Daha bir qondarma MMC Bakıda sakinləri evlərindən qovur

Bakının Azadlıq prospekti, 80 ünvanında yerləşən çoxmərtəbəli, 112 mənzilli binanın hansısa “Fədək” MMC adlı şirkət tərəfindən içərisində yaşayış ola-ola “pilot layihə” adı altında sökülməsi ətrafında qalmaqalın davam etdiyi bir vaxtda Nəsimi rayonunda daha bir gərginlik ocağı yetişir. Virtualaz.org xəbər verir ki, bu dəfə rayonun Süleyman Rəhimov küçəsi, 203 ünvanında yerləşən (17 saylı Mənzil-İstismar Sahəsi) binanın sakinlərinin evlərindən çıxmaq üçün xəbərdarlıq aldığı, onlara yır-yığış etmək üçün bir ay vaxt verildiyi məlum olub.

Binanın sakinləri redaksiyamıza bildiriblər ki, “Bizim ailə” MMC adlı yeni yaradılmış, ofisi və bank hesabı belə mövcud olmayan hansısa şirkətin nümayəndələri onlara “pilot layihə” çərçivəsində evlərindən köçürüləcəkləri barədə ultimatum veriblər. Sakinlərə ancaq bir variant təklif edilib: evlərini tərk edib kirayə mənzillərə köçsünlər və onların yaşadıqları binanın yerində inşa ediləcək yeni çoxmərtəbəli binada təzə mənzillərə köçürüləcəkləri günü gözləsinlər.

 

 

Sakinlər isə deyirlər ki, tikinti sahəsində heç bir təcrübəsi olmayan, cəmi 10 manat nizamnamə kapitalına malik, heç kimin tanımadığı şirkətin onları aldadıb aradan çıxmayacağına heç bir təminat yoxdur. Şirkət Nəsimi rayon İcra Hakimiyyətinin podratçısı qismində çıxış edir, lakin bundan əvvəlki “pilot layihə” söküntülərində olduğu kimi bu dəfə də İcra Hakimiyyəti təminatçı rolunda çıxış etmir. Yəni gələcək mümkün məhkəmə çəkişmələri ancaq sakinlərlə MMC arasında gedə bilər.

“Kim təminat verə bilər ki, heç kəsin tanımadığı bu şirkət bizi aldatmayacaq? Sakinlər qarşısında öhdəliyin yerinə yetirilməsinə kim cavabdeh olacaq, kim bu öhdəliklərin vaxtında yerinə yetirilməsinə nəzarət edəcək? Tikinti sahəsində heç bir təcrübəsi olmayan hansısa birgünlük şirkətə bizim evlərimizi sökmək, yerində bina tikmək səlahiyyətini necə veriblər? Bu suallara cavab verən tapılmır, belə çıxır ki, “JEK”-lər və icra hakimiyyətləri bu birgünlük firmaların maklerlərinə çevriliblər?”-sakinlərin müraciətində bildirilir.

 

 

Sakinlər deyirlər ki, əgər bina sökülməlidirsə qoy onlara kompensasiya versinlər. Çünki insanlar evlərindən pərən-pərən düşüb haradasa illərlə kirayə yaşamaq, təzə binanın tikilib başa çatdırılmasını gözləmək istəmirlər. Hazırda bina sakinləri əsəbi vəziyyətdə, gərgin şəraitdə buldozerlərin gəlişini gözləməkdədir.

Virtualaz.org bu məsələ ilə bağlı 17 saylı Mənzil-İstismar Sahəsi ilə əlaqə saxlayıb, adını açıqlamaq istəməyən əməkdaş əvvəlcə binanın söküləcəyini təkzib edib: “Həmin bina düz bizim “jek”in qabağındadır, bu saat orada heç bir söküntü getmir”.

Əməkdaşa sakinlərə evlərindən çıxmaq üçün xəbərdarlıq edildiyini xatırladanda isə belə cavab verdi: “Bildiriş veriblərsə gedib danışsınlar, bəlkə sərf edəcək? Bina sökülməlidirsə deməli söküləcək, sarayın arxasını (Heydər Əliyev Sarayı) neçə köçürdülərsə buranı da elə köçürəcəklər…”

“Bizim ailə” MMC adlı şirkətin barəsində isə sakinlərin bildirdiyi kimi heç yerdə heç bir məlumata rast gəlmək mümkün olmadı.

Müstəqil.Az 

Share: