ABDULLA CƏFƏR
Tanrının “Ol”undan üzübəri günümüzə Əlahəzrət Söz inkişafda, dinamikadadır. Müqəddəs kitabımız “Qurani-Kərim”də müqəddəs sayılan nəsnələrdən biri də Soz, kəlamdır. Bu mülkə xidmət edən şairlər söz sərrafları olaraq Tanrı ilə adəm övladı arasında əlaqə yaradan müqəddəs şəxslərdir. İslam dini İslama və əxlaqa zidd olmayan müsbət mahiyyətli şeiri bəyənmiş və buna həvəsləndirmişdir. Peyğəmbərimiz Muhəmməd (s. a. v.) bu barədə belə buyurub: “Şeirin bir hissəsi hikmətdir”. (Buxari, Ədəb, 90.) Buna əlavə olaraq başda Buxari olmaqla bir çox hədis kitabında belə bildirilir ki, peyğəmbərimiz şəxsən özü şeir demiş, Həsən bin Sabit və Amir bin Əl-Əqva kimi bəzi şair əshabələrinə də bu məsələdə icazə vermiş və həmin şeirlərə özü də qulaq asmışdır. Bax beləcə Ulu Peyğəmbərdən günümüzə həqiqi şairlər cəmiyyətin sevilən, elitar təbəqəsi sayılmış, cəmiyyətdaxilində sevilmişlər.
Söz yaradıcılığı günümüzdə də inkişafdadır. Ədəbi prosesdə bir yazar bolluğu sezilməkdədir. Azərbaycan xalqı şair xalq olduğundan, dilimizin səlis və rəvanlığı imkan verir ki, hamı yazsın, bəlkə də hamı şeir diliylə danışsın. Amma hamıda bu alınırmı? Bax əsl paradoksallıq bu. Bu bolluqda həqiqətən yazan da var, baş girləyib gün keçirən də. Belələrini oxuyanda az qala xəsislik etmədən “səxavətlə” müəllifi mərtəbə vahidləri ilə, ya da həndəsi silsiləli nifrinə “qonaq” edirsən. Belələri əsl “zorən təbib”lərdir.
Amma insafən yaxşı yazarlar da vardır. Yaradıcılığı özünəməxsys, original olan yazarlarla – şairlərlə rastlaşanda hələ də “sükan”ın etibarlı əllərdə olmasından qürurlanırsan. Bu gün ədəbi prosesdə imsazı kifayət qədər bəlli olan Abdulla Cəfər də belə yazarlarımızdandır. Şeirlərindən, misralarından birbaşa özü boy verən, öz dəst-xətti seçilən yazarlarımızdandır Abdulla Cəfər.
Cəfərli Abdulla Həmid oğlu 1963-cü ilin mart ayında Qərbi Azərbaycanımızın Zəngəzur mahalının Nüvədi kəndində anadan olub. Ali təhsillidir. Azərbaycan Tazıçılar Birliyinin üzvü, 3 kitab müəllifidir. Əsərləri müxtəlif kütləvi informasiya vasitələrində, almanaxlarda, ədəbi toplularda, sosial şəbəkələrdə mütəmadi olaraq yayımlanmaqdadır. Ailəlidir, iki övladı var.
Abdulla Cəfər bu gün çoxsaylı oxucuları tərəfindən sevilərək oxunur və oxunduqca da çevrə xaricində tanınır. Kamil bir şəxsiyyət və kamil bir yazar olaraq ədəbi aləmdə öz imzasını artıq sözün tam mənasında təsdiq etmişdir. Hər bir şəxsiyyətin kamillik səviyyəsi onun qarşıya qoyduğu nəcib amal və məqsədlərdə, ülvi niyyətlərdə ifadə olunur. Belə seçilmiş insanların dərk edilmiş məsuliyyətə əsaslanan əməli fəaliyyətləri onların mənalı həyat yolunu, cəmiyyətdəki layiqli mövqeyini, ictimai statusunu müəyyənləşdirməklə yanaşı, həm də yaradıcı imkanlarını genişləndirir. Ziyalı adına layiq belə insanlar yüksək poetik təfəkkür və bədii təxəyyülləri ilə xalqımızın özünəməxsus keyfiyyətlərini, zəngin mənəvi aləmini çoxsaylı əsərlərində parlaq şəkildə təcəssüm etdirirlər.
Abdulla Cəfər yaradıcılığı çoxşaxəliliyi ilə diqqəti cəlb edir. Sevgidən, məhəbbətdən tutmuş cəmiyyətdaxili təzadlaradək hər nə desən var Onun yaradıcılığında. İşıqlandırdığı problemlər də çağdaş ədəbiyyatın bir nömrəli problemləridir ki, onun yaradıcılığında öz həlli yolunu asanlıqla tapır.
Gözlərim yol çəkir illər uzunu,
Qayıt gəl, könlümün ərit buzunu,
Qaytar həyatımın dadı, duzunu,
Niyə uçub getdin körpə quş kimi?
Abdulla müəllim sadəcə söz yığınından qaçır, ədəbi priyomlardan yerli-yerində istifadə edir, nəzm və nizam qaydalarına uyğun yaradıcılıq nümunələri ortaya qoyur, oxucusuna təqdim edir.
Şair hissə qapılaraq bəzən təzadlardan bezir, taleyə, qədərə asilik nümayiş etdirir:
Ruhsuz can da bədəndirsə,
Hamı Sənin bəndəndirsə,
Gələn bəla səndəndirsə,
Bəndəlikdən çıxar məni.
Eləcə də təzadlar daxilində çaba verərək insan oğlunun özünü suç ortağı olaraq günahlandırır, suçlayır. Elə bundan dolayı da insan oğlunun haqq etdiyinə nail olmasını təbiiliklə qarşılayır Abdulla müəllim:
İçimdəki bir ahdısa,
Etdiklərim günahdısa,
Cəza verən Allahdısa,
Hər nə etsə az eyləyir.
Qismət kimi baxıb cana,
Şam tək ölsən- yana-yana,
Aparmağa son ünvana,
Əzrayıl da naz eyləyir.
Son dövrlər cəmiyyət daxilində təzadlar o,qədər çoxalıb ki, çox vaxt “kimin kimdən xəbəri var” ki, deyib zəmanəni qınayırlar. Təzadlar o, qədər çoxalıb ki, suçlamağa kimsə yox. Suçlu kimsə heç yada da düşmür. Hamı öz hayında, harayındadır.
Səhvini anlayıb dizinə döyən,
Bəxtəvər yanında bəxtini söyən,
Buz kimi yataqda əsən, titrəyən,
Bədənin halını tül bilə bilməz.
Aldığı hərarət yad nəfəsdisə,
Zövqü, hərəkəti bir həvəsdisə,
Bülbülün məskəni dar qəfəsdisə,
Çəkdiyi ahları gül bilə bilməz.
Bax beləcə şair Abdulla Cəfər yaradıcılığını vərəqlədikcə ürəyimə, könlümə yatan şeirlərdən sitatlar, nümunələr gətirdim. Təbii ki, hər bir oxucu onun əsərlərinə bələd olduqca dediklərimə, arqumentlərimə bir daha haqq qazandırmış olacaq. Şairlərin cəmiyyətdə mövqeyi, missiyasının açımını da elə o özü şeir diliylə çatdırır:
Sevilən məzar kimidir
Özünün qəlbi yaradır,
Misra gülür şeirində.
Hər bir günü ağ, qaradır,
Hamı kimi şairin də.
Bəzən susub lal dayanar,
İlhamı gəlsə oyanar,
Yananda Kərəm tək yanar,
Sarı simi şairin də.
Qızlar pişvaza duranda,
Arada “əlli” vuranda,
Ruhu bədəni yoranda,
Gələr dəmi şairin də.
Şairləri sevmək nə ki?
Oxucum, bax, sən də de ki,
Pəri kimi, mələk təki,
Olmaz kəmi şairin də.
Gözlərdən yaşlar itəndə,
Aşiq məşuqa yetəndə,
Qanlı savaşlar bitəndə,
Bitər qəmi şairin də.
Çiynində Tanrı əlidir,
Xəyalı dağın selidir,
Demə, şairlər dəlidir,
Vardır çəmi şairin də.
Özünü şam tək əridir,
Ölməz, hər zaman diridir.
Sevilən məzar kimidir-
Bitməz nəmi, şairin də.
Bax beləcə problemin qoyuluşunu da, elə açımını da professionalcasına şeir dili ilə verir Abdulla Cəfər. Şairə yaradıcılıq uğurları arzulayaraq yaradıcılığını oxucuların ixtiyarına verirəm.
Leyla Qadir qızı Məcidova
Tarix üzrə fəlsəfə doktoru
Lənkəran Dövlət Universitetinin baş müəllimi