Sözünün dadı, duzu, şirinliyi ilə bizi qidalandıran, “Darıxan şeirləri” ilə bizi darıxmağa qoymayan, karantin ədəbiyyatının yaradıcılarından biri Aysel xanım Xanlarqızı Səfərlini doğum günü münasibətilə belə təbrik edirəm.
“ÇOX YORULMUŞAM, TEZ SAĞAL, DÜNYA!”…
Həsrət, sənsizlik, tənhalıq, darıxmaq kimi çox da şirin olmayan insanlıq hisslərini bizə şirinləşdirən (bəli onun həsrəti də şirindir), doğmalaşdıran, sevdirən, “həsrətindən bir ev tikən, o evin pəncərəsinə yuxularından pərdə çəkən” Aysel xanım Xanlarqızı Səfərli əlçatmaz, ünyetməz zirvədə ucaldılan sevgi qəsrinin şahzadəsidi. Onun həsrəti, sənsizliyi, intizarı, nigaranlığı, narahatlığı qürurludur, özü kimi. Heç kimə, heç nəyə baş əymir. Həsrətiylə baş-başa qalanda söz dünyaya gətirən həssas anadır Aysel xanım.
O, çağdaş tariximizin son dönəmində insanlığın yeni və amansız qənimi koronaviruslu günlərimizi poetik və “tibbi” reseptlərlə yaddaşımıza həkk edən söz loğmanıdır. Aysel xanımın “Karantin boşluğu”, “Karantin gecəsi”, “Karantin sabahı”, “Karantin qapanması”, “Karantin bitmir”, “Karantin düşüncələri” və s. şeirləri bu günkü poeziyamızda yeni nəfəsdir. Hamımızın nifrət etdiyi korona, karantin Aysel xanımın yeni yaradıcılıq keyfiyyətlərini üzə çıxardı. O, təkcə həsrət, intizar, sənsizlik şairi deyilmiş. Ancaq əslində koronalı günlərimiz təkcə spirt qoxulu deyil, həm də həsrət dadır. Korona bizi ən ali dəyərlərdən birinə – səmimi ünsiyyətə həsrət qoyub, bir-birimiz üçün darıxmağa məcbur edib, zamanın nəbzinin ritmini dəyişdirib, “ağızlıq (maska) geyindirərək təmiz havanı əlimizdən alıb.
“Qorxulu maskalar altında atəşlənən gerçəkliyi” görmək, duymaq, eşitmək üçün göz, qulaq, ağızla bərabər iti zəka, hüdudsuz təxəyyül, həssas ürək gərəkdir. Bunların hamısını Aysel xanımın xarakterinin göstəricinə çevrilən şeirlərində tapmaq mümkündür. “Küçələr boyu sevişirdi təklik, polis geyimində dolaşırdı tənhalıq, şəhərin insanlardan yoxsul küçələri kimi kimsəsizdi ruhum” yeni və uğurlu poetik tapıntılardı, sözü təravətləndirməkdi. Korona bizim ruhumuzu, cismimizi, əzmimizi, eşqimizi əzməyə çalışsa da Aysel xanımın “korona ədəbiyyatı” bizi sözlə sağaldır, ağrılarımıza sığal çəkir. Bu şeirlər iinsanın tənhalıq, havasızlıq ruhunun, azadlıq darısqallığının, ünsiyyət yoxsulluğunin lirik təsvirləridir:
Bir damcı qəhər
ilişmişdi gecənin boğazında,
Udquna bilmirdi
həsrət çığırtılarını…
Dünyanın sənsizliyinə
boş-boşuna göz vururdu işıqforlar…
İnsanlar izdihamını yığmışdı
yolların sinəsindən…
Küçələr ən çox sevdiyi
köynəyi kimi soyunmuşdu səs küyünü,
kimsə duymurdu
şəhərin pandemiya qorxulu bağırtılarını…
Bütün düşüncələr
ambulans şəklində şütüyürdü…
“Karantin bitmir” ki, bitmir. “Çöldəsə meydan sulayan bir virus maskalanmış insanların canını isitməkçün ölkə-ölkə darıxır, insanlar sərhəd-sərhəd qorxur”…”Dünya düzəlmir ki, düzəlmir” (Məmməd Araz)…
Dünya karantin yuxusuna dalarkən
duyğuların pandemiya qəfəsində oyaqdır
bir karantin gecəsi,
yuxusu gəlmir həsrətin…
Hardasa bir qadın layla çalır
tənhalığa balaları kimi…
Koronavirus təkcə şeirsevərləri yox, şeirləri də darıxdırır. Şeir incələnəndə, insanı duyğular selində çimizdiriləndə poeziya olur, sevilir, qarşımızda yeni mənəvi kainat yaradır. Aysel xanımın da şeirləri darıxır. Ona görə də bizə “Darıxan şeirlər”ini göndərir ki, biz də, söz də darıxmasın. “Darıxan şeirlərdəki ovqat Aysel xanımın söz mülkünə ilahi bir çalar qatıb onu daha da zənginləşdirib. Şair xanım həssas və duyğuludur. Bilir ki, “nəm saçlarını dağıdıb sevdiyinin yuxularına”. O, “göz yaşlarıyla qüslləndirir” lirik qəhrəmanını:
Amma sən heç bilmədin ki,
həsrətin metastaz verdikcə ruhumda,
səni xərçəngi bədəndə
öldürən şüa kimi sevdim.
Sən məni günah kimi,
mən səni dua kimi sevdim…
İlahi eşqin daha bir nümunəsi:
Yağdım, gözümdə qurudum,
Bir eşqin səbrini yordum.
Nəfəsini qurtum-qurtum
İçə-içə sevdim səni…
Eh… mən heç nə etmədim ki,
Elə təkcə sevdim səni…
Həsrətlə qol-boyun olmağı bacarmayanlara bir sevgi nəğməsi oxuyur Aysel xanım. Onlara anladır ki, həsrət bitib tükənməyən, sevəni tərk etməyən, vəfalı sevgilidi. “Tək adamlıq hücrəsinə iki nəfərlik həsrət sığışdıran” sevənin həsrətinin ülviliyinə heyran qalırsan:
İndi günəşdən üşüyən canım
gecəni çiyninə atıb,
Gecikdin,
ayılıb gördüm,
həsrət yanımda yatıb…
Hər gecə yuxulamaq bilməyən
sol yanımdakı həsrətini
köksümə sıxıram,
sənsiz yarım qalmışam!…
Yağış ovqatımıza şairlərin çoxu naxış vurub. Nakam Mikayıl Müşfiq yağışın “gur damlalarını, sıra-sıra, inci-inci nur damlalar”ını ana dilimizin şirinliyi ilə bizə sevdirib, yaddaşımıza əbədi həkk edib. Aysel xanımın yağışı da özünəməxsusdu: “gecənin qara köynəyini, qara bulud yuyub sıxır, şimşək qaranlıq boyunca, gecələrə işıq çəkir”. Onun yağışı qeyri-adi yağır:
Bəlkə yağışın xətrinə,
Gələsən, birgə islanaq.
Orada hava necədi?
Burda yağır yanaq-yanaq…
“Darıxan şeirlər”dəki “Generala”, “Mərmilər marş oxuyur”, “Bu payız pəncərəm müharibə qoxusuna açılmışdı…”, “Vətən keçir” şeirləri ikinci Qarabağ savaşının, şərəfli zəfərlə bitən, qələbəmizə zəmin olan qanlı-qadalı günlərin poetik salnaməsidir. Bu şeirlərdə “qəlpə yarası” da var, “şəhid çiçəkləyən Qarabağın torpağı” da, “Ağdam ətirli küləklər” də, “zabit və əsgərlərin çəkmələrinin addım səslərinə həyəcanlanan Laçın” da. Aysel xanım “Vətən adlı mücahiddi.
“Generala” şeiri xalqımızın igid oğlu, adı dastanlara sığmayan Milli Qəhrəman Polad Həşimovun və onun silahdaşlarının ruhuna sayğı ilə yazılmış kədər, qürur və qəhrəmanlıq dastanıdır, həm də hüznlü elegiya – ana ağısıdı. “Ayaqlar altında qarış-qarış azalmaqdan qorxan torpağın” nə yaxşı ki, Polad kimi oğulları var:
Səngər boyu sürünən qəzəb
ölümü tətiklədikcə,
Qarabağ uzaqdan
ümid dolu gözlərlə
yalançı sərhədlərin
tikanlı məftillərindən
həsrətlə baxırdı…
…Anaların oğul həsrəti
torpağın sinəsində
vətən-vətən darıxırdı…
…Dünya Tovuz boydaydı bu gecə,
Bütün manşetlər boyu güllələnirdi xəbərlər,
bir generalın son əmrinə
müntəzir dayanmışdı əsgərlər…
Paytaxta şəhid gəlirdi…
Aysel Səfərli bu dünyadan nigaran anadır, oğul, qız böyüdür. Onun şeiləri həm də duadı: “Çox yorulmuşam, tez sağal, dünya!”…
Anaların duası müstəcəb olur…
VAQİF OSMANOV. 13.12.2021.
Müstəqil.Az