DƏLİ QULAM – Nurəddin ƏDİLOĞLUnun hekayəsi

(İdeya müəllifi Azərbaycanın görkəmli tarixçi alimi, professor Həsənbala Sadıqova minnətdarlıq hissi ilə)

…Aclıq illəri idi. Müharibənin törətdiyi bəlalara adamlar çətinliklə də olsa dözürdülər. Amma kişili-qadınlı heç kim düşmən üzərində qələbəyə inam hissini itirmirdi. Qız-gəlinlər tarlada sübh tezdən qaş qaralana qədər çalışırdı. Hətta müharibəyə gedən kişilərin traktorunu, taxılbiçən kombaynını qadınlar idarə edirdilər. Di gəl ki, arxa cəbhədəkilərin canına bir yandan da tif, qarın yatalağı, vərəm qənim kəsilmişdi. Ətyeməzdi kəndinin də adamları bu yoluxucu xəstəliklərin qurbanı olurdu. Ən yaxın qonum-qonşular belə bir-birinin evinə getməyə ürək etmirdi. Buna baxmayaraq, hamı “indi hünər vaxtı, qeyrət çağıdır” deyib faşizm taununu yer üzündən yox etmək üçün hər şeyindən keçirdi.

O zaman yaşlı adamlar kəndin yuxarıbaşına – “Lüt” deyilən yerə yığışardılar. Adı “Lüt” olsa da bura kəndin ən gur, qələbəlik yeri idi. Buradan həm rayon mərkəzindən kəndə gələn “poçt”yolu görünürdü, həm də qəbiristanlığa və kolxoz anbarına gedən yollar. Qocalar bu yollara ad qoymuşdular: Vətən yolu, Sükut yolu, Ümid yolu…

Vətən yoluna göz dikənlər müharibəyə gedənlərdən səs-soraq gözləyirdi. Sükut yolu ilə kənddə acından, yolxucu xəstəlikdən ölənləri qəbristanlığa aparıb torpağa tapşırırdılar. Ümid yolu isə kolxozun anbarına sarı uzanırdı, amma bu yolu çoxdan kol-kos basmışdı. Anbar müharibə başlayandan taxıl yığımı mövsümündə arpa-buğda üzü görmürdü. Zəmilərdən yığılan məhsul qırmızı parçalara yazılmaış “Hər şey qələbə üçün” şüarı altında birbaşa rayonun tədarük məntəqəsinə, ordan da cəbhəyə göndərilirdi.

…Qırx beşinci ilin yazı, mayın yeddisi çıxmamış Dəli Qulam Vətən yolunda qamış atını çapa-çapa gəlib “Lüt”dəki adamlara şad xəbər verdi: – Gözünüz aydın olsun, ay camaat, bizimkilər Hitler kopolunun anasını öz öyündə ağlar qoyub!

Hamı bilirdi ki, “öz öyü” deyəndə Dəli Qulam Almaniyanın paytaxtı Berlin şəhərini nəzərdə tutur. Amma onun bu xəbəri hardan, kimdən eşitdiyini soruşmadılar. Qocalar ağ saqqallarına sığal verib, ürəklərində Allaha şükr etsələr də, ucadan “Allah” kəlməsini deməyə cəsarət etmədilər. Çünki hələ müharibədən qabaq kəndin başı əmmaməli, əli quranlı axundunu “Allah-Allah” dediyinə görə, əmlakını müsadirə edib, özünü də Sibirə – gedər-gəlməzə sürgün eləmişdilər. Axundun yeganə oğlu Qulamın o vaxtan başına hava gəlmişdi. Amma cəbhədən qara kağız alan analar Qulamın dəli olmasna şəkk edirdilər: “Bəxtəvər anasının başına, güya dəlidir, yol-yolaqda at kimi kişniyib, şıllaq atir.”

İndi Dəli Qulam gözlərini qələbə xəbərinə şəkk edən adamlara dikmişdi. Sonra xımır-xımır gülümsəyib soruşdu: “Nədir, ay camaat, mənə inanmırsız? Yəni dəliyəm deyə, nəyin yalan, nəyin doğru olduğunu bilmirəm?”

Ot-ələf, jımıx yeməkdən rəngi-rufu qaçmış adamlar da ona baxıb susurdular. Elə bil əsir düşərgəsində olmuşdular. Ona görə də çoxunun dinib- danışmağa incarı yox idi. Amma o gün Dəli Qulamın şad xəbəri dildən-dilə evdən evə yayıldı, kəndin aşağıbaşı yığışıb yuxarıbaşına gözaydınlığına gəldi. Kənd-kəsəkdə, əkində-biçində hamı Stalinin canına dua edirdi. Hamı öz ömründən kəsib Stalinə pay vermək istəyirdi ki, rəhbər çox yaşasın. İşdi-şayəd birdən Hitler qəbirdən xortlayıb eləsə, qoy onun öhtəsindən Stalin gəlsin. Daha müharibə, ölüm-itim olmasın!..

…Günlər ötüb-keçdi. Moskvanın Qızıl Meydanında keçirilən Qələbə paradının xəbəri kəndə yayıldı. Kolxozun hesabdarı Məmiş kişi “çötkə”sini sağa-sola çaqqıldada-caqqıldada ağzından qaçırdı ki:

– Builki taxılımız “Muğan çuvalı” hesabı ilə Qələbə paradında Stalin yoldaşın ayağının altına atılan “faşist” bayraqlarının sayı qədər olacaq!

Amma heç kim ondan düşmən bayraqlarının sayını soruşmadı. Çünki sovet sədri Daxıl kişinin qəzetdə göstərdiyi iri şəkildən görünürdü ki, Hitlerin şəxsi bayrağı ilə birgə Stalinin ayaqları altına atılan faşist bayraqlarının sayı-hesabı yoxdur. Kolxoz sədri Xalıq kişi də hamıya ciddi-ciddi tapşırdı: -Nəbadə aclıq sözünü bir də dilinizə gətirəsiniz. Hitler kimi zalım düşmənə qalib gəlmişik, indən belə çörəyimiz bol olacaq, daha kəndimizdə heç kim acından ölməyəcək…

Düzü, kənddə acından ölənlərin sayı müharibədə həlak olan ətymezədilərin sayından iki dəfə çox olsa da, adamlar aclıq kəlməsini xəlvətdə də dilə gətirmirdi. Artıq “Qələbə” sözü “çörək” kəlməsini əvəz etmişdi. Təkcə kəndin “Lüt” yerinə yığışan qocaları dərin fikrə gedib, baş sındırırdılar ki, Stalinin ayaqları altına atılan murdar düşmən bayraqlarının sayı görəsən nə qədər imiş. Bayraqların sayını hər birinin çəkisi on batman olan “Muğan çuvalı”na vurmağın cavabı qocalar üçün kolxoz anbarına daşınan taxılın miqdarı demək idi. Birdən hardansa qamış atını çapa-çapa yenə Dəli Qulam peyda oldu. Kəndə qələbə müjdəsini gətirəndən bəri “dəlidən doğru xəbər” ifadəsi dillərdə əzbər olmuşdu . Dəli Qulam üzündən-gözündən aclıq yağan adamları bir-bir süzüb qımışdı. Bilirdi ki, kolxoz sədrinin tapşırığına görə hamı özünü tox göstərir. “Atdan” düşən kimi qamışını bayraq kimi yuxarı qaldrdi:

-Ay camaat,- dedi, – Siz heç bilirsiz Stalin yoldaş Kremldə indi neynir?

Hamı bir-birinə baxdı. Çopur Fətiş boyun – boğazını qaşıya-qaşıya dedi: -Kişi indi Kremlin hamamında çimir. Çimdiyi su da gülab ətri verir…

Dəli Qulam uşaq kimi atılıb-düşdü: -Bilmədin, bilmədin…

Nimdaş sırıqlısının cındırından cin hürkən Maxorka Həbib öskürəyinə ara verib dedi: -Sən öl, elə bil, bu saat o kişini Kremldə görüb gəlmişəm. Stalin yoldaş indi qəttəzə generalisimus qiyafəsini geyinib qəlyan çəkə-çəkə Kremlin pəncərəsindən düz Qızıl Meydana baxır.

Qulam yenə “bilmədin, bilmədin” deyə atılıb-düşdü.

Özünə Qalib təxəllüsü götürmüş kəndin qocaman şairi dedi:

-İndi yoldaş Stalinin,

qəlyanı ənbər qoxuyur,

Əlində ya kitab tutub,

Ya da “Pravda” oxuyur…

Qulam başınını bulayıb, əlini yellədi: -Ay-hay, sizin bu dünyada heç bildiyiniz bir şey yoxmuş ki… Stalin yoldaş indi Kremldə oturub, – birdən o, dayanıb barmağını gicgahına söykədi. Hamı ayağa qalxıb, maraqla gözlərini Dəli Qulamın ağzına dikdi. Dəli Qulam da daha onları çox intizarda saxlamadı: -Stalin yoldaş bu dəqiqiə Kremldə oturub ləzzətlə pçennik yeyir.

“Lüt”dəki adamların hamısının ağzı sulandı. Hamı rəhbərin yediyi o “taxta” peçenyeləri göz önündə canlandırıb udqundu. Sonra başlarını bulaya-bulaya “dəlidən doğru xəbər” məsəlini yada salıb, yenə dərin fikrə getdilər.

Nurəddin ƏDİLOĞLU

Share: