Mariborda (Sloveniya) keçirilən Avropa Gənclər Olimpiya Festivalında cüdo üzrə fərdi turnir başa çatıb.
Azerisport.com xəbər verir ki, növbəti yarış günündə iki azərbaycanlı idmançı tatami üzərinə çıxıb.
Aslan Kotsoyev (90 kiloqram) Bilin Kuk (Kosovo), Nikita Afanasyevs (Latviya) və Marko Boziçi (Xorvatiya) məğlub edərək finala yüksəlib. O, həlledici görüşdə Saba Qvelesiani (Gürcüstan) üzərində qələbə qazanaraq çempion olub.
Ramazan Əhmədov (+90 kiloqram) Kristian Vilhelm (Almaniya), Oiannis Kastelidis (Yunanıstan) və Stefan Koviniçi (Monteneqro) məğlub edərək finala yüksəlib. Burada isə o, İbrahim Tataroğluna (Türkiyə) uduzaraq gümüş medal qazanıb.
Qeyd edək ki, cüdo üzrə şəxsi yarışların nəticələrinə görə komandamızın aktivində doqquz medal var: Vüsalə Hacıyeva (48 kiloqram), Xədicə Qadaşova (52 kiloqram) və Aslan Kotsoyev (90 kiloqram) çempion olublar. Süleyman Şükürov (73 kiloqram) və Ramazan Əhmədov (+90 kiloqram) gümüş, Nihad Məmişov (50 kiloqram), Ayxan Mirzəzadə (55 kiloqram), Maqomed Musayev (60 kiloqram) və Cəsur İbadlı (66 kiloqram) isə bürünc medal qazanıblar.