“Coşub daşan ağ dalğalar yüksələcək göy üzünə, buludları qovlamaqçün..”- Ceyhun Aranlı

Müstəqil.Az -ın “Yaradıcılıq işığı” rubrikasında Ceyhun Aranlıdan yeni şeirləri təqdim edirik:
Mən “Turan” deyirəm!
Ceyhun Aranlı
 
Adımı sorsalar, Türk oğlu Türküm,
Buna çatır mənim, hünərim, ərkim
Vətənin haradır sorursa hər kim,
Mən Turan deyirəm, sən nə deyirsən?
 
Ərən igidlərin dastanın yapan,
Dədəm Qorqud olub,ərə ad tapan.
Cəng günü, qabaqda yağız at çapan,
Mete xan deyirəm, sən nə deyirsən?
Mən Turan deyirəm, sən nə deyirsən?
 
Var böyük Atillam,Bilgə xaqanım,
Kül Tigin, yenilməz şirim, aslanım,
Fars bilir, Tomrisin qanıdır qanım,
Qana-qan deyirəm, sən nə deyirsən?
Mən Turan deyirəm, sən nə deyirsən?
 
Zülmətə nur saçan ulu Babəkə
Nə zülüm güc gəlib, nə müstəmləkə,
Kim onun adını qürurla çəkə,
Öpüb, “can! “deyirəm, sən nə deyirsən?
Mən Turan deyirəm, sən nə deyirsən?
 
Türk oğlu! söyərəm, duyub biləsən,
Topun lüləsini qılıncla kəsən,
Xətayi atanın övladısan sən,
Ya, yalan deyirəm? sən nə deyirsən?
Mən Turan deyirəm, sən nə deyirsən?
 
İgid Mübarizə, aslan oğluna,
Qoşsun Ozan babam dastan, oğluna.
O türk qardaşıma, Turan oğluna ,
Qəhrəman deyirəm, sən nə deyirsən?
Mən Turan deyirəm, sən nə deyirsən?
 
Hanı Elçibəylər, Rəsulzadələr,
Bozqırı yurd edən bozqurdlar bilər,
Bir bozqurd getdimi, min bozqurd gələr.
“Qalx, oyan!” deyirəm, sən nə deyirsən?
Mən Turan deyirəm, sən nə deyirsən?
……
Qorxur
Qorxur karuseldən yetim uşaqlar,
Fırlanmaq kamında olsalar, belə.
Yüksəlmək qorxudur bu səfilləri…
 
Çünki, bircə dəfə, tutub əlindən,
Mindirib fırladan olmayıb hələ,
Kimsəsi olmayan bu tifilləri…
 
Məndə də həyatın zirvələrinə,
ucalmaq,
yüksəlmək arzusu vardır,
lakin,
bu zirvənin pillələrinə,
yol almaq,
yönəlmək qorxusu vardır.
kənardan baxıram yüksələnlərə,
zirvələr qoynunda yurd salanlara,
bir də, mənim kimi, aşağılarda,
ömrünü çürüdüb,
qurd salanlara.
Deyirəm,
ay tifil, yetər, dinc otur!
bəlkə də,
mənim də qismətim budur,
ətəkdə qurd salam, bitəm, çürüyəm,
bəlkə də,
əlimdən yoxdu tutanım,
ya bəlkə,
Allahdan yetim biriyəm?
Yox, səbəb başqadır,
çünki, həyatda,
bütün yetimlərin Allahı vardır.
Ya bəlkə,
zirvədə durmuşam elə,
özümdən xəbərsiz, kütün biriyəm?
Kim deyir, ulduzlar yüksəklərdədir,
itlər aşağıdan baxır onlara?
Bəlkə,
ulduzların xəyalındakı yüksəkdən
boylanan itin biriyəm?
 
Hər kəsin üzünə
lütf edən, gülən,
səadət libasın geyinə bilən,
yalnız,
aynalara baxdığım zaman,
gözlərim anladır:
“lütün biriyəm!”
 
Özümə aynada baxıb deyirəm:
Bəlkə də,
ucalıq bunun özüdür,
təbii halınla daha gözəlsən,
sən bu camalınla daha gözəlsən.
bəlkə də,
yaraşmır yad libas sənə,
bəlkə,
saxta sima deyil xas sənə?
bəlkə də,
ən uca məkandasan sən?
bəlkə səhv fikirdə,
gümandasan sən?
bəlkə də,
əslində, yetimlər deyil,
qorxur karuseldən bütün körpələr?
fırlanmaq kamında olsalar belə…
…..
Öyrəşmişik,
evdən çıxıb ayrılanda,
qapısını bağlamağa.
Açarı da, düz qapının yanındakı
bir daş altda saxlamağa…
 
İllər öncə, ayrılalı,
ürəyimin qapısını bağlamışam,
qoymuşam bu sevginin də,
bir daş altda, bir daş üstə…
 
Çürüdəcək bu açarı
Fəsillərin ən qəddarı,
Nəhs illərin ən qəddarı,
Bir daş altda.
Qarışacaq bu açarın çürük cismi torpaqlara,
Qovuşacaq bu açarın ruhu göyə,
Göyə niyə?
Niyə göyə?
Nəyə görə?
Göyə deyil,
üstündəki daşa hopub yaşayacaq.
Yaş axacaq
bu kimsəsiz,
bu açarı tapılmayan köhnə evin kənarından ötənlərin gözlərindən.
Yaş axacaq bax, bu evin qarşısında,
Yaşlar sel olub axacaq,
Yaşlar axıb sel olacaq,
Daxilində açar olan həmin daşı sel alacaq
qucağına,
sel qatacaq qabağına,
daşıyacaq…
Daşıyacaq göy dənizə çatanacan,
düz o daşı dalğaların qucağına atanacan.
Daş düşəcək göy dənizdə, dalğaların ağuşuna.
Dalğaların gəmisində hey üzəcək
Göy dənizin o başına, bu başına.
Göy üzünün qəzəbindən
qaralacaq göy bənizi,
əsəbindən,
ağlayaraq buludların göz yaşına,
yağışına qərq edəcək göy dənizi.
Uğuldayıb küləyilə coşduracaq sularını,
yağışıyla daşdıracaq sularını,
Coşub daşan ağ dalğalar
yüksələcək göy üzünə,
buludları qovlamaqçün,
Coşub daşan ağ dalğanın üstündəki
həmin daş da yüksələcək göy üzünə.
Göy qorxacaq həmin daşdan,
Döyüşməkçün,
odlu şimşək qılıncını çıxaracaq,
Bir zərbədə daşı vurub parça-parça qoparacaq.
Qəlpələnib töküləcək göydəki daş.
İçindən bir açar çıxıb, göy üzündən sallanacaq.
Onda,
bizim ruhlarımız çoxdan göyə yollanacaq.
Sən götürüb o açarı,
salacaqsan ürəyimin qapısına…
Həmin anda,
göy üzünün bulud üzü birdən-birə,
yappoz kimi ayrılacaq iki yerə.
Parlaq günəş görünəcək buludların arxasından,
İkimiz də,
Yer üzünə səadətlə baxacağıq,
parlaq göyün ortasından.
 
Müstəqil.Az
Share: