Faiq BALABƏYLİ
MƏNİ AĞLAMAZSAN
Məni ağlamazsan,
Sağlığımda səni çox ağlatdım,
Saçlarından tutub başını
Divara vurdum,
Eşitmək istəmədiyin
Sözlərlə təhqir etdim səni.
Hədəqədən çıxmış gözlərinlə
Boğazından keçməyən nəfəsinlə
Mənim belə olmadığımı
Bilmədiyini demək istəyirdin.
Məni ağlamazsan,
Düyün–düyün olmuş ürəyinin əzabını
Mən vermişəm sənə.
Saçlarının arasındakı ağ cığırları
Mən göndərmişəm sənə.
Çayımı, çörəyimi vermisən,
Sevmisən məni, dəli kimi sevmisən…
Məni ağlamazsan.
BİLİRƏM, DARIXIRSAN
Bilirəm, darıxırsan,
Gözlərin də yol çəkir.
Dərd, sevincin üstünə
İmza atır, qol çəkir.
Kəndimizdə ağaclar
Tökür yarpaqlarını.
Şəklimi bas bağrına,
İslat yanaqlarını.
Külək əssə, çıx çölə,
Gətirəcək qoxumu.
Sənsizlik ərşə çəkib,
Gözlərimdən yuxumu.
Kövşən ətri gəlir, bax
Mənim şeirlərimdən.
Zülmət düşəcək sabah,
Gəl yapış əllərimdən.
Şəklimi gözlərinə
Nə tutub bağlayırsan
Yaman islandı şəklim
Qız, nədir, ağlayırsan?..
SƏN GETDİN
Sən getdin, özünlə apardın,
Gətirdiyin bir udumluq sevinci.
Zülmətə döndü hər tərəf,
Yağmura düşdüm elə bil.
Batdı limanda gəmilər,
Söndü bütün işıqlar,
Sən gedəndən sonra.
Bir vaxtlar barmaqarası
Baxdığım həyata
Barmaqlıqlar arasından
Baxmağımı indi dərk etdim.
İndi özümə görk etdim;
Necə də gözəlmiş həyat,
Və sənli günlər.
Sən getdin,
Və başa düşdüm ki,
Bu andan məhbəs həyatı yaşayıram,
İçimdə sənsizliyi daşıyıram.