Bəzi ictimai-siyasi fəallar milli məsələdə uğurlar əldə edilərkən sanki qıcıqlanıb, daha aqressiv mövqe sərgiləyirlər.
Tarixən də belə olub.
1991-ci ilin aprel ayında mərhum Prezident Ayaz Mütəllibov fürsətdən istifadə edib, (Mart referendumunda – SSRİ-nin saxlanılması – Azərbaycanın iştirakı və nəticələr, Ermənistanın isə boykot qərarından sonra) ovaxtkı Dağlıq Qarabağ ərazisində OMON – un iştirakı ilə təmizləmə əməliyyatına başladı. Xocalı Aeroportu belə nəzarətə götürüldü, Çaykənd, Buzluq, Mənəşid əməliyyatları uğurla yekunlaşdı.
Elə həmin vaxt (daha dəqiq, 21 may) AXC- nin məşhur bəyanatı oldu və İnternasionalın Pribaltika Qurultayında nümayəndələr Qorbaçova müraciət qəbul etdilər. 1 iyunda Moskva əməliyyatların dayandırılması barədə qəti mövqe qoydu və Bakı geri çəkilməyə məcbur oldu.
12 iyun 1992-ci ildə rəhmətlik Əbülfəz Elçibəyin rəhbərliyi ilə Qarabağda təmizləmə əməliyyatı başladı. Avqustun sonuna kimi uğurla davam edən əməliyyatlarda yenə siyasi- ictimai təşkilatlar aktivləşdi, hətta ABŞ konqresi 907-ci əlavəni qəbul etdi, kimin gücü hardan çatdı, maraqlara qarşı durdu. Nəticədə, Rusiya da, Qərb də üstümüzə gəldi və itkilər başladı.
İndi 44 günlük savaşdakı böyük qələbədən sonra tarixi bir addım atılıb. Dövlət sərhədimiz tam bağlanıb, ordumuz, sərhədçilərimiz, bir sözlə, hamı əlindən gələni edir.
Yenə də üstümüzə gələnlər var, kiminin səsi bərk, kimininki yavaş çıxır. Hər dövlət öz marağına uyğun davranır. Təbiidir… Siyasət maraqlardır…
Bəs bizə nə olub?
Demokratiyanın olmadığını indimi görürsünüz?
Yoxsa, iqtisadi – sosial vəziyyət əvvəlkilərdən kəskin fərqlənir?
Nədir bu çığırtılar, isterikalar?
Düymələrmi basılıb?!!!
Yoxsa, qorxursunuz ki, Qarabağda İlham Əliyev qələbəni tam təmin edərsə, hakimiyyətə gəlmək şansı tükənir?
Nə, nə, nə?!!!
Ey siyasət adına danışanlar!!!
Vətən torpağı bütövləşsin də mən, sən, o, biz, siz heç hakimiyyətə gəlməyək…
Qarabağda yüz ilin yarası sağalsın da, biz az yeyək.
Şuşa, Laçın, Kəlbəcər kimi Xankəndi və Xocalıda, Ağdərə və Xocavənddə, Əsgəranda bayrağımız dalğalansın da demokratikləşmə qoy bir az ləngisin.
Siyasət fürsətləri düzgün dəyərləndirməkdir.
Gün o gündür… Əl-ələ verib, birdəfəlik milli dərdə çevrilən bu yaranı sağaltmalıyıq.
Daha “Ermənistan niyə postu bizdən bir gün əvvəl qurdu”, “ekoaktivistlər oyun idi”, “bunlar Rusiyanın və ya kimlərinsə razılığı ilə olur” və s. kimi ucuz variantlarla ürəkləri bulandırmayaq.
Nə fərqi kim razılıq verdi, nə fərqi bir gün tez, ya gec quruldu, məsələ xeyrimizdirsə, dəstək durmalı və müdafiə etməliyik.
Ekoaktivistlərin başladığı aksiyanın nəticəsidir Laçın keçid məntəqəsinin yaranması həm də…
Hər fürsət yarananda fürsətcillik edib kimlərəsə qoşularaq, Vətənin üstünə gəlməyin.
Problemlərimizin həlli üçün bir az geri çəkilməyi də bacarın.
Hər şey Vətən marağından başlayır, zatən illərdir mövcud problemlər var, fərq bircə ondadır ki, indi Qarabağ problemi o problemlər sırasından çıxır…
İlk istədiyimiz bu deyildimi?
Toxdayın, Qarabağ üçün, Vətən, Azərbaycan üçün!
Vətən üstünə ulayan bayquşların səsinə səs verməyin. Qoy dünya da görsün ki, biz Azərbaycan adına birik, bütövük!
Onsuz da onların dərdi nə demokratiya, nə haqq, nə ədalətdir. Maraqlarının arxasınca düşüblər.
Bizim maraqlarsa sərhəddən başlayır, hakimiyyətdən, demokratiyadan, hətta qarından əvvəl…
Vətən sərhəddən başlayır, Vətən sevmək sərhədsizdir!