
Yer adlarımız tarixin bizə buraxdığı dəlil – sübutlar içində etibarlı sənədlərimizdən sayılsa da onlara müşahidə etdiyimiz laqeyd, başdansovdu münasibət acı təəssüf doğurur.
Açığı deyim ki, yanlış anlaşılan, əslində tarixin bir aydın nişanəsi, yadigarı olan və qədim türk tayfalarının adını daşıyan İqrek (əsli: İğraq), Çirkinli, Oğrukənd (əsli: Oğur kənd), Çındırlı (əsli: Candarlı), Siçanlı (əsli: Sincanlı) bilməməzlikdən təhrif olunan bu adlar qəbilindən yer adlarımız artıq yox olmaq təhlükəsiylə üzləşməli olmuşlar. Ad tarixdir; ona laqeyd münasibət öz keçmişinə hörmətsizlik təsiri bağışlayır. Bu adların tarixi bir neçə minilliklə ölçülür; bəs, onları əvəz etməli olan o sonrakı adlar Azərbaycan (eləcə də Türk coğrafiyası və tarixi üçün) üçün həmin dəyəri və əhəmiyyəti daşıya bilərdimi?! Yeri gəlmişkən deyim, mədəni ölkələrdə yer adları heç bir səbəb üzündən dəyişilə bilməz. O ölkələrdə yer adları Qırmızı Kitaba düşməklə mühafizə edilirlər. Artıq düşünmək vaxtı çatıb ki, yer adının dəyişdirilməsi əski bir əlyazmanı yandırmaq, qədim bir abidəni yıxıb uçurmaq deməkdir. Coğrafi adlar kimi tanıdığımız bu nümunələr müəyyən mənada həm də cəmiyyətin həyatında siyasi əhəmiyyətə malikdir.
Çirkinli adında Tovuz rayonunda (Azərbaycanda) kənd olmuşdur. Təəssüf ki, yerli əhali “Çirkinli” adının mənasını yanlış qəbul edərək onun “xoşagəlməz” (çirkli, çirkin, bulanıq, məcazi mənada gözəl olmayan, eyibli) mənasından çəkinərək bu qədim adı dəyişdirməyə nail olmuşlar. Bu zaman onun qədim adının müqabilində heç də uğurlu görünməyən yeni adla – Çeşməli adıyla əvəz etmişlər (1959). Halbuki, yanlış ad yoxdur. Yurdumuzu Kəlbəcər rayonunda da bu adda Quzey Çirkin kəndi vardır.
Xalqımızın soykökündə qədim oğuz eli olan Çirkinli tayfasınını öz yeri vardır. Tarixçi Rəşidəddinin “Qəhrəman tayfa” adlandırdığı çirkinlilərlə tarix səhifələrində moğol- tatar etnonimləri (xalq, tayfa, tirə, nəsil adları) sırasında qarşılaşırıq. (1.112) Belə ki, Çirkin tayfası Oriyat, Suqayıt, Tanqit, Corat, Küngüt, Zunun tayfaları kimi monqol-tatar yürüşlərində iştirak edən soylardandır. Hazırkı dövrdə göstərilən tayfaların adları kənd adlarımızda hifz olunmaqdadır. Əski çağ türkcəsində çirkin heç də çirkli, kirli deyil, əslində döyüşkən, savaşqan ruhlu “bulanıq, tutqun; zəhimli, qorxunc”, bir növ üzü boz (adam) mənalarını bildirmişdi. Müqayisə et: Bulanıq sular daşqın suların gücündən xəbər verdiyi kimi, boz, tutqun sifət də adamın cəsarətli xarakterini göstərir.
Qazaxıstanda (Çimkənd vilayəti) da bu addan imtina etmişlər. Yeni adı Kızıl Kışlakdır, digər Çirkin yer adını kazax variantına çevirmişlər. Eyni bayağı yanaşma Türkiyədə də ictimaiyyət arasında oxşar münasibət doğurmuşdur. Türkiyə ərazilərində də rast gəlinən Çirkinli adı yanlış anlaşıldığından dəyişdirilmiş, bu zaman adın “xoşagəlməz” mənasının əksinə olaraq onu “xoşagələn” adlarla əvəz etmişlər: Çirkinli (Ərzurumda) yeni adı : Bahçalı (Bağçalı), Çirkinli (İzmir) yeni adı Şirincə və ya Şirinyer, Sivasda Çirkin –indi Çaygören. (2, 230). Yazıçı Səbahaddin Alinin də bu anlaşılmazlığın davamı olan eyniadlı Çirkince adlı öyküsü var. Hekayədə də kəndin adı müasir anlamında qəbul edilməsi təəssüf doğurur və meyvəsini verir: Köyün hazırkı adı Şirincədir. Çirkinlinin əksins axtarıblar və “tapıblar” Eynən, Kırımdakı İçki “əziz, içgin, qəlbən istəkli” adını şərab mənasında anlamışlar ki, ona “yeni” ad – Probujdeniya “ayıqlıq” adı vermişlər. Çirkino Rusiyada (Moskva və Smolenskə bağlı) iki kənd adı olaraq yaşamağındadır.
Çirkinli- Çeşməli əvəzlənməsi Azərbaycandakı ad dəyişmələrinin (eləcə də türk coğrafiyasındakı eyni yanaşmalar) acı təəssüflər doğuracaq faktlarından biridir. Bunlar tarixi bilməməkdən, onu tanımamaqdan irəli gəlir. Xalqın tarixinə və onun mənşəyinin öyrənilməsinə etina etməyən vəzifə sahiblərinin gözlərini yumaraq qol çəkdikləri belə qərarlar tariximizn kasadlaşmasına və saxtalaşdırılmasına da gözüyumulu razılıq demək idi, təəssüf ki, öz tarini bilməməkdən irəli gəlirdi. Türk mənşəli rus familiyaları arasında Çirkin soyadları da vardır. Familiyanın Rusda mövcudluğunu Moğol-tatarların ordusunda olan Çirkin tayfasının mövcudluğu ilə bağlayırlar.
1. Гейбуллаев Г. К происхождении некоторых этнотопонимов Азербайджана(Сумгаит, кункут, джорат, ориат, тангид, чиркип). Доклады АН АЗЕРБ. ССР, 1975, №2.
2. Mehmet Eröz. Atatürk. Milliyyetçilik. Doğu Anadadolu. İstanbul, 1985
