Bu gün jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin doğum günüdür.
Kulis.az onun haqqında maraqlı faktları təqdim edir.
Çingiz Fuad oğlu Mustafayev 1960-cı il, avqustun 29-da Həştərxan vilayətində doğulub.
***
Atası onu hərbçi, anası isə həkim görmək istəyirdi. Çingiz əvvəlcə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olunur, lakin bir müddət sonra o, hərbi məktəbi tərk edib təhsilini orta məktəbdə davam etdirir. Yasamal rayonunda yerləşən 167 saylı məktəbdən məzun olur.
Çingiz Azərbaycanda ilk disko-klubun (1970-ci illər) yaradıcısı olub. Azərbaycanın ilk diceyi kimi tanınır.
1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olur. Təhsilini başa vurandan sonra Şabran rayonunda üç il həkim işləyir. Daha sonra İnşaat Mühəndisləri İnstitutunun yataqxanasına baş həkim təyin edilir.
1983-cü ildə oxuduğu “Dünənki keçdi” adlı mahnı ilk yerli rep hesab edilir. Həmin dövrdə o, Bakıda “Sevinc” adlı kafe açır.
***
1990-cı illərdə Azərbaycan televiziyasında gedən “Ekspromt”, “Cümə axşamı” verilişlərinin, “Gənclik” estrada tamaşasının müəllifi, “Ozan” rok qrupunun, “215 kl” studiyasının (dövlət televiziyasındakı senzuraya görə) yaradıcısıdır.
***
20 Yanvar hadisələrini lentə alan Çingiz Mustafayevin cəsarəti sayəsində Azərbaycan həqiqətləri Amerikanın, Avropanın aparıcı teleagentliklərinə, televiziyalarına yol tapır.
Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkib. O, cəbhədə təkcə reportyor yox, həm də əsgər idi. Çingizin Laçın dəhlizindəki emosional çıxışını yəqin ki, hamı xatırlayır.
***
Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlardan sonra hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayev Xocalı faciəsi haqqında film çəkmişdilər.
O, 1992-ci ilin iyun ayının 15-də Əsgəran rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həyatını itirir…
Qardaşı Vahid Mustafayev: “Çingiz “ABC News” üçün material hazırlayırdı. Ağır yaralandı, onun sağ ayağının arterial damarı zədələndi və o, sürətli qanaxmadan döyüş meydanındaca dünyasını dəyişdi. Bununla da, Çingiz öz ölümünü çəkən yeganə tele-repartyor kimi tarixə düşdü…”
Qarabağ qazisi Bakir Behbudov: “Bircə onu deyim: Çingiz Mustafayev heç nədən öldü. Boş söhbətdir ki, guya onu bizimkilər vurub. Çünki döyüş zamanı hamıdan arxada dayanmışdı. Onu ermənilər vurub.”
Rasim Müzəffərli: “Təəssüf ki, hələ də Çingizin arxadan, özümüzünkülər tərəfindən vurulduğunu iddia edənlər var. Azərbaycan zabitinə, əsgərinə bu boyda şər atmaq vicdansızlıqdan başqa bir şey deyil. Çingizin yanında olan adamlar onu öz bədəni ilə qoruyanlardır. Burada faktlar da var. Mən çox təəssüflənirəm ki, bəzi detalları açıb deməyə məcbur oluram. Amma demək lazımdır. Çingizin cənazəsi yuyularkən orada olan insanardan biri kimi mən onun yarasını da görmüşəm, yarasının öndən olduğunu da, yarasının böyük dəlik olmasını da. Böyük dəlik o deməkdir ki, yəni güllə deyil, qəlpədir. Yaxından atılmış olsa, deşib arxadan çıxmalı idi, amma o çıxmamışdı. Şah damarından tutmuşdu. O da nəyə görə, əlini qaldırıb çəkiliş etdiyi üçün bronjileti yuxarı qalxmışdı. Çingizin ailəsindən və onu sevənlərdən dönə-dönə üzr istəyirəm, ancaq bu sözləri demək məcburiyyətində oldum…”
1979-cu ildən 1983-cü ilə kimi aktyor Lütfəli Abdullayevin qızı Gülnarə Abdullayeva ilə nişanlı olub. Ancaq dörd ildən sonra Gülnarə xanımla ayrılıblar.
“Çingiz Mustafayevlə tanışlığımız təsadüfən olub. Bacım Xurşud Konservatoriyanın komsomol katibi idi. Bakıda Abşeron adlı bir kafe var idi. Hər dəfə bir komsomol katibi həmin kafeni yoxlamağa gedirdi. Bacımın növbəsi olanda məni də özü ilə apardı. Ömrümdə birinci dəfə idi ki, diskotekaya gedirdim. Anam eşidəndə ki, diskotekaya gedirik, tərəddüd etdi. Amma bacım onu razı saldı. Çingiz Mustafayev həmin vaxt orada dicey işləyirdi. Səhnəyə çıxanda gözü mənə sataşdı. Arxamızca evimizə qədər gəlmişdi. Səhər mən dərsə gedəndə gördüm ki, Çingiz məni gözləyir. Beləliklə, münasibətlərimiz yarandı. Artıq dekabrda Naxış xanım bizə elçi gəldi. Anam da nişanlanmağımıza razı oldu.
Biz düz 4 il nişanlı qaldıq. Anam çox ciddi insan idi. Çingizin diskotekada işləməyi anama xoşuna gəlmirdi. Çingizlə ayrılığımıza səbəb anam oldu. Onun sözündən çıxa bilməzdim.”
***
Şahdağdakı “Çingiz zirvəsi” (4062 metr) ilk dəfə 2000-ci ildə fəth olunub.
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.