Cocuq Mərcanlı kəndində su təchizatı infrastrukturu yaradılıb

2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində erməni işğalından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılıb.

 

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu işlər çərçivəsində 50 fərdi yaşayış evi, ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, avtomobil yolu çəkilib. Artıq 172 nəfərdən ibarət 45 ailə öz doğma yurduna qayıdıb. Hazırda 100 fərdi yaşayış evinin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi davam etdirilir.

 

Cocuq Mərcanlı kəndində əhalini içməli su ilə təmin etmək üçün su təchizatı infrastrukturu yaradılıb. Bu məqsədlə subartezian quyusu qazılıb, su xətti çəkilərək bütün yaşayış evləri içməli su ilə təmin edilib.  Sakinlərə operativ və  keyfiyyətli xidmət göstərilməsi məqsədilə kənddə “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin Cəbrayıl Sukanal İdarəsinin Cocuq Mərcanlı sahəsi yaradılıb. Gələcəkdə kəndin su təchizatı bu xidmət sahəsi tərəfindən həyata keçiriləcək.

 

Noyabrın 17-də “Azərsu” ASC və Cəbrayıl RİH rəhbərliyinin iştirakı ilə xidmət sahəsi binasına baxış keçirilib. Burada yaradılmış şəraitlə tanış olan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov kənd sakinlərinə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə müvafiq tapşırıqlar verib.

Share: