Dağlar deyir ki, soyuqdur

83 yaşı dekabrda tamam olacaqmı?!

Yazıçı Əkrəm Əylisli haqqında ağı

 
Onunla tanışlığım 25 il bundan əvvəl oxuduğum “Kür qırağının meşələri” povesti ilə başladı. Povestin giriş hissəsindəki səhnə – Qədir əlindəki çamadanla kəndə girib Səltənətin qarşısında 5-6 dəqiqə səssiz dayandığı hissədən tutmuş son hadisəyədək – hər epizod heç zaman gözümün qarşısından çəkilmir. İnanın ki, ədəbiyyat müəllimi olma səbəblərimdən biri də onun yaradıcılığının sehrində itməyimdir. Sonralar yazıçının bütün əsərlərini acgözlüklə oxumuşam. Əkrəm Əylisli mənim sevimli dostumdur.
2013- cü ildə gecə saatlarında İctimai tv-də bir verilişdə Ə.Əylislini 10-a yaxın adam ( indi həmin adamların heç birini xatırlamıram) yazdığı hansısa əsərə görə tənqid edirdi. Atamın təkidi ilə yaxın əyləşib izləməyə başladım. Məlum oldu ki, Əylisli “Daş yuxular” adlı əsər yazıb və tariximizlə bağlı gerçəkləri təhrif edib. Elə o an gülümsəmişdim, çünki Xaqaninin ” Gənclərə nəsihət” əsərindəki misralar yadıma düşmüşdü:
Dostun əkdiyi gül olsa da tikən,
çıxarıb yerindən onu atma sən.
Düşüncəsinə, yaradıcılığına məftun olduğum insan haqqında pis bir şey eşitmək istəmirdim.
Səhəri gün məktəbdə müəllimlər arasında gecəki veriliş haqqında xeyli mübahisə oldu. Məsələnin ciddiliyini fərq etdim. Əslində, heç kim əsəri oxumamışdı, amma hamılıqla narahat olmuşduq. Günorta əsəri pdf şəklində, rus dilində ( 80 səhifə) çıxarıb məktəbə apararaq rus dili müəllimimizə təqdim etdim. Oxuyub fikir bildirməsini xahiş etdik.
Lütfəli müəllim növbəti gün həm kədərli, həm müəmmalı şəkildə : ” Biz sanki müharibələr, dəhşətlər içərisindən çıxmamışıq, elə bil ermənilər başımıza bu müsibətləri gətirməyib, gözləmirdim, heç gözləmirdim, – dedi, – guya xalqlarımız arasında barışıq imzalanıb”– deyib uzun-uzadı əsər barədə fikirlərini söylədi.
Çox sonralar əsəri mən də oxudum.
Əkrəm Əylisli bu xalqa, bu millətə, özünün də dediyi kimi, xəyanət edə bilməzdi. Lakin bəzi detallar oxucu kimi məni də incitdi.
 
Sevgi – Tanrıdır, ona səcdə edirəm!
Bütün əsərlər sevgidən doğulur..
Bütün qəhrəmanlar sevginin bətnindən çıxıb…
 
Əkrəm Əylisli həmişəki kimi uşaq sadəlövhlüyü, körpə məsumluğu, məhəbbət hissi ilə göyün yeddinci qatına çəkilib əsəri yazmağa başlayır. Fəqət bir, iki, üç…. səhifələri çevirdikcə, oxuduqca əsəblərim gərilməyə başladı: ay dost, yüz dəfə erməniyə, bir dəfə azərbaycanlıya yanmaq bəşəri sevgi prinsiplərini pozur axı. Axı əsl azərbaycanlı burada qeyd edilən kimi deyil. Axı biz bu qədər qəddar deyilik!
Mən də hərdən elə oluram: yazırsan, amma bəzən yazdığını, onsuz da, kimsə oxumayacaq düşüncəsinə qapılırsan. Amma belə həssas mətnlərdə yazıçı öz təxəyyülünün cilovunu əlindən buraxarsa qələm onu uçuruma aparar axı. Necə ki, əsərdə iki yerdə ” dilinin bəlasına düşmək” ifadəsi var. Deyəsən, ikisini də Nüvaşir işlədir. Atalar üçdən deyib. Əkrəm Əylisli də üçüncü cəhdi sanki özünə saxlamışdı; o da dilinin bəlasına düşdü.
Məncə, qələm adamı tarixi çözərək əsər yaradarsa hər cümləsinə fikir verməlidir. Buradakı hadisələr adi məişət hadisələri, sevgi macərası deyil ki, istədiyin kimi yazasan. (Aradabir hekayə yazıb sevdiklərimi öldürür, onlara olmazın zülmlər verir, istədiyim kimi davranıram)
 
Keçən il Ə.Əylislinin yarım saatlıq müsahibəsinə də baxdım. Yazıçı doluxsunmuşdu. Nə etdiyinin fərqinə vardığı aydın görünürdü. Bir səhnəni heç unutmadım: mən Bakıdan kənara çıxa bilmərəm. Doğma Əylisə getmək üçün icazəm yoxdur.
Lap bu yaxınlarda yazdığı hekayəsilə Əkrəm Əylisli ruhunun yaxın zamanlarda göylərə qanadlanacağını gördüm. Bütün cümlələrində “Əylis”,- deyə hayqıran ədib ölmək istəyir. Gecələr yuxularında doğulduğu kəndini görür, sanki canlı meyit kimi o kənddə sərgərdan dolaşır. Bəlkə, bundan sonra onu Əylisə götürüb dəfn edələr… deyə.
 
Zaman-zaman çox yanlışlar edir insan. Hər kəs, hər kəs səhv edir. Sən də, mən də , o da…
Normal insan etdiyi səhvdən nəticə çıxarır.
Səni yazdıqlarına görə bu şəkildə cəzalandırmağın əleyhinə oldum həmişə, dostum.
Əkrəm Əylisli indi deyir ki, ona çox soyuqdur. Onun üşüdüyünü mən də hiss edirəm. Bəlkə də, səni üşüdən on minlərlə şəhidimizin ruhudur, dostum!?…
…İndi onun 82 yaşı var, günlər yazdıqları əsərlərin oxunuşu kimi vərəqlənmədə.. Görəsən o, dekabr ayında 83 yaşını qeyd edəcəkmi!?
Elnur Nəhməd
 
 
Share: