Çox yaşayın, Günel xanım!

Çox yaşayın, Günel xanım!

Kaş hər bir kişiyə belə vəfalı, təəssübkeş ömür-gün yoldaşı qismət olaydı…

Heç vaxt reallaşmayacağını bildiyi bir arzusu var- atasını bir daha görmək arzusu. Atasının vaxtsız ölmünü ömrünün ən böyük uğursuzluğu hesab edir və atasıyla belə tez vidalaşmağı, onu çox üzür…

İnanclıdır. Allahın varlığına, qismətə, bəxtə, taleyə inanan adamdır. Bununla yanaşı, insanın həyatda işığı və ya qaranlığı özü seçdiyinə də əmindir…

Deyir ki;- “Mənə görə fiziki mənada uğurun bu həyatda ciddi anlamı yoxdur. Çünki əslində uğur deyə gördüklərimiz əslində həyatda etməli olduqlarımızdır. Bəzən insanlar ali təhsili, uğurlu işi, qazancı ciddi nailiyyət kimi görür, belə deyil. Kainat və Allahla münasibətdə səmimi olub, daim müsbət enerji ilə çalışsaq, demək olar ki, hər addımımız uğurlu olar və əslində belə də olmalıdır. Lakin cəmiyyətin böyük bir qismi “Allahdan buyruq, ağzıma quyruq” prinsipi ilə yaşayır və çox zəngin olmaq istəyir.”

Sevgi dolu insandır. Necə deyərlər, dilinin şirinliyi içindəki insan sevgisindən qaynaqlanır. Hamıya qarşı diqqətlidir. Cümləsinin əvvəl sözü də “can”dır, son kəlməsi də. Çox zirək adamdır. Heç vaxt tənbəl olmayıb. Bəlkə də bu onu uğura aparan ən yaxşı xüsusiyyətlərindən biridir. Həyatı dərindən dərk etməyi bacarır. Ən çətin vaxtlarda belə iradə və sevgi duyğularıyla mənfi enerjiyə qalib gəlir. Bütün ömrü boyu böyük sevgi ilə əhatə olunduğundan bu ruhda böyüyüb və o, sevgini ruhən, mənən almaq istəyən hər kəsə ötürürə bilir…

Bəli, haqqında söhbət açdığım Günel Gözəlova belə bir xanımdır. O, 1982-ci ilin avqust ayında Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini 159 saylı məktəbdə başa vuraraq, BDU-nun Jurnalistika fakültəsinə qəbul olunub. 2003-cü ildə bakalavr dərəcəsinə, 2005-ci ildə isə magistr dərəcəsinə yiyələnib. Nəticədə BDU-nu qırmızı diplomla bitirib. 2000-ci ildən həyatını televiziyaya bağlayıb. Əvvəlcə AzTv-də müxtəlif redksiyalarda jurnalist, redaktor, aparıcı kimi çalışsa da, sonradan bir müddət də “Media Holdinq” MMC-də və “Lider” televiziyasında çalışıb. Burada aparıcıdan, baş redaktor vəzifəsinədək yüksələ bilib. Bununla yanaşı ABA universitetində “Azərbaycan jurnalistkası” və “Beynəlxalq jurnalistika” fənlərini tədris də edib. Bir sözlə, Günel xanım əmək fəaliyyətində uzun yol keçib- Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi də olub, “Azərpoçt” MMC-nin şöbə müdiri-sözçüsü də işləyib, NRYTv-nin mətbuat xidmətinə rəhbərlik də edib, nazirin sözçüsü, “Bizimyol” MMC-də və s. təşkilatlarda öz peşəsi ilə bağlı müxtəlif vəzifələridə də çalışıb.
2022-ci ildən “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İB-nin sədri, 2023-cü ilin iyul ayından isə “MTV Azərbaycan” kanalının baş redaktorudur. Ailəlidir, bir qızı var…

Sədaqətli xanımdır, kaş hər bir kişiyə belə vəfalı, təəssübkeş ömür-gün yoldaşı qismət olaydı. Ötən illərin söhbətidir, həkim səhlənkarlığı ucbatından həyat yoldaşı Anar Gözəlov sağlamlığını itirərək, hətta ailə üzvlərini belə tanımırdı. Günel xanım, ərinin hüquqları uğrunda mübarizə apararaq, onu bu vəziyyətə salan cərrahın cəzalandırılması uğrunda necə mübarizə apardığının çox adam şahidi olub. Öz aramızdır, bu vəziyyət çoxumuza tanışdır. O qədər bəzi başıbatmış həkimlərin səhvindən adamlar ölüb ki… Necə deyərlər, yaxınları da həkim nağıllarına uyaraq, buna göz yumub susublar. Qan da batıb, can da. Şükür Allaha məhz Günel xanımın fədəkarlığı sayəsində uzun sürən müalicələrdən sonra Anarın əmək qabiliyyəti nisbətən də olsa bərpa olunub, II qrup əlildir. Hazırda Azal QSC-də şöbələrindən birində müdir müavini vəzifəsində çalışır…

Çox iradəli, əzmkar insandır. Xüsusi bir hobbisi olmasa da, harada çalışırsa, nə işlə məşğul olursa həmin işi hobbisinə çevirir ki, ən mükəmməlinə nail ola bilsin. Avqustun 5-də qırx bir yaşına adlasa da hələ də özünü gənc hesab edir və gənclərə tövsiyyə edir ki, zamanın, eləcə də sağlamlıqlarının qədrini bilsinlər. “Dünyada ən baha və sonradan geri dönüşü olmayan məhvumdur zaman.”- söyləyir. Və gileylənir ki, özü də zamana münasibətdə çox səxavətli olub, bunu ən böyük uğursuzluğu hesab edir. Ən böyük arzusu isə uzun və sağlam ömür sürməkdir.

Deyir ki;- “İnsan elə bir varlıqdır ki, onun arzuları bitib tükənmir, zaman-zaman dəyişir, hətta reallaşmasa da. Çünki belə olmasa insan kamilləşə və çox şeyin gözəl olmasına nail ola bilməz…”

Bəli, avqustun 5-də növbəti yaşı Günel Gözəlovanın ömrünə ilk qədəmini qoyacaq. Qədəmləri sayalı olsun! Gedərkən, özündən sonra gözəl izlər, xatirələr saxlasın!
Çox yaşayın, Günel xanım!

Elman Eldaroğlu

Share: