Müstəqil.Az “O səs Türkiyə” mahnı yarışmasında ifası ilə böyük rezonans doğuran və “azərbaycanlı çoban” kimi məşhurlaşan gənc ifaçı Pərvin Səfərovun müsahibəsini təqdim edir.
– Pərvin bəy, “O səs Türkiyə” müsabiqəsinin birinci turunda uğurla çıxış etdiniz. Növbəti turda istər-istəməz gözləntilər böyük olacaq. Hazırlıqlar necə gedir?
– Müsabiqədən əvvəl Milli Konservatoriyaya gedib-gəlirdim. Qərarlaşdırmışdıq ki, sentyabrdan dərs alım, lakin sonradan Türkiyəyə getdiyimə görə bu planımızı təxirə salmalı olduq.
Xalq artisti, professor Siyavuş Kərimi ilə görüşəndə müsabiqəyə getmək məsələsi yox idi. Onlar təklif etdilər ki, Konservatoriyada qeyri-rəsmi formada da olsa, hazırlaşım. Noyabrın 30-dan Milli Konservatoriyada dərslərə başlamışam. İlk dərsimi milli vokalçı, əməkdar artist Anar Şuşalıdan aldım. Həftədə iki dəfə müəllimlərdən dərs alacağam. Hələlik təkcə milli vokaldan dərs alıram. Anar Şuşalı ilk məşqlərdə məndən razı qaldı. Dedi, gözəl, güclü səsim var, ancaq çatışmazlıqlar yox deyil.
Hazırlıqlarda milli musiqimizə daha çox üstünlük verəcəyəm. Bundan başqa, bir-iki türk musiqisini də xırdalıqları ilə öyrənməyi düşünürəm, çünki auditoriyanı da nəzərə almaq lazımdır.
– Sizi Konservatoriyaya imtahansız götürmək istəyirdilər. Bu barədə nə deyə bilərsiniz?
– May ayında Siyavuş müəllim məni Konservatoriyaya dəvət etdi. Mənsum İbrahimov, Aygün Bayramova kimi sənətkarlar məni dinlədilər. Siyavuş müəllim dedi ki, Pərvin istedadlı gəncdir, ona dəstək olmaq lazımdır, bu barədə DİM-ə bildirək, istedadını nəzərə alıb Pərvinə kömək etsinlər. DİM addım atsa, yaxşı olardı, ancaq hər hansı bir köməklik olmadı.
Bundan sonra Konservatoriyanın qəbul imtahanında iştirak etsəm də, 7 balım çatmadı, imtahanı keçə bilmədim.
– Bəs “Acun media” sizi necə tapdı?
– Müsabiqədən əvvəl çəkdiyim videolar mediada gündəm olduğuna görə türkiyəli izləyicilər xahiş etmişdilər ki, məni verilişə dəvət etsinlər. Bundan sonra mənə Feysbukda yazdılar, dəvət etdilər. Təkcə TV 8-dən yox, başqa televiziyalardan da dəvət almışam. Seçim qarşısında qalanda TV 8-də yayımlanan “O səs Türkiyə” müsabiqəsinə qatılmağa üstünlük verdim.
– Türkiyəyə gedib-gəlmək xərclərinizi kim qarşıladı?
– Bütün xərclərimi “Acun media” qarşılayıb. Hələ sentyabrda mənimlə əlaqə saxlayanda özlərindən soruşmuşdum, demişdilər, narahat olma, bütün xərclər bizlikdir.
– Yəni başqa müsabiqələrdən də sizə dəvət göndəriblər?
– Bəli, hətta “Foks” kanalında yayımlanan “Sən istə yetər” adlı proqrama solist kimi işləməyə dəvət etmişdilər. Onlar da söz verdilər ki, qalmağı və digər xərcləri qarşılayacaqlar. Bundan əlavə, məni Türkiyənin ATV kanalında yayımlanan Esra Ərolun evlənmə proqramına qonaq qismində, eyni zamanda, TV 8-də həyat hekayəsi ilə bağlı verilişə çağırmışdılar. Yarışmaya qatılanda belə böyük layihələrə dəvət alacağımı heç düşünməmişdim.
– Deyirsiniz ki, “Acun media”dan əlavə xeyli iş təklifi almısınız. Bəs niyə məhz ”O səs Türkiyə”yə qatılmaq istədiniz?
– Düşündüm ki, bu müsabiqə mənə böyük uğur gətirəcək bir layihədir, iş təklifləri bundan sonra yenə olacaq. Yarışma bitdikdən sonra başqa layihələrdə işləyə bilərəm.
– “Acun media” sizə bu barədə hansısa şərt qoyub?
– Yox, sadəcə onlar istədilər ki, ilk olaraq bu layihədə iştirak edim. Çünki müsabiqəyə qədər Türkiyədən bir çox izləyici yazırdı ki, “O səs”ə qatılım. Belə desək, “Acun media” izləyicilərə sürpriz etməyi düşünürdü, mən də bunu pozmaq istəmədim.
– Yarışmadakı çıxışınızdan sonra təkcə Azərbaycanda deyil, Türkiyədə də tanındınız. Həyatınızda nələr dəyişdi?
– “O səs Türkiyə”dəki çıxışım yayımlandığı gündən etibarən Feysbukda, Yutub kanalımda izləyicilərimin sayı artdı. Əvvəllər Yutub kanalımda 5 min izləyicim var idisə, indi onların sayı 12 mindir. Yenə də iş təklifləri gəlməyə davam edir. Əvvəllər məni bir-iki ölkədə tanıyırdılarsa, indi Almaniyada və başqa ölkələrdə də tanıyırlar.
– Türkiyəli dinləyiciləriniz sizdən hansısa mahnıları oxumağınızı xahiş edirmi?
– Əlbəttə. Bəzi türkiyəli izləyicilər onların milli mahnılarından oxumağımı istəyirlər. Ona görə də hərdən türk klassiklərindən ifalar etməyə çalışıram.
– Bir çox izləyici sizi “məşhur azərbaycanlı çoban” kimi tanıdı. Bundan sonra təsərrüfatda işləməyi düşünürsünüzmü?
– Uzun zaman təsərrüfatımızda maldarlıqla məşğul olmuşam, amma hər zaman musiqiyə marağım olub. Bu yaşıma qədər belə bir şansım olmamışdı. Artıq gec də olsa, belə bir fürsət tapmışam. Bəzi insanların gördüyüm işə münasibəti o qədər də yaxşı deyil. İfaçı olmaq arzusundayam və indi qarşımda belə bir yol açılıb. Bu yola qədəm qoymuşamsa, artıq heyvanlardan uzaqlaşmalıyam. İfaçı kimi bu sənətin sirlərini öyrənməliyəm.
Büllurə Yunus