Dənizçi sahildə  özünü sudan  çıxmış balıq kimi hiss edir

Müstəqil.Az və Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin birgə layihəsi olan “Dənizçi həyatı”nın bu dəfəki qonağı təcrübəli dənizçi, Bue Kaspian şirkətinin “Topaz Triumph” gəmisinin kapitanı Seyfulla Əliyevdir. Kapitanla söhbəti təqdim edirik.

-Seyfulla bəy, salam.

-Salam Faiq bəy,xoş gördük.

Necəsiz, deməyə lüzum bilmirəm, sizinlə söhbətimiz Tovuz istiqamətində gedən döyüşlərə təsadüf edir, narahat olmanız sosial şəbəkədəki yayınlamalarınızdan bəllidir. Nə deyə bilərsiz?

-Çox düzgün vurğuladınız ki, narahat olmağımız təəbidir. Bu gün özünə vətəndaş deyən hər bir kəs narahat olmalıdır. Vətənimizin 20% dilbər guşəsi işğal altındadır. Hal-hazırda da vətənimizin sərhəd rayonu olan Tovuzun i Ağdam kəndinin işğalçı ermənilər tərəfindən  atəşə tutulması və hücum cəhdi, şəhid olan vətən oğullarımız bizi narahat etməyə bilməz. İnaniram ki, qəhrəman əsgərlərimiz düşmənə layiqli cavab verib şəhidlərimizin qanını yerdə qoymayacaqlar. Biz bir millət olaraq bir olmalıyiq və düşmən üzərində qələbə qazanmalıyıq. Vətən uğrunda döyüş gedirsə sözsüz ki, itkilərimiz də olacaqdır. Allahdan şəhid düşən qəhrəman oğullarmıza rəhmət diləyirəm. İnşəAllah ki, qələbə uzaqda deyil.

Hazırda dənizdəsiz yəqin?

– Hal-hazırda ev novbəsindəyəm. COVİD 19-la əlaqədar karantin rejiminə riayət edirəm və bildiyiniz kimi bizim iş rejimimiz 42 ev və 42 iş gündür. Bir neçə gündən sonra iş növbəsinə çıxacam.

– İnşallah. Söhbətimizin bu məqamında özünüz haqda qısaca məlumat vermənizi xahiş edərdim. Həm sizi tanımayan gənc dənizçilərə tanışlıq olsun, həm də geniş oxucu kütləsinin maraqlarına cavab versin.

-1967-ci ilin yanvar ayının 25-də Masallı rayonunun Ərkivan kəndində zəhmətkeş fəhlə ailəsində dünyaya gəlmişəm. Hamı kimi orta məktəbi bitirib təhsilimi artırmaq üçün Bakı şəhərinə üz tutdum. Sənədlərimi o vaxtkı Xalq Təsərrüfat İnstitutuna verdim və o vaxtın məlum səbəblərinə görə daxil ola bilmədim. Kor peşiman evə qayıdarkən qəzet köşkündən bir qəzet aldım və orda Az.Dəniz Balıq Sənaye Texnikumuna qəbulun davam etdiyini oxudum və gecikmədim, sənədləri dərhal həmin texnikumun “gəmi sürücülüyü”fakultəsinə verdim. İmtahanları uğurla verib texnikoma daxil oldum. Bitirdikdən sonra 1989-cu ildə gənc mütəxəssis kimi “Kaspmorneftflot” idarəsində əvvlcə matros və həmin ildən də kapiatnın 3-cü köməkçisi kimi “Baba-zadə” sərnişin gəmisində işə başladım.  Bir ildən sonra təcrübəli kapiatan Müzəffər Əliyevin təqdimatı ilə kapitanın 2-ci köməkçisi vəzifəsinə imtahan verdim və keçdim. Daha sonra müxtəlif  tipli gəmilərdə 2-ci köməkçi, kapitanın böyük köməkçisi və nəhayət 1994-cü ildə 27 yaşımda “Alatau” gəmisinə kapitan təyinatı aldım və o vaxtdan 2011-ci ilə kimi müxtəlif tipli gəmilərdə kapitan vəzifəsində çalışdım.  Həmin idarəsə kapitan kimi son gəmim “Xəzərdənizneftdonma” idarəsinin flaqmanı sayılan “Azərbaycan” kran gəmisi oldub.  Ali təhsil almaq hissim məni buraxmamışdı və 1999 -ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının qiyabi şöbəsinə daxil oldum. 2004-cü ildə Akademiyanı bitirdim. 2011-ci ilin aprel ayında donanma rəhbərliyi tərəfindən İxtisaslaşmış Xəzər Dəniz Neft Donanma idarəsinin kadrlar şöbəsinə rəis vəzifəsinə təyin edildim. 2014-cü ildə Az.Dövlət Xəzər Dəniz Gəmiçiliyi QSC yarandı və XDND idarəsinə İnsan Resurslarının İdarəedilməsi və Əməkhaqqı şöbəsinə rəis təyin edildim.İki il bu sahədə fasiləsiz çalışdım.Yeni yaranmış gəmiçilikdə sanki hər bir işçinin yenidən işə  qəbul etmələr,ərizələr, müqavilələr, yeni qaydalar və s. işlər demək olar ki, məni çöx yordu. Rəhbərlik çox sağ olsun ki, mənim əziyyətlərimi qiymətləndirib 2014-cü ildə “TƏRƏQQİ” medalına layiq gördülər. Eyni vaxtda Astraxan Dövlət Texniki Universitetinin magistratura pilləsinə daxil oldum.

-Maşallah, uğurlar sizi izləməkdə davam edib, təhsil, vəzifə, dostlar və dənizçilər arasında hörmət, nüfuz…

-Çox sağ olun, Amma bütün bunlara baxmayaraq işin gərginliyi məni çox yorurdu. Artıq bu işdən uzaqlaşmaq istəyirdim və bununla əlaqədar bir neçə dəfə işdən azad olub dənizə qayıtmaq üçün rəhbərliyə ərizə təqdim etmişdim. Lakin rəhbərliyin təkidi ilə bir müddət də işi davam etdirməli oldum. Ancaq dənizə qayıtmaq qəti fikrim idi. 2016-cı ilin martında qarşılıqlı razılıq əsasında işdən azad olub əsas peşəm olan kapitan vəzifəsində Xəzərin Qazaxstan sektorunda həmin ölkəyə aid sularda, sonra isə BUE Kaspian şirkətində 6 ay k-nin baş kömkçisi işlədim.  Sonra isə kapitan vəzifəsində çalışmağa başladım. İşimdən və həyatımdan çox razıyam. Mənə elə gəlir ki dənizçi sahildə  olanda sahilə düşmüş balıq kimidir. Çox keçmir ki, yenidən dənizə qayıtmaq istəyirsən.

2017-ci ildə ADTU-nun magistr pilləsini bitirdim. 2018-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi yubiley medalı ilə təltif edilmişəm.

Uzun müddət XDND idarəsinin gəmirərində və idarənin özünd müxtəlif vəzifəlrdə çalışmısız, dənizçilərin xarakteri, ruh durumuna bələdsiz. Dənizçilər nə ilə fərqlənir?

– Dəniz işi əmək şəraiti ağır və zərərli olan iş qrupuna aid olduğu üçün hər bir insan bu işdə çalışa bilmir. Təcrübədə də görmüşük ki, bir müddətdən sonra bir çox insan bu peşəni buraxıb daha yüngül olan sahil işlərində çalışmağa üstünlük verirlər. Görünür ki “Dəniz cəsurları sevir” deyimi elə-belə deyilməyib. Həqiqətən də dənizin ağır iş şəraitinə dözmək cəsurluq tələb edir və fərqimiz də elə bundadır. Dənizçinin işi yüksək qiymətləndirilməli və işində ruh düşkünlüyü yaranmaması üçün idarə heyəti tərəfindən daima mənəvi dəstək olunmalıdır.

Yəqin ki, Dünyanın bir çox sularında üzmüsüz, Xəzər dənizi heç yaddaşınızdan çıxırdımı?

– Mənim üzgüçülük təcrübəm ancaq Xəzər dənizi daxili sular olmuşdur. Xəzəryanı dövlətlərin ərazi sularından kənara çıxmamışam, çünki buna luzum qalmayıb. İş təcrübəmin böyük hissəsi xarici şirkətlərə icarəyə verilmiş gəmilərdə olduğuna görə əməkhaqqı və iş rejimi məni qane etdiyi üçün xarici sulara çıxmağı düşünmədim. Bundan sonra da yaş öz sözünü dediyinə görə Xəzərdən kənara çıxmağı düşünmürəm.

-Dəniz, yaxud bu peşə sizə nəyi öyrətdi?

-Əslində dəniz insana bir həyat dərsi verir. Səni bütün sinaqlardan çıxarır. Həyatın qədrini, hər bir anın qiymətini bilməyi, ailə ilə keçirəcək vaxtın qiymətini bilməyi, insanlığın qiymətini bilməyi və s. Seçdiyim peşə isə mənə məsulyyət hissinin düşündüyümdən də böyük olduğunu öyrətdi.

Məsələn nəyi dənizdən görüb götürmək istərdiniz, amma hələ nəsib olmayıb?

-Dəniz mənə demək olar ki, hər şey verib. Ən əsası həyat dərsi. Yuxumda görə biləcək maddi və mənəvi dəstəyə qədər. Dəniz bizə hər şey verib, naşükürlük etmək olmaz. Sual qoyulsaydı ki biz dənizə nə vermişik, ona cavab vermək olmayacaqdı.

Xəzər dənizçisi dünyanın bütün sularında ölkəmizi şərəflə təmsil edə bilib. Gələcəkdə bu sənətə sahib olanlara nə tövsiyyə edərdiz ki, onlar da nümunəvi dənizçi kimi tanınsın.

-Bir çox dostlarım dünya sularında gəmilərdə çalışır və böyük hörmətə malikdirlər. Əlbətdə ki, bu məni çox sevindirir. Nəinki xarici sularda işləyən dənizçilərimiz, xarici dövlətə səfər edən hər bir vətəndaşımız dövlətimizin güzgüsü, nümunısi hesab edilir. Xarici sularda çalışan dənizçilərimizin üzərinə isə bu yük iki qat düşür. Çünki onlar nümunə omaqdan savayı, həm də ölkəmizi təmsil edillər. Ona görə də dənizçilərimiz ilk növbədə öz işini dərindən bilməli, beynəlxalq dili mükəmməl öyrənməli və yüksək mədəniyyətə malik olmalıdırlar.

AXDG QSC son vaxtlar bir çox uğurlu layihələrə imza atıb, Sizcə bütün bunlar bəsdirmi, yoxsa, hələ çox şeylərə nail olmaq lazımdır?

– Həqiqətən də AXDG QSC yaranandan sonra gəmiçilikdə yüksək inkişaf dinamikası formalaşdı. Bunun nəticəsi olaraq dənizçilərin güzaranının yaxşılışdırılması üçün addımlar atıldı, yeni modern gəmilərin tikilərək və alınaraq istismara verilməsi alqışalayiq hallardır. Lakin mənim fikrimcə Gəmiçilikdə islahatlara daha çox ehtiyac var. Daha çox işlər görülməlidir. Dənizçilərin sosial-məişət problemlərinin həlli üçün ciddi addımlar atılmalıdır. Dənizçilərin əməkhaqqı səviyyəsi BDT-nin tələbinə yaxın olmalıdır. İmtahan və ya gəmilərə təyinat sadələşdirilməli və vahid  pəncərə sisteminə uyğunlaşdırılmalıdır .

Seyfulla kapitan, bəlkə gözlədiyiniz sual vardı ki, vermədim. Varsa sonda bu barədə özünüz danışın

-Əlbətdə ki verilməli suallar çoxdur, lakin oxucu kütləsinin də gözünü yormamaq üçün hələ ki, bu qədəri yetər. Sonda mən də müsahibə üçün məni dəvət etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm və düşünürəm ki sualları oyektiv qiymətləndirərək cavablandırdım.

Baxmayaraq ki, sosial şəbəkələrdə sədri olduğun İctimai Birliyin yaranması ilə Sizi və komandanızı təbrik etmişdim, indi də fürsətdən istifadə edib Sizi  “Dənizçilərə Sosial Dəstək”İctimayi Birliyinin yaradılması münasibəti ilə təbrik edirəm və bu çətin həm də şərəfli işinizdə uğurlar arzulayıram. İnanıram ki, Sizin işinizin nəticəsi olaraq qazanan hər zaman dənizçilər olacaq.  Allah yardımçınız olsun, Allah dənizçilərimizi qorusun.

Söhbətləşdi: Faiq Balabəyli

Share: