Bu keşməkeşli həyatda, hər bir şair, yazıçının zaman-zaman yaşadıqları mənəvi əzabları artıq öz dünyasına sığmır, duyğularının harayını sözü ilə ona ruhən doğma olan, onu duyan, anlayan, dəyər verən insanlara çatdırmaqla, bəzən qəm-kədərini, bəzən də, sevincini bölüşməklə, sanki yüngülləşir, hüzur tapır.
Faiq Balabəylinin sevincini bölüşmək, onun haqqında doğma ana-bacı tək səmimi münasibətimi bildirmək mənim üçün həm sevindirici, həm də qürurvericidir.
Faiq həyatda çox çətinliklərlə üz-üzə qalıb, amma təslim olmayıb.
O, bu etibarsız həyatın ələyində ələnib, düşdüyü yerdən üzüağ çıxaraq öz ucalığını tapanlardan, qoruyanalardandır. Faiq Balabəyli dünyası, göründüyü kimi təlatümlü dənizə bənzəyir.
Faiq doğmanın, dostun çətin anlarında özünü borcluymuş kimi, kömək eyməyə can atır, əlindən gələni əsirgəmir, hər kəsə arxa-dayaq olur. Onun haqqında bu xüsusda daha çox yazmaq olar…
Lakin qarşıdakılar onun dəyərini anlamayanda O, insanlar arasında olan haqsızlıqlardan qaçaraq, özünü dənizin qoynunda sakitləşdirərək, hüzur tapa bilir, mən belə düşünürəm və inanıram ki, elə belədir də. Sanki öz həyatında olan hüzursuzluqları, etibarsızlıqları dənizdə dalğaların çırpıntısında, təlatümünda unudur. O, xəyallarının sahilsiz ümmanında saflaşır. Ona görə də, Faiq sevgi, qayğı, səmimiyyət, dürüstlük umduğu insanlardan nə qədər incisə də, onları bağışlayır, onlar üçün darıxır… Bu da, onun insanpərvərliyindən, dosta, doğmaya olan sevgisindən irəli gəlir.
Bütün bunlar şair qardaşımızın yaradıcılığında boy verir.
Faiq hər sahədə öz işini sevən, gözəl, xeyirxah işlərindən zövq alan insandır. Faiq Balabəyli dənizə o qədər bağlı insandır ki, hətta nəvəsinin adını da Dəniz qoyub. Faiq öz ailəsinə, övladlarına bağlı insandır. O həyatının sınağa çəkilən vaxtlarında da, öz hisslərini şeirlə onlara çatdırıb. F. Balabəyli ailədə etibarlı olduğu kimi, dostluqda da, etibarlı insandır.
O, gözəl şair, publisist, nasir, tərcüməçi, təcrübəli jurnalist kimi təkcə Azərbaycanda deyil, qardaş Türkiyədə, Rusiyada və bir neçə türkdilli ölkələrdə tanınır. Şeirləri rus, alman, ingilis, ivrit, gürcü və bir çox türkdilli xalqların dilinə tərcümə edilib, qəzet və jurnallarda, almanaxlarda dərc olunub.
O, öz kəsərli qələmi ilə, Vətən üçün həm savaş meydanında, həm də cəmiyyətdə olan haqsızlıqlara qarşı yorulmadan mübarizə apan şair-publisistdir.
Faiq qardaşımı 60 illik yubileyi münasibətilə təbrik edirəm, can sağlığı, layiqli zirvələri fəth etməsini arzulayıram! “Yorğun ömür” şeirmi Faiq üçün ərməğan edirəm.
“Yorğun ömür.”
Ömrüm təlatümlü dəniz,
Zaman-zaman qisas alır
fırtınalı dalğalar.
Yaz ətirli illərimi,
hər an udur,
əjdaha qasırğalar.
Yelkənsiz tənha qayığam,
ümmanların qucağında,
Görünməyir liman izi…
Kölgəm üzür,
ləpələrin yanağında.
Qağayılar ov axtarır,
saf sulara əksim düşən,
yönü azmış baxışımda .
Dəli sevdam məni asır,
inçimdəki yalqızlığın,
qəm toxuyan yalnışından.
Kədər qonur boz sulara…
Qara bulud leysan-leysan
nəm ələyir,
Yuyulduqca həsrət axır,
illərimin üst-başından.
Mürgüləyən ümidlərim,
göz açammır,
xatirələr yağışından.
Bürünmüşəm tənhalığın
İç göynədən qınağına.
Yorğun ömür daha dözmür,
Zalımlara məlhəm olan,
hislərimin sınağına.
Xalidə Nuray
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Ədəbi incilər ” jurnalının baş redaktoru