1982-ci ilin may ayının 31-i, Yekaterinburq( Sverdlovsk) hava limanında Bakı reysinə bir saat vaxt qalır. Qəzet köşkünə yaxınlaşıram. Yaşlı,rus kişi və rus qadın, Mixail və Nadejda (sonradan bəlli olur ki, ər-arvaddılar) bir-biri ilə azərbaycanca, özü də Gədəbəy zonasının adamlarının ləhcəsinə uyğun danışırlar.
– Siz Bakılısınızmı, deyib onlarla söhbətə qoşuluram. Gədəbəy rayonunun Saratovka kəndindən olduqlarını söyləyirlər. Azərbaycandan çox uzaqda, 3 min km bir məsafədə onların dogma dilimizdə çox səlis və həvəslə danışdıqlarına təəccüb etdiyimi bildirirəm. Qoca kişi,-milliyyətcə rus olsaq da, özümüzü türk hesab edirik, deyir. Kompakt şəkildə yaşasaq da, gözümüzü açandan bazarda, kolxoz və sovxozda, təsərrüfat sahələrində, bu dildə, bu ləhcədə həvəslə danışırdıq.
Sonra Mixail kişi türklər və türk tarixi haqqında, İstanbulu xristian türklərin (ruslar) və müsəlman (Osmanlı) türklərin birləşərək fəth etdikləri haqqında danışır. Türk xalqları mövzusunda daha öncədən, təsadüfən rastlaşdığım (bu qonuya ayrıca qayıdacam) şərqşünaslıqda oxuyan iki uyğur qızlarının danışdıqlarını xatırladıqca Mixail kişinin söhbətləri məni o qədər də təəccübləndirmirdi…
Hələ orta məktəbdə oxuyanda Türkiyə və türklər haqqında az- çox təsəvvürlərim var idi. Sonralar həqiqi hərbi xidmət keçdiyim dönəmlərdə bizimlə bərabər xidmət keçən qazax, türkmən, özbək, qırğız, tatar, saxa, tuva, çuvaş, qaqauzlarla eyni dildə danışıb anlaşa bilsək də, rus imperiyasının, kommunizm kabusunun qurbanları olduğumuzu çoxlarımız hələ dərk etmirdik.
Günlərin birində xidmət keçdiyimiz hərbi hissədən sıravi əsgər itkin düşür və dərhal komandirin əmri ilə mən və başqa bir əsgər Yekaterinburqdan (köhnə Sverdlovsk) aldığımız “şifroqram” (şifrəliteleqram) əsasında yeri bəlli olan əsgərin dalınca İrkutskiyə ezam edilirik. 30 dəqiqədən sonra uçaq İrkutsk hava limanına enir. Vaxtı itirmədən vağzala gəlib elektrik qatarına minir və əsgərin gizləndiyi yerə, şəhərdən 20 km. məsafədə yerləşən bir qəsəbəyə yola düşən zaman maraqlı bir olayla üzləşirik. Bir az “sərbəstliyimizdən” sui-istifadə edərək əsgər yoldaşımla ucadan danışır, deyib – gülürdük. Və birdən bizimlə üzbəüz oturan, təxminən həmyaşıdlarımız olan, gözləri tipik asiyalılara bənzəyən iki qızın birinin iradı ilə üzləşməli oluruq. Həmin qızın doğma dilimizlə eyni dildə danışması bizi əməlli- başlı çaş-baş salmışdı. Təəccüblə bir- birimizin üzünə baxdıqdan sonra onların bizim dili, Azərbaycan dilini hardan öyrənmələri ilə maraqlanıram. Cavabın da belə bir dilin adını eşitmədiklərini və öz dillərində danışdıqlarını israr edirlər.
Sonra məlum olur ki, uyğur türkləri olan bu qızlar şərqşünaslıq üzrə Universitet tələbələridir. Nizamidən həm farsca, həm türkcə, Füzuli və Nəsimidən Azərbaycan- türkcə şeirlər söylədilər. Çində, doğuTürküstanda yaşayan uyğurlardan, Türkiyə və sovetlər birliyində yaşayan, eyni soyun-ulusun daşıyıcıları olan türk xalqları, türk qurumları haqqında bizə xeyli bilgilər verməyə çalışdılar. Fəqət, qatar artıq mənzil başına çatmışdı, sağollaşıb böyük təəssüratla ayrılırıq…
Ordu sıralarından tərxis edildikdən sonra evimizdə sənədləri çeşidləyərkən əski slavyan (staroslavyan) əlifbası ilə yazılmış ata babamla, ata nənəmə məxsus sənəddə milliyət xanasında “tyurk” və “turçanka” nı oxuduqda yenidən uyğur qızları xatırladım.
Bütün bunlar uzaq 80- ci illərin əvvəllərində, hələ sovetlərin hegamonluğunu sürdürdüyü vaxtlara təsadüf edirdi.. Təəssüflər olsun ki, böyük və qüdrətli bir imperiyanın süqutundan sonra torpaq itkilərimizdən də dəhşətli və faciəli bir işğalla, beyinləri zəhərləyən ərəb ideologiyası-ərəb dini ilə üz-üzə qalmışıq…
İlqar Türkoğlu