Gözəllik – nə qədər zövqə görə ölçülsə də, hər zamanın öz standartları ilə hesablaşmalı olub. Hətta zamanla ayaqlaşmayıb, cəmiyyətin istəklərinə boyun əyməyən ən biganə, asetik insan belə gözəlliyə elə qəbul etmədiyi cəmiyyətin gözü ilə də baxmalı olur.
Tarix boyu gözəllik standartları dəfələrlə dəyişilib, həm də elə köklü dəyişib ki, bir əsrin gözəllik anlayışı o biri əsr üçün çılğınlıq, ağlasığmazlıq kimi görünüb. Nəinki əsr, bəzən onillik belə gözəllik anlayışının yerli-dibli dəyişməsinə kifayət edib. Məsələn: XX əsrin 50-ci illərinin “iştaha açan” ( iri sinəli, incə belli, iri yanbızlı) gözəllik standartı cəmi 10 ildən sonra arıq, uşaq bədənli, xəstə görkəmli, çilli, qısasaçlı “gözəlliy”ə dəyişib.
Təxminən 2-3 il qabaq avtobusda bir qadına gözüm sataşdı və dərhal da diqqətimi çəkdi: qadın qucağında uşaq tutmuş, boynunu yana əymiş, qəmli üzlü İNTİBAH gözəli idi! Elə bil Da Vinçinin, Mikelanconun portretlərinə baxırdım. Mona Lizanı itələyib yerində dayanmışdı: həmin enli, qaşsız alın, yumru sifət, nazik dodaq, dar çiyin və s. Amma təsəvvür edin məndən başqa bir nəfər də ona tərəf baxmırdı. Niyə? Çünki onun gözəlliyi zamanını səhv salmışdı. Beş yüz il öncə doğulsaydı, indi rəssamların ilham pərisi, kral arvadı, ən azından markizadan, baronessadan biri olardı, əri də qarşısında səcdə edərdi. Təəssüf ki, gözəlliyi zamanı yaxalaya bilmədiyi üçün bir əlində iri ərzaq torbası, qucağında uşaq, nimdaş paltarda, sınıq-salxaq avtobusda gedirdi.
Başqa bir misal çəkim: gözəl bir iş yoldaşım vardı. Anjelina Jolinin on il bundan qabaqkı gözəl, sağlam və daha dəbli vaxtlarına bənzəyirdi. Çox uğurlu və həsəd aparılacaq nikahı oldu. Nikaha qədər də məhz gözəlliyinin sayəsində 23 yaşındaykən nüfuzlu şirkətə rəhbərlik etdi. Qızın toyundan sonra anası bizə maraqlı hekayət danışdı – ən qəribəsi öz qızına paxıllığı səsində duyulurdu. Amma qulaq asanlardan heç kim qadını bu həsəddə qınamadı. Deyirdi ki, qızım doğulandan iki-üç ay sonra dərd məni götürmüşdü, çünki eynən özümə bənzəyirdi, deməli gənckən çəkdiyim əziyyətləri təkrarlayacaqdı. Zamanla boy-buxunu ilə də məni təkrarladı: hündür boy, arıq bədən, nazik ayaqlar, həddən artıq qalın, ətli dodaqlar, amma kiçik mavi göz, almacıq sümüklərinin bəlli şəkildə qabarıqlığı… Mən bu görünüşlə 70-ci illərin ən çirkin qızı idim. O dövrdə bəstəboy, ətli, dolğun ayaqlı, iri gözlü, yumru sifətli qızlar gözəl hesab olunurdular. Məktəbdə, institutda oğlanlar mənə lağ edərdi. Nəhayət 30 yaşımda birtəhər, zamanının ən eybəcər kişilərindən biri ilə ailə qurdum, hələ buna da şükür edirdim. Amma qızımın bəxti gətirdi: bir vaxtların eybəcərlik əlamətləri indi gözəllik standartı sayılır. Qızım həyatını istədiyi kimi, müxtəlif sevgilərlə bol yaşadı, üstəlik bunu bilə-bilə qapımızı şahzadələr elçilik üçün döyürdülər…
Gördüyünüz kimi, belə çıxır ki, insan gözəl olaraq doğulmur, sadəcə zamanının standartlarına uyğun gəldiyi üçün gözəl sayılır. Beyons Nouls 300 il öncə doğulsaydı, ulu nənələri kimi qul olacaqdı. Təkcə ona görə yox ki, o zaman zəncilər kölə idi, həm də ağ bədənin gözəllik simvolu sayıldığı bir zamanədə qara qız kimin diqqətini çəkərdi ki? Yaxud təsəvvür edin ki, Anjelina Coli İntibah dövründə doğulub… Demək, atalar sözünə əlavə etməliyik: “Gözəl üzün olunca, gözəl bəxtin və uyğun VAXTın olsun”.
Bəs zamanla gözəllik hansı dəyişikliklərə məruz qalıb?
Əvvəlcə onu deyək ki, gözəllik təkcə kişi zövqünə, qadın kaprizinə görə dəyişmir. Bu zamanın tələbləri, mühit, hər hansı bir kultun qabarıqlığı, hətta çətin şəraitlə ölçülür.
Lap başa gələk – antik dövrlərə. Qədim Misirdə gözəl qadın sarımtıl dərili, hündür boylu və yeniyetmə oğlan bədənində olmalıydı – düz sinə və dar ombalarla. Mütləq də əsmər, heykəl kimi düz otutub-durmalıydı. Uşaq üzlü, arıq qadınlar qədim Misirdə doğuşun az olması ilə əlaqəli idi. Adi ailələrdə 2-dən artıq uşaq olmazdı, saraylar isə yalnız fironun qocalması zamanı uşağa ehtiyac duyurdular. Ona görə də qadınlar öz xarici görünüşləri ilə uşaqları “əvəz”ləyirdilər.
Qədim Yunanıstanda gözəllik təkcə zövq deyildi, həm də kult idi. Burada özünü gözəl adlandıran qadının bütün orqanları standart ölçü əsasında hesablanırdı. Deyək ki, gözəl qadının biləyinin və ya boynunun ölçüsü hesaba düz gəlmirsə, artıq o, bu adı daşıya bilməzdi. Qədim yunanlar daha çox təbii incəlikdə olan qadın bədəninə üstünlük verirdilər. Yunanıstanda mədəniyyət və incəsənətin hər şeydən üstün olması ilham pərisi olan qadını bütün də olmasa, əksər zamanlarda qəbul olunan təbii standartlarda saxlayırdı. Çünki yunanlar ərsəyə gətirdikləri əsərlərinin minillikləri aşacağından əmin idilər.
Orta əsrlərin gözəli solğun üzlü, xəstə bənizli olmalıydı. Qadınlar alının qabarıq olması üçün saçlarının önünü ülgüclə qırxardılar, qaşlar isə yerli-dibli qırxılırdı. Üzə dəri rəngindən bir ton açıq pudra vurulur, başqa kosmetik vasitələrdən istifadə olunmurdu, bu da qadını sanki indicə xəstə yatağından qalxmış kimi göstərirdi. Həmin dövrünın antisanitariya, epidemiya, dini doqmatizm və s. səbəblərindən insanların üzündə yaranmış xof, yorğunluq, xəstəlik gözəlliyə belə don biçmişdi.
XVIII–XIX əsr yenidən təbii standartlar zirvəyə qalxdı. Çünki klassikanın tavan vurduğu dönəmlərdə klassik qadın gözəlliyi də qaçılmaz idi.
XX əsr ən çox standart dəyişdirən əsrdir: məhz bu yüzillikdə qadınlar özlərini mövcud gözəlliyə uyğunlaşdırmağa macal tapmamış yeni standartlar dəbə minirdi. Çünki XX əsr texnologiyadan tutmuş, təfəkkürə qədər çox dəyişkən keçmişdi. Sanki bəşəriyyət 20 əsr yatmış və birdən ayılmışdı. Bir-birinin ardınca texniki icadlar, dəyişkən siyası rejimlər və onların nəticələri gözəlliyi də çaş-baş salmışdı. Gah yeni texnologiyanın, xüsusilə kinonun təsiri ilə fotogenik gözəllik, gah da militar rejimdən dolayı hərbçilərin iştahasına uyğun yuvarlaq bədən ölçüləri dəbə düşürdü. Əsrin sonlarına yaxın seksual və düşüncə azadlığı ilə əlaqədar olaraq sərkərdan hippilər, kişiyə meydan oxuyan azad qadının idmançı bədəni standartlara hökm etməyə başladı.
Yaşadığımız XXI əsr isə ötən yüzilliyin çılğınlığını təkrarlamaq üzrədir. Əsrin cəmi 17 ilini ötürməyimizə baxmayaraq, neçə gözəllik standartları önümüzdə nümayiş olunub. Bu da güman ki, 17 il ərzində texnologiyanın nağılvari “ağıllanması”, oynaq düşüncələr, dalğın təfəkkürlər sayəsində mümkün olur. Hazırda təbii qadın ölçüləri yenidən dəbə gəlib. Eyni zamanda plastik cərrahiyyə sayəsində bütün qızlar bir anadan doğulmuş kimi bənzər olublar. Sadəcə, digər zamanların qadınlarından bir üstünlüyümüz var: əgər görünüşümüz standarta uyğun gəlmirsə, zamanında doğulmamışıqsa, Allah plastik cərrahların əlinə qüvvət versin!
Şəfiqə ŞƏFA