Biz bu il bütün bayramları fərqli keçiririk – qalib ölkənin qalib xalqı, qalib insanları olaraq! Silahlı Qüvvələr Gününü də eyni hiss, eyni coşqu ilə qeyd edirik. Mübariz xalq olmaq, adını tarixə qalib xalq kimi yazdırmaq həqiqətən də çox fərqli bir xüsusiyyətdir. Bu heç də hər xalqa nəsib olmur.
Bildiyiniz kimi dünyada və postsovet məkanında milli-etnik zəmində münaqişələr və ya mübahisəli ərazi problemləri çoxdur. Torpaqları işğala məruz qalan bir sıra xalqları tanıyırıq. Azərbaycan da onların sırasında idi. Azğın Ermənistan torpaqlarımızı 30 ilə yaxın bir müddət ərzində işğal altında saxladı, talana məruz qoydu. Lakin Azərbaycan xalqı və dövlət başçısı bu acı reallıqla barışmadı. Rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında tarixi zəfərə imza atmaqla mənfur erməni işğalına son qoydu. Və beləliklə, Ordumuzun qələbəsi regionda fərqli bir mənzərənin formalaşmasına gətirib çıxardı, yeni reallıqlar yaratdı.
Bu bir Azərbaycan fərqidir! Biz son 30 ildə regionda və dünyada öz torpaqlarını işğaldan azad etməyi bacaran yeganə xalqıq. Və bu da ilk növbədə güclü Ordumuzun, güclü Liderimizin sayəsində mümkün olub. Şəhidlərimizin qanı bahasına, qazilərimizin bənzərsiz qəhrəmanlığı sayəsində qəddarlığı ilə, vandallığı ilə, vəhşiliyi ilə ad çlıxarmış erməni faşizmini diz çökdürdük. “Dəmir yumruq” əməliyyatımız nəinki Dağlıq Qarabağdakı separatçıları, hətta bütün Ermənistanın hərbi gücünü darmadağın etdi. Bu isə bütün Cənubi Qafqazın həyatında yeni bir tarixi dönəmin başlanmasına yol açdı.
Üçrəngli Azərbaycan bayrağını yenidən Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Ağdamda, Hadrutda, Qarabağın digər şəhər və kəndlərində dalğalandırmaqla özünün döyüşkən, qalib xalq olduğunu bir daha bütün dünyaya nümayiş etdirən böyük xalqımız, indi də işğaldan azad edilmiş ərazilərimizi bərpa edib orada məskunlaşmaqla həm də qurucu xalq, sülhsevər xalq olduğunu dostlarımıza da, düşmənlərimizə də göstərəcək.
Biz Zəfərə imza atdığımız kimi tezliklə Böyük Qayıdışa da imza atacayıq. Doğma Qarabağa qayıtmağımız üçün hazırda işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq-bərpa işləri aparılır. Şuşadan və Ağdamdan başlayan bərpa prosesi digər yurd yerlərimizdə də uğurla davam etdirilir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi “Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. İşğaldan azad edilmiş bütün rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaqdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilmişdir”.
Şükürlər olsun ki, bu gün Milli Ordumuzun 103 illiyini qalib ölkə kimi qeyd edirik. Bu haqqı bizə qəhrəman hərbçilərimiz və dövlət başçımız qaytarıb. Biz şəhidlərimizə, döyüşlərdə ağır yaralanmış əsgər və zabitlərimizə, qazilərimizə borcluyuq. Onların igidliyini və fədakarlığını unutmamaq hər birimizin mənəvi borcumuzdur.
Biz qəhrəman əsgər və zabitlərimizi, qazilərimizi, Vətən müharibəsində könüllü olaraq döyüşən qəhrəmanlarımızı, həmçinin Ali Baş Komandanımızı 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edir, onlara qüdrətli Azərbaycanımızın təhlükəsizliyini qorumaq işində uğurlar diləyirik!
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri