“Dəniz, dənizi sevənlərlə  dostluq edir, dənizlə dil tapmağı bacarmalısan, onun hər üzünə bələd olmalısan”

“Dəniz, dənizi sevənlərlə  dostluq edir, dənizlə dil tapmağı bacarmalısan, onun hər üzünə bələd olmalısan”

Müstəqil.Az saytının “Dənizçilərə Sosial Dəstək”  İB ilə birgə layihəsi olan “Dənizçi həyatı” layihəsinin bu dəfəki qonağı AXDG QSC  ADDA –nın Təlim Tədris mərkəzinin təlimatçısı, veteran dənizçi  Qurbanov Məhəmməd Seyidəhməd oğludur.

Qurbanov Məhəmməd Seyidəhməd oğlu, 1951-ci ilin mart ayının 10-da  Azərbaycan Respublikasının Dəvəçi (indiki Şabran) rayonunda anadan olub. Uşaqlıq və yeniyetməlik illəri bu rayonda keçib. 1957-ci ildə Dəvəçi şəhərindəki 1 saylı orta məktəbinə gedib.

– Məhəmməd müəllim, necə oldu dənizçi olmaq həvəsinə düşdünüz?

– Bu arzu məndə hələ orta məktəbdə oxuyarkən yaranmışdı. 1967-i ildə orta məktəbi bitirdim,  elə həmin ildə də  Q. Məmmədov adına Bakı Dəniz Yolları məktəbinin “Gəmi sürücülüyü” fakultəsinə daxil oldum. 1971 -ci ildə məktəbi müvəffəqiyyətlə bitirdim.

DSCF0805.JPG

2.jpg

-Və…

– Və gəmi sürücüsü- şturman kimi 1972-ci ilin aprel ayında təyinatla Rusiya Federasiyasının Vladivastok şəhərində yerləşən Uzaq Şərq Dənizçilik idarəsinə göndərildim.

3.jpg

-Dəniz və dənizçi həyatınızın ilk günlərini necə qarşıladınız?

-Dediyim kimi, dənizçi olmaq mənim uşaqlıq və yeniyetməlik illərimin arzusu idi. Gənclik illərimdən bu günümə qədər isə həyat tərzim oldu, dənizlə ünsiyyət qurmağı bacardım.  Uzun illər Uzaq şərqdə işlədim, dünyanın müxtəlif ölkələrində oldum. Kapitanın növbə kğməkçisindən gəmi kapitanına qədər yüksələ bildim.

-Əlbəttə ki, nailiyyətləriniz yetərincə olub. O günləri xatırladıqda daha çox nələr yada düşür?

– Bütün həyatımı xronoloji ardıcıllıqla gözlərimin önündən keçirə bilirəm. Düzdür, əvvəllər dəniz və dənizçilik həyatına uyğunlaşmağın çətinliyini yaşadım. Amma, Vətəndən min kilometrlərlə uzaqda, doğma dildə danışan bir kimsə yox və əlbəttə ki, bəzən tənhalığın başgicəlləndirici darıxdırıcılığı adamı yorsa da sonralar hər şey qaydasında davam etdi. Nailiyyətlərə gəldikdə isə, onu qeyd edim ki,  dəfələrlə keçmiş SSRİ-nin Dəniz Donanması Nazirinin və Rusiya Federasiyasının Nəqliyyat Nazirinin tərifnamə və “qramotaları” ilə  təltif edildim.

DSC01408.JPG

– Məhəmməd müəllim, darıxmaq, doğma Azərbaycandan uzaqda yaşamaq… Çətinlikləriniz, rahatsızlığınız təkcə bu idimi?

– Mən çətinlikləri dəf etməyi bacarmasaydım bu qədər ağır yolu keçməzdim. Dəniz, dənizi sevənlərlə  dostluq edir, dənizlə dil tapmağı bacarmalısan, onun hər üzünə bələd olmalısan. Mən dediyim kimi bunu bacara bildim. Düzdür, bu illər ərzində dəfələrlə ağır hava şəraiti, dünyada baş verən iqtisadi-siyasi olaylarla da qarşılaşmışıq.  Elə sizə  1972-ci ildə Amerika — Vyetnam müharibəsi zamanı bir il Vyetnamın Xayfon limanında blokadada qalmamı xatırladım.  Vyetnamın medal və ordeni ilə təltif olunmuşam.  Məhz bu blokada şraitindəki dözüm və digər keyfiyyətlərimə görə Xayfon şəhərinin Fəxri vətəndaşı adına layiq görülmüşəm.

-Dənizçi həyatınızdan bir qədər ətraflı danişsanız, təcrübəniz gənc dənizçilərə bir nümunəvi bir həyat yolu, dənizçi ömrü  ilə tanışlıq kimi maraqlı olardı.

– Mən bu sahəyə təsadüfən gəlməmişdim. Seçib, çətinliyini dərk edib gəlmişdim. Bu sahəyə bağlı adamam. Elə seçimim də yanılmadığımıa görə də  dənizçilik sahəsində təcrübə və savad sahibi olmaq məni bir an da tərk etmirdi. Elə ona görə də  1975-1981 – ci ildə Admiral Nevelskoy adına Uzaq Şərq Ali Dənizçilik məktəbində təhsil aldım.

-Müxtəlif tip gəmilərdə işləmisiz. Müxtəlif ölkələrdə olmusuz. Hansı tip gəmilərdə daha çox işləmisiz?

– Elədir, dediyiniz kimi dənizçilik fəaliyyətimdə müxtəlif tipli gəmilərdə müxtəlif vəzifələrdə çalışmışam. Uzaq səfərlər kapitanı olaraq  1989-cu ildən detveyti 10000-50000 ton olan quru yük gəmilərinə rəhbərlik etmişəm. Şimal Buzlu okeanından Antarktidaya kimi bir neçə dəfə səfər etmişəm.

115.jpg

– Səfərlərinizin coğrafiyası oxucularımiz üçün də maraqlı olardı. Rusiya Federasiyasının Uzaq Şərqdəki azərbaycanl kapitanı olaraq hansı ölkələrdə olmusuz?

– Bu ölkələrin sayını yada salmaq üçün mən o qədər də vaxt itirmərəm. Çünkü mənim dənizçilik həyatımın hər günü, hər anı gözlərimin önündədir. Şimali Koreya, Cənubi Koreya, ÇİN, Vetnam, Tayland, Yaponiya, İndoneziya, Fillipin, Sinqapur, Avstraliya, Yeni Zellandiya, Səudiyyə Ərəbistanı, Dubay, Hindistan, İran İslam Respublikası, Malaziya, Seylon, Sudan, Misir,Yəmən, İordaniya, Çili,Braziliya,Argentina, Kuba, Panama, İngiltərə, Seneqal, Cənubi Afrika Respublikası, Ekvatorial Qvineya, Marrako, Portuqaliya, Almaniya, Polşa, Finlandiya, ABŞ, Havay adaları, Kanada, Türkiyə və sair ölkələrin limanlarında olmuşam.
– Sonra Vətənə döndünüz.

–  Hə, SSRİ dağıldıqdan da sonra mən yenə də orada çalışdım. 2007-ci ildə isə Uzaq Şərq Dənizçilik idarəsindən ərizə yazaraq (FESCO) işdən çıxdım və Azərbaycana gəldim.

-Nə işlə məşğul oldunuz?

-Əlbəttə öz peşəmlə, seçdiyim sahə ilə məşğul oldum. Artıq Vətəndən uzaqda topladığım təcrübəni doğma gəmiçiliyimizdə tətbiq etməyin zamanı çatmışdı. 2007-ci ildən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyində təlimatçı Kapitan və ADXDG-də gəmilərin mühafizəsinə məsul şəxs vəzifəsində işə düzəldim. Eyni zamanda da  Azərbaycan Dövlət Dəniz Akademiyasında baş müəllim, dövlət imtahanlarında Dövlət komissiyasının üzvü kimi fəaliyyət göstərməyə başladım.

2014-ci ilin fevral ayından isə  Azərbaycan Dövlət Dəniz Administrasiyasında (Dövlət Dəniz və Liman Agentliyində) Regional müffətişlər sektorunda sektor müdüri, avgustun birindən Dəniz Qəzalarının araşdırılması sektorunda sektor müdüri və dekabr ayından Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünin Təhlükəsizliyi Mərkəzinin UMTİ MM-də GHİ xidmətinin sektor müdüri vızifəsində çalışmışam. 2016-ci ilin iyun ayında Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası tərəfindən yuxarıda qeyd olunan əmək fəaliyyətimə görə Donanmanın Fəxri İşçisi adına layiq görülmüşəm. Hazırda isə AXDG QSC  ADDA –nın Təlim Tədris mərkəzinin təlimatçısı kimi çalışıram.

Gənc dənizçilərə nə arzulardınız?

-Seçdiklri sahəyə qəlbən bağlı olsunlar, həm nəzəri, həm də praktik savad və təcrübələrini artırsınlar, doğru, dürüst olsunlar. Düşünürəm ki, bu kifayət edər.

Söhbətləşdi: Faiq BALABƏYLİ

Share: