Qulam kişi dəyirmana getməyə hazırlaşırdı. Neçə gün idi ki, arvadı Tükəz onun baş-beynini aparmışdı. Elə hey deyinirdi ki, a kişi çoxdandır unumuz qurtarıb, qonşulardan borc un almaqdan üzümün suyu tökülüb. Əlyerində o qədər buğda ola-ola mən niyə qonşulardan borc un almalıyam ki? Axşama qədər işin-gücün elə yatmaqdır. Nə bir iş görürsən, nə də bir adam içinə çıxırsan. Heç olmasa bir az buğda aparıb dəyirmanda üyütmürsən ki, qonşuların borcunu qaytarım. Evdə yeməyə çörək olmayanda öküz kimi bağırırsan.
Qulam kişi bu danlaqlara dözdü, dözdü, axırda lap bezdi. Ayağa qalxıb üst-başını çırpdı, odun sobasının üstündən əzik, böyür-başı hisdən qapqara olmuş qəfədanı götürüb ilıq suyunu başına çəkdi. Axşamdan arvadının qaynatdığı kartofun ikisini cibinə soxub çölə çıxdı. Gedib tövlədən boz eşşəyi çıxarıb arabaya qoşdu. Əlyerindən dörd kisə buğdanı götürüb yüklədi arabaya. Qulam kişi bütün bu işlərin hamısını səssiz-səmirsiz görürdü. Onun əvvəldən deyinməklə arası yox idi. İş görəndə deyinən adamlardan da zəhləsi gedirdi. Amma işə bax ki, tale onun qarşısına dünyanın ən deyingən arvadı olan Tükəzi çıxarmışdı. Tükəz də ki, nə Tükəz! Zalımın qızı səhərdən-axşama qədər danışırdı. Danışmaq üçün də mövzu nə qədər istəsən. Uşağın da, böyüyün də işinə hökmən bir mız qoymalıydı. Yazıq Qulam bilmirdi ki, onun bu deyinmələrinin əlindən başını götürüb hansı cəhənnəmə getsin. Qəribə burasıdır ki, o, Tükəzin bu qədər deyinmələrinin heç birinə bir kəlmə də olsa, cavab vermirdi. Yalnız bir dəfə dözməyib dillənmişdi:
-Tükəz, ölsəydim, canım sənin səsindən qurtarardı.
Gözünə döndüyüm Tükəz isə onun bu sözləri qarşısında aciz qalmamışdı:
-Yox, Qulam, mənim əlimdən gorda da canını qurtara bilməyəcəksən. Gəlib qəbrinin üstündə də söyəcəm yeddi arxadan dönənini.
İndi Qulam kişi buğda kisələrini arabaya yüklədikdən sonra yerdən bir çubuq götürüb boz eşşəyi hoş-hoşladı. Amma boz eşşək yerindən tərpənmədi. Qulam bir də vurdu. Boz yenə də tərpənmədi. Onda Qulam çubuğu qaldırıb var gücü ilə bu boz lənətə gəlmişin belinə çırpıb qışqırdı:
-Yeri də, ay eşşəyin qızı eşşək!
Qulam bu çubuğu çəkəndə təsəvvüründə Tükəzi canlandrıb onu söydüyünə görə qəlbində bir yüngüllük hiss etdi.
Dəyirmanda adam çox idi. Onlar kisələrini sıra ilə düzərək özləri bir kənarda oturub növbələrini gözləyirdilər. Kisələrin üstünə kömürlə hər kəs öz adını yazmışdı ki, dəyişik düşməsin. Qulam kişi də kisələrini ümumi sıraya qoydu, özündən əvvəldə dayanan cavan oğlandan xahiş etdi ki, kisələrin üstünə “Qulam” yazsın. Oğlan təkcə “Q” hərfini yazıb dedi ki, ay dayı, neynirsən bütöv adı yazmağı, elə baş hərfi yazsaq, kifayətdir. Qulam kişi də bir söz deməyərək razılaşdı və çəkilib bir qıraqda əyləşdi. Bir qədər sonra acdığını hiss edib cibindən kartofları çıxararaq yeməyə başladı.
Getdikcə dəyirmanda adamlar çoxalırdı. Artıq Qulam kişinin kisələrinin ardınca da bir xeyli kisə yığılmışdı. Növbə isə yavaş-yavaş irəliləyirdi.
Budur, ondan əvvəl cəmi bir nəfər qalmışdır. Bir azdan onun da növbəsi çatacaq və Qulam kişi evə dörd kisə un aparıb ən azı bir-iki ay Tükəzin “un yoxdur” kimi deyinmələrindən canını qurtaracaqdı. Amma yox, Tükəz onsuz da deyinmək üçün bir yox, beş yox, onlarla, yüzlərlə bəhanə tapacaq. Bunları fikirləşən Qulam kişi dərindən bir ah çəkdi.
Elə bu vaxt içəriyə hay-küylə üç nəfər daxil oldu. Onlardan ikisi çiyinlərində hərəyə bir kisə buğda gətirirdi. Üçüncüsü isə sol əli cibində, sağ əlində təcbeh fırlaya-fırlaya gəlirdi. Papağını geriyə sürüşdürmüşdü, gözünün birini qıyib, o birisi ilə gülümsəyirdi. Bu adamlar irəli keçib kisələrini hamıdan qabağa qoydular. Təsbehli bərkdən dedi:
-Kimdir burada mənim növbəmə girən? Bəs bilmirsiz ki, Şomu indicə gələcək?
Dəyirmandakılar susdular. Təsbehlinin bu cür danışığı hamını karıxdırmışdı. Onlar geri çəkilib Şomuya yol verdilər.
Qulam kişi təəccüblə bir Şomuya baxdı, bir də səssiz-səmirsiz geri çəkilib onu irəli buraxan adamlara. İrəli yeriyib qəzəblə dedi:
-Bura bax, Şomusan, nəsən, mən səhərdən burda növbə tutmuşam, indi sən gəlib irəli keçirsən? Mən gün batana qədər evə un aparmasam, bilirsən Tükəz başıma nə oyun açar?
Şomu diqqətlə Qulamın üzünə baxdı, baxdı və birdən qəhqəhə çəkib güldü. Elə güldü ki, hətta dəyirmanın divarları titrədi. Gülüb doyduqdan sonra dedi:
-Mən qoymaram sənin Tükəzin əziyyət çəksin. Oyunu özüm sənin başına açaram.
Sonra yanındakılara başı ilə işarə elədi. Bu namərdlər yazıq Qulamı yumruq-təpiklə döyməyə başladılar. O qədər döydülər, ta özləri yorulana qədər. Qulam əlləri ilə başını tutmaqdan başqa bir şey eləyə bilmirdi. Adamlar isə kənardan baxır, yalnız başlarını bulayırdılar. Şomunun qorxusundan heç kim cınqırını da çıxara bilmirdi.
Şomu işarə eləyən kimi qoçuları bədbəxt Qulamdan əl çəkdilər. Sonra kisələrini aparıb dəyirmanın dənliyinə boşaltdılar və heç nə olmayıbmış kimi öz aralarında deyib-gülməyə başladılar. Qulam sürünə-sürünə dəyirmanın bir küncünə çəkildi və cibindən kirli dəsmalını çıxararaq üz-gözünün qanını silməyə başladı.
Şomunun dəstəsi un kisələrini çiyinlərinə ataraq gəldikləri kimi də hay-küylə çıxıb getdilər. Yalnız bundan sonra adamlar Qulama yaxınlaşa bildilər. Onu danlamağa başladılar:
-Ay rəhmətliyini oğlu, bəs sən Şomunu tanımırsan? Niyə ona baş qoşursan axı? Bəs görmədin biz hamımız necə geri çəkildik?
Qulam onların cavabında yalnız bunları dedi:
-O, Şomu olsun, mən də Qulam. Gör onun başına nə oyun gətirəcəm.
Adamlar isə onun cavabında gülüb başlarını buladılar. Sonra onlardan bir nəfər dedi:
-Qardaşlar, insafdan deyil ki, bu kişini belə buraxaq. Gəlin, heç olmasa, onun dənini biz üyütməklə ona bir kömək edək.
Doğrudan da, adamlar Qulamın dənini dənliyə boşaldıb, ununu unluqdan kisələrinə yığdılar. Sonra kisələrin ağzını bağlayaraq aparıb arabaya yüklədilər. Boz eşşəyi gətirib arabaya qoşdular, Qulamın da qolundan tutub qaldırdılar, birtəhər sürüyüb arabaya mindirdilər, çubuğu əlinə verib yola saldılar.
Qulam kişi arabada oturub elə hey Şomunu və qoçularını söyürdü:
-Kopoyoğlanları, itin belindən gələnlər, qancığın qarnından çıxanlqar, görüm sizi heç sabaha sağ çıxmayasınız. Balalarınız qırılsın, arvadınız ölsün, arvadsız qalasınız…
Boz eşşək Qulamın bu sözlərindən ruhlandığındanmı, ya evə döndüyünə görə sevindiyindənmi, bilmirəm, nədəndisə, evə tərəf daha sürətlə çapırdı. Dəyirmana gələndə namərd heç belə qaçmırdı. Qulam isə söyüb-qarğımaqda davam edirdi.
Nəhayət, boz eşşək arabanı və Qulamı gətirib çıxardı Tükəzin hüzuruna.
Tükəz sevincək kişinin qarşısına çıxdı ki, un kisələrini boşaltmaqda ona kömək eləsin. Amma onu görən kimi yazıq arvadın əli üzündə qaldı. Al-qana bulaşmış Qulam dayanmadan söyürdü:
-İt uşağı, kopoyoğlanları, görüm sizin balalarınız qırılsın, arvadınız ölsün, arvadsız qalasınız. Qapınız elə bağlansın ki, heç vaxt aça bilməyəsiz.
Tükəz qorxa-qorxa ona yaxınlaşdı.
-A kişi, bu nə gün-uruzgardı? Səni kim bu günə salıb? Kimi söyüb-yamanlayırsan? – deyə təəccüblə soruşdu.
Qulam isə onu eşitmirmiş kimi elə hey söyür, söyürdü…
Arvad nə qədər çalışdısa da, ondan bir söz ala bilmədi. Uzun çək-çevirdən sonra, nəhayət, kişinin qolundan tutub bərkdən qışqırdı:
-Ay evi xarabın oğlu, bir sussana! Görürəm, səni dəyirmanda möhkəm döyüblər. Orda onlara gücün çatmayıb, indi gəlib mənim yanımda kişilənirsən? Söyüb-döyən idin, dəyirmanda edəydin də bunları. Düş, düş arabadan.
Bunu deyib Tükəz Qulamı arabadan düşürdü, özü un kisələrini çiyninə atıb bir-bir əlyerinə daşıdı.
O gündən Qulam kişinin adı kənddə oldu “dəyirmanda döyülüb, evdə söyən Qulam”