Müstəqil Az “Seanews.az” -az istinad edərək xəbər verir ki, qlobal kruiz donanması, 550 min sərnişin tutumu olan 320-dən çox kruiz gəmisi cari ilin aprel ayından işini dayandırıb. İldə 27 milyon kruiz turistinə hesablanmış sənaye pandemiya səbəbindən üç aydır bütün dünya limanlarında fəaliyyətsiz vəziyyətdədir. Son 10 ildə dünyada kruiz gəmisi görünməmiş bir sürətlə inkişaf etmişdi, kruiz gəmilərinin tutumu artırılmış və yeni donanma qurulmuşdu. Təkcə 2018-2020-ci illərdə 7 milyard avro dəyərində 37 yeni kruiz gəmisi inşa edilib.
2025-ci ilə qədər dünyanın aparıcı kruiz brendləri üçün 50-dən çox kruiz gəmisinin inşası planlaşdırılır. Kruiz donanmasının ümumi sərnişin tutumunun 2 dəfə artırılaraq 1 milyon nəfərə çatdırılması əsas hədəf kimi götürülüb.
COVID-19 pandemiyasının kruiz operatorları üçün yaratdığı böhran son 70 ildə nəqliyyat tarixində misli görünməmiş böhrandır.
2001-ci ildə ABŞ-a edilən terror hücumu, ABŞ-dan kənarda kruiz daşımalarının cəmi 30-40% azalmasına gətirib çıxarmışdı. 2003-cü ildə SARS epidemiyası və 2008-ci ildə Çində donuz qripi bu biznesə təsir göstərməmişdi.
Hazırda qlobal kruiz operatorlarının 85%-i (“MSC Cruises” və Avropada qeydiyyatdan keçmiş bir sıra kiçik regional operatorlar istisna olmaqla) ABŞ şirkətlərinə məxsusdur. COVID-19 pandemiyası ucbatından ABŞ hakimiyyəti, 2020-ci ilin may ayından kruiz xətlərinin ABŞ limanlarından sərnişin qəbul etməsini qadağan etdi ki, bu da bütün donanmada durğunluğa səbəb oldu.
Pandemiya səbəbindən kruiz şirkətləri böyük itkilər verməyə məcbur olurlar. Gəmilər dünyanın müxtəlif limanlarında heyətlə bərabər durur. Onların saxlanması və təchizatı ayda yüz minlərlə dollara başa gəlir. Yeni gəmilərin əksəriyyəti bank kreditləri ilə inşa edilir ki, bu da gəlir olmadıqda xərclərin həddən çox artmasına səbəb olur.
Mütəxəssislərin fikrincə, son bir neçə ay ərzində dünya birjalarında kruiz şirkətlərinin səhmlərinin dəyəri 85-90% azalıb və daha böyük şirkətlər də iflasa uğraya bilər.
130 gəmidən ibarət donanması olan ən böyük kruiz gəmi operatoru “Carnival Corporation PLC” cari ilin birinci yarısında 4,4 milyard dollar itki ilə üzləşib.
Digər şirkətlərdə də oxşar vəziyyət müşahidə edilir. Maliyyə itkiləri işçilərin ixtisarına, yeni gəmilərin inşası üçün müqavilələrin dayandırılmasına və ləğv edilməsinə, donanmanın satılmasına səbəb olur.
“Royal Caribbean Int” şirkətinin altqrupu olan “Pulman Tour” şirkəti bir ay əvvəl bütün gəmilərini utilizasiya üçün satdığını açıqladı.
“Carnival Corporation” şirkəti müxtəlif tipli 13 gəmisini artıq satıb. “Cruise and Maritime Voyages” şirkəti müflis olduğunu rəsmən bəyan edib.
Hazırda dünya kruiz bazarında əla keyfiyyətli kruiz gəmilərinin minimal qiymətlərlə alınması ehtimalı ilə bağlı eyri-adi bir vəziyyət mövcuddur. Bəzi gəmilərin qiyməti (1500-2000 sərnişin tutumu olan) bazarda 10 milyon avroya düşüb.
Qiymətlərin cəlbediciliyi, dünya bazarlarında metal qırıntılarının maya dəyərinin indi də minimal olması ilə əlaqələndirilir.
Nəticədə, 1990-2005-ci illərdə inşa edilmiş kruiz gəmilərini 10-15 milyon dollara və ya böhrandan əvvəlki qiymətinin 10-15 faizinə almaq olar.
Bərə bazarındakı vəziyyət kruiz sənayesinə oxşar olsa da, nisbətən yaxşıdır. Avropa marşrutlarında nəqliyyatın hərəkəti qismən bərpa edildiyindən sərnişin bərələri yük daşıya bilir.
Buna baxmayaraq, Skandinaviyada bir sıra operatorlar böhran səbəbindən çox ciddi çətinliklərlə üzləşiblər, çünki 2020-ci ilin gəlirli mövsümü artıq arxada qalıb və hazırda şirkətlər minimal və ya mənfi gəlirlilik səviyyəsində fəaliyyət göstərirlər. Bundan əlavə, böyük bərə şirkətləri Çində qurulmuş yeni bir donanma istifadəyə verirlər. Bu donanma yeni mayeləşdirilmiş təbii qaz (LNG) mühərrikləri ilə təchiz edilib.
“Stena Line Ab” operatoru “Stena Saga” gəmisi üçün xəttin bağlandığını elan edib. “Ekkoroe Line” operatoru isə “Birka Line” marşrutunu ləğv edib. “Birka Queen” bərəsi hazırda satışa çıxarılıb. Bu cür gəmilərin satışı zamanı edilən endirimlər böhrandan əvvəlki səviyyədən 50-60%-ə çata bilər.
İlqar Quliyev