Eldar
Cəlilabad rayonunun Lallar kəndindən olan, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsinin şəhidi (12 may 1994-cü il) Həsənov Eldar İsfəndiyar oğlunun ölməz xatirəsinə ithaf edirəm.
Düşmən tapdağından azad edilmiş
Hər qarış torpaqda şəhid qanı var.
Müqəddəs yurd üçün canından keçən,
Bu xalqın nə qədər qəhrəmanı var.
Hansı mərd igiddən düşərsə söhbət,
Görürük hünəri kitaba sığmaz,
Müqəddəs duyğular, inam, cəsarət
Onlarda nə qədər… hesaba sığmaz.
Belə oğullardan biridir Eldar,
Aslan tək döyüşüb yağılar ilə,
Yurdun ər övladı, nəridir Eldar,
Vətən – Vətən olur oğullarıyla.
Doğma Cəlilabadın ucaltdı adın,
Dedi, torpaq heç vaxt, pay ola bilməz,
Almışdı düşmənin gözünün odun,
Elə oğul idi, qolu bükülməz.
Kəşfiyyatçı polis, bir əfsanəydi,
Neçə ermənini məhv eyləmişdi,
Dostlar arasında bir nümunəydi,
Qələbə bizimdir, hey, söyləmişdi.
Səksəkəyə düşüb qorxularından
Düşmənlər başına qoydu mükafat,
“Eldar” görürdülər yuxularında
Əlli min dollar e… deyil zarafat.
Nə qədər döyüşdə, rəşadətiylə,
Düşməni məhv edib əzirdi Eldar,
Tükənməz hünəri, mətanətiylə,
Həmişə qürurla gəzirdi Eldar.
Horadiz uğrunda döyüş zamanı
Eldar da şəhidlik şərbətin içdi,
Tanrı bəyənmişdi bu qəhrəmanı
O da əbədilik cənnət köçdü.
Uyu, məzarında ey gözəl insan,
Sənin arzuların, açıb gül, indi,
Şəhid qardaşların yazdı bir dastan,
Bir yolluq Qarabağ bizim, bizimdir.
10.12.2022.
Azərbaycan muğamı
Sevincimdir, ahımdır,
Zabulum, Segahımdır,
Rastım, Çahargahımdır,
Azərbaycan muğamı.
Anamın laylasıdır,
Ruhumun qidasıdır,
Könlümün sevdasıdır,
Azərbaycan muğamı.
Min sualdır, tap, ayır,
Bizi hara aparır?
Özümüzdən qoparır,
Azərbaycan muğamı.
Nağıldır, əfsanədir,
Keçmişdən nişanədir,
Köhnəlmir, səbəb nədir?
Azərbaycan muğamı.
Solmayan baharımdır,
Kamanımdır, tarımdır,
Xanımdır, Cabbarımdır,
Azərbaycan muğamı.
Bir kamillik dastanı,
Artır şöhrəti, şanı,
Fəth eyləyir dünyanı,
Azərbaycan muğamı.
2011-ci il.
TELLİ SAZ
Sən, Dədə Qorqudun yadigarısan
Xalqımın kimliyi, etibarısan,
Bütün Türk elinin iftixarısan,
Harada səslənsən əhval olur saz,
Necə də doğmasan, bizə, telli saz.
Yolların çətindir, daşlı – kəsəkli,
Daima olmusan aydın məsləkli,
Nəğmələr demisən təmiz diləkli,
Qarda, sərt boranda gətirmisən yaz,
Necə də doğmasan, bizə, telli saz.
Hər zaman kökdəsən, həyatcanlısan,
Ələsgər, Azaflı, Tufarqanlısan,
Qurbani, Ədalət, Bozalqanlısan,
Qoşaca qanaddır xoş söz, xoş avaz,
Necə də doğmasan, bizə, telli saz.
Saz ilə söhbətin yeri başqadır,
Evlərdə məkanın daim başdadır,
Sənlə keçən ömür vallah bal dadır,
Sənsiz məclislərin ləzzəti olmaz,
Necə də doğmasan, bizə, telli saz.
Xəbər gətir Göyçə, Təbriz elindən,
“Şikəstə,” “Dübeyti,” “Sarı tel”indən,
“Ruhani,” “Dilqəmi,” “İncəgülü”ndən –
Dinləsəm, heç zaman ürəyim doymaz,
Necə də doğmasan bizə, telli saz.
2011-ci il