Müstəqil.Az Gün Ay Ümidin Qiraətçi Anar Atakişi ilə müsahibəsini təqdim edir
–İfa etdiyiniz şeirlərdən hansı sizin həyat tablonuzu əks etdirir?
-İfa sənəti özü özlüyündə müxtəlif həyat tablolarını ictimaiyyətə səsli şəkildə çatdırmaq sənətidir. Bu baxımdan bir çox şeirlərdəki həyat motivləri mənim və düşünürəm ki, bir çoxlarımızın həyatını əks etdirir.
– Sizcə, hər sənətkarın öz üslubu olmalıdır, yoxsa mövcud üslublar bəs edir?
-Üslub o zaman formalaşır ki, sənətçi öz sahəsində özünəməxsus cığır aça bilir. Zənnimcə, mövcud üslubları təməl kimi saxlayıb xaosdan qaçmaq lazımdır. Ən azı ona görə ki, kölgədə olanın öz kölgəsi olmaz.
–Qiraət, sizcə, mənəviyyat sənətidir, yoxsa insanlıq?
-Məncə, mənəviyyatla insanlığı bir-birindən ayırmaq absurddur. İnsanlığın nə olduğunu bilməyən insan mənəviyyatdan danışa bilməz və ya əksinə.
– Qiraət sənətində əsas səs böyük rol oynayır, ya diksiya?
-Bu məsələ ilk öncə, fitrət məsələsidir. İnsan Allahın yaratdığı ən kamil əsərdir. Əgər o əsərdə fitrətdən gələn şeir səsi yoxdursa, diksiyanın düzgün olması qiraət yaratmağa kömək edə bilməz. Bu da danılmazdır ki, səsin gözəlliyi düzgün olmayan diksiya da mütləq süquta uğrayır.
– Yaradıcılıq şəxsi həyata maneədir, yoxsa maneələrdən qaçış?
-Bu, fərdi məsələdir. Əgər yaradıcılığın müqəddəsliyini dərk edirsənsə, o zaman sənətin gətirdiyi imkanlardan sui-istifadə etmirsən. Bu baxımdan mənə görə yaradıcılıq şəxsi həyata maneə deyil. Çünki mən yaradıcılığın müqəddəsliyini dərk edərək onu nəfsin qurbanına çevirmirəm.
– Şeir bəşəri düşüncəni əks etdirəndə ifa daha səmimi olur, yoxsa fərdi düşüncəni?
-Təbii ki, bəşəri düşüncəni. Belə olan halda bəşəriyyətin, istisnasız ,bütün fərdləri özlərinə tutulan güzgüdə özlərini görə biləcəklər.
–Şeirin poetik çaları düşüncə materialı kimi, yoxsa qiraət materialı kimi daha aydın görünür?
–Düşüncə materialı olmadan qiraət sənətindən danışmaq olmaz. Şeirin poetik çaları düşüncələrdən süzülüb qiraətlə görüşəndə konservativ sənət nümunəsi yaranır.
–Hazırda qiraət sahəsindəki axın sizi qane edirmi?
-Əsas məsələ axına qoşulub getmək deyil, axının əksinə üzə bilməyi bacarmaqdır. Bu, hər sahədə belədir, axının çoxluğu sənətin görünməsinə mane olmaqdan başqa bir şey deyil.
– Sizcə, yaradıcılıqda iddia vacibdir, yoxsa sənət yaratmaq?
-Sənət yaradandan sonra əzmin gətirdiyi iddia daha sağlam rəqabət yaradır. Amma indi qiraətin nə olduğunu bilməyən, hətta “qiraət“ sözünü düzgün yaza bilməyən insanların iddiası o qədər böyükdür ki, dəhşətə düşməmək mümkünsüzdür.
–Sizcə, yaradıcı insanın fərqliliyi şəxsiyyətdən qaynaqlanır, ya cəmiyyətdən aldığı tərbiyədən?
-Nədənsə insan olduğu kimi davrananda cəmiyyət onu fərqli insan kimi qəbul edir. Özlərini olmadığı kimi aparan insanların metamorfozunda şəxsiyyətin formalaşması çətin olduğu qədər cəmiyyətin, onların tərbiyəsindəki inkişafdan də danışmaq olmaz. Əsl yaradıcı insan bu cür yalançı prototipləri çox aydın şəkildə görə bildiyi üçün o cür olmaqdan çəkinir. Beləliklə, ailədən, cəmiyyətdən aldığı tərbiyə ilə öz şəxsiyyətini inşa edə bilir. Bu da onu digərlərindən fərqli göstərir.
–Özünüzlə dost olsaydınız, ayrılmaq səbəbiniz nə olardı?
-Mən hər zaman özümlə dostluq etməyi bacarmışam. Düzdür, həyatda səhvsiz insan yoxdur. Zaman-zaman özümlə qurduğum vicdan məhkəməsində xətalarıma görə özümdən üzr istədiyim də olub. Müttəhim də özüm olmuşam, hakim də. Və özümə kəsdiyim cəzada özümlə dostluğumun ədalətinə güvənmişəm.
–Şeirin təbiəti qiraətçinin təbiəti ilə ust-ustə düşməlidirmi?
-Əlbəttə. Necə ki tibbin, tarixin, ədəbiyyatın öz dili var, eləcə də hər qiraətcinin öz dili (tərzi) var. Məsələn, meydan, şüar şeirləri mənim təbiətimə xas deyil.
– Ümumi qənaətə gəlsək, hazırda çağdaş ədəbiyyatdakı mətnlər sizi nəyi ilə qane edir, nəyi ilə qane etmir?
–Biz xalq olaraq yaradıcı xalqıq. Hazırda çox parlaq imzaların yaratdığı ədəbi nümunələr var ki, dünya ədəbiyyatı ilə müqayisə edəndə heç də geri qalmır. Amma bu möhtəşəmliyi söz bazarına cıxarmaq üçün alıcı tapmaq çətin olur. Bu da məni qane etmir. Şübhəsiz ki, yaradıcı insana maddi dəstək olmaq lazımdır. Bu yükü isə müəyyən qurumlar boynunagötürsələr, yaxşı olar. Axı mənəviyyatımızın keşiyində durub bizi zənginləşdirən insanların da yaşamaq üçün maddu varlıqlara ehtiyacıvar.
–Sözün fərqli mənaları ilə yanaşsanız, həyatdakı motivlərlə yazılan əsərlər arasındakı təzad nədir?
-Təzadın ən böyüyü odur ki, hər kəs özündə olmayandan danışır. Ailəsi olmayan ailə dəyərlərindən, şəxsiyyəti olmayan insanlıqdan, tərbiyəsi olmayan tərbiyədən danışır. Siyahını uzatmaq da olar. Təbii ki, istisnalar hər zaman var, ancaq bu istisnalar qaydaları pozmur.
– Sonda, Anar Atakişi üçün şeir nədir?
-İndi dəqiq bilirəm ki, şeir həm də sığınacaqdır.
Özündən qaçmaq üçün əmrdir!
Özünü qucaqlamaq üçün təsəllidir…
Özünə gerçəkləri söyləmək üçün etirafdır.
Əlindən heç nə gəlməyəndə hikkədir, ümiddir. Çarəsiz olanda çığırtılarının nəfəsini pıçıltıyla kəsib “səni sevirəm!” deməkdir şeir…
Söhbətləşdi: Gün Ay ÜMİD