan bir Qətər şirkəti alıb, PSJ-nin sponsoru da “Qatar Hava Yolları”dır, bu il çempionat da Qətərdə keçirilir. Bəlkə Messinin PSJ-yə transfer olması təsadüf deyil, bunun arxasında böyük bir ssenari var? Bu uydurmaya əsasən nəsə çəkilsə, “tiktok”da babat yayılar.

– Qurban Qurbanov obrazını necә ifadә edәrdin?

– Qurban Qurbanov hər sahədə canımıza hopmuş, iliyimizə işləmiş aşağılıq kompleksini öz sahəsində dəf etməyi bacardı. O, “Qarabağ” adının arxasında al-ver etmədi, ləyaqətlə davrandı. Mən “Qarabağ”ın məhdud imkanlarla qazandığı qələbələri, müasir futbolla bağlı peşəkar məsələlərlə yanaşı, bu ləyaqət hissinə bağlayıram. Qurban Qurbanov əvvəl-axır öz təsdiqini tapan məşhur düsturun ən bariz örnəyidir: ən böyük vətənpərvərlik peşəkarlıqdır.

– Qurbanovun maraqlı bir ifadәsi olmuşdu: “Qarabağı azad edәndәn sonra biz daha çox hücumda oynamaq istәyirik” – sanki qalib ölkәnin komandası kimi. Bu ruh yüksәkliyi, “dәmir yumruq” effektinә milli komandada da nail olmaq üçün nә lazımdır?

– Ömrümüzün yarısı bu klişeni eşitməklə keçib: “Bizdə kollektiv idman növləri alınmır, ancaq fərdi idman növlərində yaxşıyıq”. Əslində bu cümlə tarixi məğlubiyyətlərin və bunun nəticəsində özünü öz vətənində qürbətdə hiss etməyin təhtəlşüurda yaratdığı zədənin meyvəsidir. Ancaq 44 günlük müharibədə hər şey dəyişdi, məlum oldu ki, Qarabağ günü-gündən bizdən uzaqlaşan nisgilli nostalgiya deyilmiş, hələ də ürəklərdəki diri arzu, ortaq dəyər imiş. Yadımdadır, 90-cı illərin ortasında babamgilin qonşuluğunda Zəngilan qaçqını bir ailə yaşayırdı. Üç oğlanları vardı, uşaqlar futbolçu olmaq istəyirdilər, ataları hərəsini bir döyüş idman növünə yazdırmışdı… O vaxt əksəriyyət inanırdı ki, biz birlik ola bilmərik, ancaq bir-birimizə qarşı ola bilərik… Səhv bilmirəmsə, millimiz son beş oyununda qələbə qazanıb. Ruh yüksəkliyi üçün nə lazımdır? Əfsanəvi fransız şairi Bodlerin “Şər çiçəkləri” kitabında məşhur bir şeiri var: Albatros. Bu şeirdə Bodler səmanın ənginliyində məğrur, azad şəkildə uçan Albatros quşunu təsvir edir, onu şair azadlığının rəmzi kimi təqdim edir. Deyir ki, Albatros bəzən aşağıya, gəmilərə üz tutanda ordakı gönüqalın matroslar avarla bu gözəl, azad quşları vurub öz yanlarına salırlar, get-gedə onlar uçmağı yadırğayırlar. Yazır ki, kütlə də belədir, şair, dartıb səni öz yanına çəkmək istəyir. Bu gün həvəs qatili, ruh düşməni, mızqoyan “matros”lar sosial şəbəkələrin dənizində əlində “avar” dayanıb, yeni media tanrısına vermək üçün təzə qurban axtarırlar. Məncə, özünü başqasının uğurunda pay sahibi kimi göstərmək istəyən sovetdənqalma ortabablar aradan çıxsa, xeyli şey düzələcək.

– Vaxtilә “Şәmkir”dә oynamış Badri Kvaratsxeliyanın oğlu Xviça “Napoli”dә oynayır, orada Maradonayla müqayisә olunur, amma mәsәlәn, Mahir Emreli heç “Dinamo”da (Zaqreb) әsas heyәtdә möhkәmlәnә bilmir. Niyә?

– Görünür, bunun bir səbəbi bizim təcrübəmizdə xaricdə təmsil olunmaq ənənəsinin zəifliyidir. Gərək, xarici klubda oynayırsansa, ölkəni legioner kimi təmsil edirsənsə, oynadığın kluba “gəzməyə qürbət ölkə” janrında yanaşmayasan, işin haqqını verəsən.

– Sәncә, bizә AÇ vә ya DÇ-dә iştirak qismәt olacaq?

– Nəsə içimdə bir inam var ki, növbəti Avropa çempionatına qatılacağıq.

– Yadıma gәlir, sәnin “Berti Foqtsun gündәliyi” yazından sonra AFFA rәsmi saytında bizi mәhkәmәyә verәcәklәri barәdә mәlumat dәrc edilmişdi. TV vә dövri mәtbuatda yazının tәxәyyül mәhsulu olduğunu açıqlamağımızdan sonra hәmin materialı saytdan silmişdilәr. Uzun fasilәdәn sonra Azәrbaycan futbolunu nәzmә çәkmәk istәsәk, “dişә dәyәn” nәsә varmı, şair? Bәlkә futbolumuzu meyxana ilә dalaşdıraq?

– O vaxt sənin dəvətinlə həmin yazını – “Berti Foqtsun gündəliyi”ni yazanda fikrimdə bədii ədəbiyyatın bəzi fəndlərini idman mətbuatında sınamaq vardı. Həmin vaxtda, elə indi də düşünürəm ki, bizim jurnalistikamızda yaradıcılıq azdır, idman mətbuatında xüsusilə. Çünki idman jurnalistikasını daha çox statistika, icmal kimi başa düşürük, halbuki indi dünyada interdisiplinar, yəni sahələrarası əlaqə dövrüdür. İlk baxışdan bir-biriylə əlaqəsi olmayan sahələrin bir-biriylə izdivacı, birindən o birinə baxış. İndi mənə maraqlı gələn nəzmdən, meyxanadan çox, bədii ədəbiyyatda idman, yaxud futbol və futbolçunun obrazının necə ifadə edilməsidir. Məsələn, bizim ədəbiyyatda mərhum Şahmar Ələkbərzadənin 1974-cü ildə yazdığı “Pele” şeiri var. Dünya çempionatı başlayıb, bölüşmək olar:

Dünya çevrilərdi yaşıl meydana

Elə ki çıxardı Pele ekrana,

Qibtə eləyərdi ayağa başlar,

Milyard göz baxardı tele-ekrana.

Dünya başdan-başa, yalan olmasın,

Futbol dünyasının əfsanəsiydi.

Aldada-aldada diyirlətdiyi

Top deyil, elə bil Yer kürəsiydi.

Qapıçı vardımı qan ağlatmasın?!

Aldatmaq imanı, qollar diniydi.

Əbədi olaraq “Santos“ kralı,

Futbol fəzasının Qaqariniydi.

Topa şığıyanda titrərdi hamı.

Ürəklərdə təlaş, gözlərdə maraq…

Güclü zərbəsiylə deyərdin Yeri

Bir göz qırpımında Marsa vuracaq.

Allahlıq edərdi yaşıl meydanda

Sirli fəndləriylə, min hoqqasıyla.

Texnika əsrini ram eləmişdi,

Özünün oyunu, texnikasıyla.

Qızıldan qıçına heykəl qoyuldu.

Məəttəl qalmalı azmı iş olub?

Aya ayaq basan Armstronq da

Deyirlər Peleyə azarkeş olub.

Aldatmaq insanı gözdən salsa da,

Çatdırdı Peleni şöhrətə-şana.

Həsəd aparırdı ağıllı başlar,

Ağlı “topuğunda”olan oğlana.

Düşdü krallıqdan Peleliyindən

Ancaq sübut etdi; Kim dana bilər?

İnsan bir ömürdə ayağıyla da

Dünyada dahilik qazana bilər!

Yaxud dünya ədəbiyyatında futbolu bir məcaz kimi götürərək, dərin, bənzərsiz bir roman yazan, Ədəbiyyat üzrə Nobel mükafatçısı Peter Handke var. Romanın adı belədir: Qapıçının penalti qorxusu. Romanda söhbət futboldan getmir, futbol burada fondur, məcazdır. Romanın qəhrəmanı Blox bütün həyatını qapıçının penalti anındakı qorxusu içində yaşayır. Handke təxminən deyir, penalti vaxtı qapıçının ürəyindən keçir ki, bəlkə yalandan sağa meyllənim, rəqib topu sağa vurmaq istəyəndə istiqamətimi dəyişim, ancaq sonra qorxuya düşür – birdən o da mənim düşündüyümü düşünər… Romanın qəhrəmanı Blox da bu cür tərəddüdlər keçirir, bir qıza yaxınlaşmaq istəyir, düşünür ki, əvvəl yanına əyləşim, sonra filan sözü deyim, sonra penalti gözləyən qapıçı kimi qorxuya düşür, birdən qız da mənim düşündüyümü düşünər. Beləcə, Handke qorxunun, tərəddüdün, insanlar arasındakı ünsiyyətsizliyin qəribə məcazını tapır. Bir gün “Ədəbiyyatda futbol” adlı bir kitabça yazmaq istəyərəm.

– Hәr yeni ixtiranın “kitayskisini” çıxaran Çin futbolda öz başına niyә әncam qıla bilmir?

– Bir Çin zarafatı var, deyir, bizdə adam o qədər çoxdur ki, bilmirik hansı 11 nəfəri seçək. Yəqin ki, idarətetməylə bağlıdır, ancaq həm də yəqin ki, uzaq xəyal deyil, Çinin bu yuxusu da çin çıxacaq.

– Deyirlәr, idman jurnalistlәri әsasәn futboldan yazır. Qoy başqa növdәn dә mövzu açım. Vladimir Putin peşәkar cüdoçu olub. Amma deyәsәn, әks fәndә düşüb, lap İran uranı zәngilәşdirib qurtarsa belә, Putinin ippona uğrayacağı qaçılmazdır?

– Putin özünü Viktor Frankenşteyn hesab edir, SSRİ-nin cəsədi üstündə eksperimentlər aparıb imperiyanı diriltmək istəyir, ancaq rus mifologiyasındakı Ölməz Kaşşey belə ölümlüdür.

/futbolpress.az/

Share: