“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi özünü buraxıb. Və “Qarabağa dönüş” adı ilə fəaliyyətini davam etdirəcəyini bildirib.
Müstəqil.Az xəbər verir ki, bu barədə ictimai birliyin yaydığı müraciətdə deyilir.
Dağlıq Qarabağın azərbaycanlı icması ictimai birlik kimi 2 il əvvəl yaradılmışdı və ona Milli Məclisin deputatı olan Tural Gəncəliyev rəhbərlik edirdi.
Müraciətdə deyilir ki, ictimai birlik Ermənistanın işğalçı siyasətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aktiv fəaliyyət aparıb. Bu illər ərzində icma üzvləri ölkə daxilində və kənarda keçirilən çoxsaylı görüşlərdə, səfərlərdə, təşkil olunan konfranslarda həmişə Ermənistanın işğalı nəticəsində azərbaycanlı məcburi köçkünlərin pozulmuş fundamental insan hüquqlarının bərpa olunmasına diqqət çəkib.
İndi isə Azərbaycanın qələbəsi, işğal altındakı torpaqların azad edilməsi ilə başa çatan müharibədən sonra Qarabağ yeni tarixi mərhələyə qədəm qoyub.
“Artıq “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi və onun statusu anlayışı yoxdur. Çoxmillətli və multikultural ölkəmizdə yaşayan bütün milli azlıqlar kimi ermənilər də Azərbaycanda fərdi vətəndaşlar olaraq sərbəst şəkildə yaşayacaqlar. Vətən Müharibəsindən sonra yaranmış yeni reallıqda “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” və “Dağlıq Qarabağ bölgəsinin erməni icması” anlayışları öz aktuallığını və ictimai əhəmiyyətlərini itirib. Bütün bunları nəzərə alaraq, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi 30 aprel 2021 ci il tarixdə iclas keçirərək, təşkilatın buraxılmasına qərar verib. Bundan sonrakı fəaliyyətimizi Prezident İlham Əliyevin rəhbərliyi altında tarixi və əzəli torpaqlarımıza böyük qayıdışın uğurla başa çatdırılmasına, Qarabağımızın dirçəldilməsinə yönəldəcəyik. Biz əminik ki, qısa zamanda Qarabağ ölkəmizin ən inkişaf etmiş yerlərindən birinə çevriləcək. Ermənistanın işğalı dövründə dağıdılmış bütün şəhər və kəndlərimiz, mədəni və tarixi abidələrimiz, məscidlərimiz bərpa olunacaq. Xalqımız üçün xüsusilə əziz olan Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri müzəffər Ali Baş Komandanımızın da dediyi kimi nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının ölkəmizin iqtisadi, sosial və humanitar həyatına reinteqrasiyasının və Azərbaycan Respublikasının qanunları çərçivəsində yaşayışının təmin edilməsi istiqamətində müvafiq işlər həyata keçiriləcək. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, bu müqəddəs missiyanı dəstəkləmək üçün “Qarabağa dönüş” adlı ictimai birliyin yaradılmasını bəyan edirik”,-müraciətdə deyilir.
Müstəqil.Az