Dənizə bax, üstünü səhərdən duman alıb, üzündən bu havanın bir cəhənnəm tökülür

Müstəqil.Az tanınmış şair Əli Hacının yeni şeirlərini təqdim edir:

Dünya gündəliyindən…

 I

Bu günü də azdırıb yolun çökəklərində ,
küləklərə qoşulub gecəyə üz tutacam !
Səhərlərin ümüdün, gecələrin arzusun
asıb dəmir qapıdan söz verib, söz udacam !

Bu dəniz də nəfəsin deyin salsın içinə,
dərinliyi salamsız, dayazı adam boğur !
Yonmaq istəsən əyər, yöndəmi var daşında
yolun da cığır adlı bir sonrası doğulur !

Ağaclarda saxlayır qurumuş öz budağın ,
dağları var yay günü qurdamış qarı saxlar !
O, axan gur səsiylə bulaşmaz çirkablara
dağından axan çayı suyunu duru saxlar !

O, qızın göz yaşları donub kipriklərində
bu adamın ürəyi düşüb çölün düzünə !
Qaradan,ağdan savay,butün rəngləri vurdum
bu dünyanın,o qızın,bu adamın sözünə…!

Ağaevli Əli Hacı adlı şəxsin şəkli.

                 II

Dənizə bax, üstünü səhərdən duman alıb,
üzündən bu havanın bir cəhənnəm tökülür !
Küçələr səs eşitmir,yolun beli boşalıb
yerin altı sökülüb üstündən yol çəkilir !

Ağacların meyvəsin bu il quşlar bol yedi,
ciyərlərim doyunca almadı çöl havası !
Yazın qızılgülləri gülmədi yar üzünə,
hər gün oynatdı bizi “ol” ilə “öl” havası !

Göy üzünün xəbəri yenə qabaqkı kimi
əl qayıdır üstümə, dilim hələ duada !
Qayçılanır gəl-gedim,çatır yayın sonuda
payızamı girəcək ömrümüz belə donda ?!

Adamları su kimi çəkir torpaq içinə ,
hər gün üstü dünyanın öz altına şumlanır !
Daha özümdən betər sözlərimdə üşüyür ,
daha günə işıq yox,ürəyimdi şam yanır…!

Şərq gündəliyindən…

Yurdumun bütövlük adı olmadım,
olsam,torpağının alağı oldum !
Qarımış qızların ağ saçlarında,
Tanrının beşbarmaq darağı oldum !

Hanı bulud yaylıq, getdi abrımız
şit oldu ruzumuz, duzda-yaramız !
Asan xidmətdədir hələ halımız,
neçə dost xidmətin sorağı oldum !

Hesabat dəftəri alovda qaldı ,
arzular üşüdü qırovda qaldı !
Ömür dediyimiz girovda qaldı,
dönüb əsirliyin torpağı oldum !

Durum bir ev tikim

Yağır son baharda, ayrılıq yağır
yağır ağacların budaqlarından !
Yağır küçə-küçə,ev-ev ayrılıq
yağır bir gözəlin yanağlarından !

Göylər qarın töküb qışı oxşayır ,
ürək daşa dönüb daşı oxşayır !
O,qız öz gözlərin,qaşın oxşayır
öpüş həsrəti var dodağlarında !

Sel gəlib yuduğu yel aparandı ,
Ruhu Tanrısına yol aparandı !
İlahi ! Bu xəmir su aparandı
durum bir ev tikim ayrılığından !

Ağaevli Əli Hacı adlı şəxsin şəkli.

Dəyişək evimizi !

Bir əlində tutduğun,
birindən düşən nədi ?!
Ayağın isti yerdə, 
gözlərinsə nəmlidi !

Bu küçənin adını
dur, indidən dəyişək !
Soyuq yaz divarına,
ürəyindən dəyişək !

Bu daş, bu palçıq evin
damından yağış yağır !
Gəl, adını çöl qoyaq,
içim çölümdən ağır !

Dərd bizə gəlir,görüb
yumuşaq üzümüzü !
Yerin altı da bizim,
dəyişək evimizi !

Share: