Dağların və dalğaların əks-sədası

Dağların və dalğaların əks-sədası

Məti OSMANOĞLU

Dağlar və dalğalar… Ömrünün 75-ci yazını qarşılayan dünyagörmüş bir insan – Hüseyn Sözlü haqqında yubiley təbriki yazmaq üçün onun şeirlərinə yenidən göz gəzdirəndə, kitablarını vərəqləyəndə, nəğmələrini dinləyəndə dağların və dalğaların sorağına düşdüm, torpağın və dənizin obrazlarını axtarmağa çalışdım.

Hüseyn Sözlü Şərurda – dağların əhatəsində dünyaya gəlib. Gözünü dünyaya açar-açmaz yolu sərt sıldırımlardan, dolaylı eniş-yoxuşlardan keçib. Həyatla üz-üzə gələndə isə özünü dənizdə, dalğaların qoynunda görüb. Peşəkar dənizçi kimi uzun müddət taleyini dənizə bağlayıb. Lap gəncliyindən dalğaların üstü ilə yaxın-uzaq səfərlərə çıxıb, dünyanın bu başından o başına səyahətlər eləyib. Sözün həm hərfi, həm də məcazi mənasında dünyanı görüb…

O da maraqlıdır ki, dənizçilik sahəsində fundamental dərslik (“Gəmi köməkçi mexanizmləri sistemləri və onların istismarı”) müəllifi olan, hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasında dərs deyən Hüseyn müəllimin bədii yaradıcılığında  ucsuz-bucaqsız dəniz, macəralarla dolu səyahətlər ön planda, göz qabağında deyil. Onun bir-iki şeirində dənizlə birbaşa ünsiyyət görürük. Orada da dəniz sahilin, sahildəki insanın ayağına gətirilir: “Dəniz səni görüb sahilə çıxır…”

Nazim Hikmətin “Bəhri-Xəzər” şeirində “üfüqlərdən-üfüqlərə ordu-ordu, köpüklü mor dalğalar” üstündə “devrilən bir atın belindən enib, şahə qalxan bir ata minən qayığın” üzdüyü amansız dənizin obrazını görürük. Nazimin poetik fəlsəfəsinə görə, dəniz ölümlə həyatın üz-üzə gəldiyi, insanla təbiətin çarpışdığı bir stixiyadır. Hüseyn Sözlü isə dənizlə taleyini dənizə bağlayan insan arasında ana-bala doğmalığı və mehri görür. “Dənizçi marşı” adlı nəğmədə fərdi yaşantının təqdimatı deyil, ümumiləşdirilmiş dənizçi obrazının tərənnümü diqqət çəkir:

Oxşayıb xəzri sizi,

Gilavar layla çalıb.

Beşiyiniz – dalğalar,

Ananız dəniz olub...

 

Hüseyn müəllimin yaradıcılığında “oxunmamış dastan, yazılmamış yazı” kimi təqdim olunan dağlar daha heyrətamiz, daha əzəmətli və sirli görünür. Müəllif sanki bu yazılmamış yazını tamamlamağa, oxunmamış dastanı dilləndirməyə və oxucularına oxutmağa çalışır.

Mənə elə gəlir ki, Hüseyn Sözlünün yaradıcılığında dəniz həyatının göz önündən qıraqda saxlanılması mənzərənin zahiri görüntüsüdür. Mahiyyətə varanda isə onun şeirlərində insan qəlbi kimi ucu-bucağı olmayan dənizdən sahilə, doğma insanlara, doğma yurd yerlərinə, doğma sevinclərə, doğma dərdlərə can atmağın sevgisini, nisgilini görürük. Dəniz nə qədər romantika ilə dolu olsa da, zaman-zaman insan-təbiət ünsiyyətinin ekstremal məkanına çevrilsə də, torpaq, yurd ayrılığı sözlərə həsrət hopdurur, gözlərə duman çökdürür, insanın içini üşüdür:

Həsrət hopur sözlərimə,

Vətən, sənsiz üşüyürəm.

Duman çökür gözlərimə,

Vətən, sənsiz üşüyürəm...

Müəllif burada üşüyən ürəyin üstünü sanki bədii sözlə örtməyə, onu sözün həniri ilə isitməyə nail olur. Bədii sözün fərqli cəhətlərindən biri də budur: söz insanın yaşadığı tarixin içindəki yaşantılarını, duyub-düşündüklərini “maddiləşdirir”, əbədi xatirəyə, yaddaşa çevirir.

Hüseyn Sözlünün şeirlərində Qarabağ mövzusunun ayrıca yeri var. Görkəmli tənqidçimiz Əsəd Cahangirin də dəqiq müşahidə etdiyi kimi, üç il bundan əvvəl nəşr etdirdiyi onuncu kitabında “Sözlünün vətəndaşlıq lirikasında əsas yeri Qarabağ tutur. Zərif sevgi lirikası nümunələrindən fərqli bu mövzudakı şeirlər özünün monumental çağırış ruhu, sərt intonasiyası, yüksək patetikası ilə seçilir”…

Hüseyn Sözlü elə həmin kitabda “nə ATƏT, nə sammit!” deyə Vətənin hər bir övladını öz gücümüzə arxalanıb “ərlərin savaşına” çıxmağa çağırırdı, bu gücün bizi qələbəyə qovuşduracağına, torpağımıza azadlıq, insanlarımıza şərəf gətirəcəyinə inanır, oxucularını da bu inama qoşulmağa, bu müqəddəs inancı bölüşməyə dəvət edirdi. Tarix şairin dediyini təsdiqlədi. Azərbaycan xalqı öz iradəsinin və sıravi əsgərindən tutmuş Ali Baş Komandanına qədər mənəvi birliyinin gücü, qəhrəman Ordusunun rəşadəti ilə Qarabağı düşmən işğalından xilas elədi.

Xoş xəbər yayılsın Azərbaycana,

Ta Cıdır düzündən üzü bu yana.

Tar-kaman səsindən qoy gəlsin cana

Bu dilbər guşəsi Qarabağımın…

Bu gün Cıdır düzündə, şairin arzuladığı kimi, yenə tar-kaman səslənir, torpağımızın nəfəsi xarıbülbül qoxuyur. Bu, qəti fikrimdir ki, şanlı qələbəmizin başlıca enerji mənbələrindən biri də içimizdə yaşayan sarsılmaz inam oldu. Bu inamın yaradıcısının və daşıyıcısının bədii söz olduğuna isə şübhəm yoxdur: söz inamı itməyə qoymadı.

Düşmənin bizə qarşı təbliğatında və ədəbiyyatında başlıca biclik dünyanın gözündə özünün “yazıq”, “əzabkeş”  obrazını yaratmağa cəhd etməsidir. Dünya gözünə döndüyüm də nəyin nə, kimin kim olduğunu çox yaxşı bilir və işinə yarayanda bu “yazıq” aləti öz bildiyi kimi işlədir. Təəssüflər olsun ki, bu amansız alətdən bizə qarşı da istifadə edildi. Otuz ilə yaxın bir müddətdə Qarabağ düşmən işğalı altında qaldı. Bu bizim ruhumuzu sarsıtsa da, inamımızdan əl üzmədik. Ədəbiyyatımız tarixin ən gərgin anlarında, böyük itkilər verdiyimiz zamanlarda belə fağırlığı, yazıqlığı, miskinliyi xalqın mənəviyyatına yaxın buraxmadı. “Əldə qələm durmuşam Qarabağ savaşına” deyən Hüseyn Sözlünün yaradıcılığında da bu keyfiyyət –  yazıqlığı, məğlubluğu boynuna almağa müqavimət özünü qabarıq göstərməkdədir.

Dar ayaqda başqasını qabağa vermək asandır. Canından əziz doğma övladına vətən uğrunda şəhid olmağın şərəfini uca tutmaq öyüdünü vermək isə insanın mənəvi böyüklüyündən, əzmindən və əzəmətindən, şair ilhamının milli və mənəvi dəyərlərə sədaqətindən gəlir:

Şəhid kimi ölməyi,

Şərəf bil, əziz balam…

 

Bir daha vurğulamaq istəyirəm ki, misal gətirdiyim misralar Vətən Müharibəsindən, şanlı qələbəmizdən əvvəl yazılıb və xalqımızın ruhunda sarsılmaz qələbə inamının yaşamasında müstəsna rol oynayıb.

 

Hüseyn Sözlü həm də bəstəkardır. Onun kifayət qədər populyar olan musiqi əsərlərinə qiymət vermək mənim səriştəm çərçivəsində olmasa da, bəzi müşahidələrimi bölüşməyin yersiz olmayacağını düşünürəm. Mütəxəssislərin də qeyd etdikləri kimi, Hüseyn müəllimin musiqi əsərlərinin əksəriyyəti muğam ladları üstündədir. Ancaq bəzən sözün və səsin yurd yeri şairin və bəstəkarın iradəsini daha uzaqlara aparır, mahnılar milli-etnik yaddaşın ilkin və doğma kökləri ilə birləşib “qısa qapanma” verir. Bu baxımdan, mərhum şairimiz Fərqanə Mehdiyevanın sözlərinə bəstələnmiş “Ağla, gəlin” Hüseyn müəllimin mahnılarının içində xüsusi seçilir. Həyat yoldaşı Vətənimizin azadlığı uğrunda qəhrəmanlıqla həlak olmuş yazıçı Arzu Nehrəmliyə həsr olunmuş bu mahnı mərsiyə ladından ayrılıb, yaddaşın daha dərin qatlarına enir, nənələrimizin igidləri əbədiyyətə uğurladıqları yuğlara – ağılara qovuşur və bu gün daha aktual səslənir: bütün şəhidlərimizin  ruhu qarşısında bir minnətdarlıq heykəli kimi ucalır.

Hüseyn müəllimin vətənpərvərlik mövzusunda yazdığı mahnıların musiqisinin daxili strukturu Şərur yallısının, Koroğlu cəngisinin təntənəsi ilə müşayiət olunur. Bu keyfiyyəti onun şeirlərində də müşahidə etmək mümkündür: burada yallı həmahəngliyi, Koroğlu cəngisinin çağırışı, “Ruhani” ruhu, “Kərəmi” harayı yaddaşın “Bu dağlar, ulu dağlar” layından yüksəlir, sanki dağlarda əks-səda verir:

 

Xəbər verin Ər dağına,

Sözlü gəlib ayağına.

Süfrə açsın qonağına

Buz bulaqlı, sulu dağlar,

Ulu dağlar, ulu dağlar…

Durun, gedək yallı, dağlar!

 

Hüseyn müəllimin muğam üstündə ifa olunmaq üçün çoxlu qəzəlləri var. Şair qəzəllərini divan formasında tərtib edib, kitab halında nəşr etdirmək niyyətindədir. Mən dünyagörmüş söz və dəniz adamının divan poetikasına yenidən qayıdışını bədii sözün təkamülü baxımından zamanın axarına qarşı üzməyə bənzədirəm.

Uğura çıxan dənizçilərə isə, adətən, səmt küləyi arzulayırlar. Mən də ömrün və yaradıcılığın yeni üfüqlərinə doğru yol alan Hüseyn Sözlüyə uğurlar gətirəcək səmt küləyi arzulayıram.

 

Share: