Daha Böyük İnsan…(hekayə) – Yurdaişıq

Daha Böyük İnsan

 

1974-cü ilin iyul ayı idi. Xasay kişi bu bazar evdə istirahət etməyi qərara almışdı. İşi ilə bağlı daim gərgin çalışan Xasay kişi o qədər yorğun idi ki, nahardan sonra çiy kərpicdən olan sərin, geniş, rahat evində ikicə saat  yatmağı heç nəyə dəyişməzdi. Istinin nəfəs kəsdiyi Aran yerində sərin otaqda dincəlməyin ayrı ləzzəti vardı. Radioda da həmşəki kimi bu vaxtlar muğam saatı olurdu. Xan Şuşinskinin  ruha sığal çəkən sədası altında Xasay kişi mürgüləyridi. Ağzı yuxarı yatan Xasay kişinin sinəsi musiqinin ritminə uyğun qalxıb enirdi. Yuxunun və musiqinin şirin yerində evin küçəyə olan pəncərəsi döyüldü.

Qonşu Əmrah kişinin oğlu idi. Xasay kişi ona hay verdi. Uşaq dedi ki, atam deyir ki, burdayıq.

Burdayıq sözün Xasay kişinin arvadı Natavan  da eşitdi.  Burdayıq sözü Xasay kişini necə yüklədisə,  son döyüşə gedirmiş kimi ağır-ağır qalxdı, fikrli-fkirli hazırlaşmağa başladı.  Natavan arvad 20 il bir yastığa baş qoyduğu kişinin burdayıq çağrışına könülsüz getdiyini açıq-aşkar hiss edirdi. Amma, bilirdi ki, Xasay kişi üçün şərəf məsələsi daha mühümdür. Burdayıq çağrışı onu zindana da aparsa, ölümə də aparsa gedəcəkdi. Yenə özünü saxlaya bilməyib, ürkək-ürkək dilləndi:

-Xasay, bəlkə getməyəsən.

 

Xasay kişi necə qəzəbli və iti baxışlarla Natavanı süzdüsə, arvad ayaq üstə öldü. Sözünün nə dalı, nə qabağı oldu.

Xasay kişi bilirdi ki, burdayıq deyilibsə, demək ki, Əmrah kişin evində rayonun sanballı, sözü keçən kişiləri yenə gizli toplantıya qatılıblar.

Hər şey üç il öncə heç nəyin üstündə başlamışdı. Qonşu rayondan bura  1-ci katib təyin edilən Fərasət Əzizov hansısa bir məclisdə rayonun sayılıb seçilən idarə rəhbərlərindən biri olan Vidadi Səlimovu  barmağı ilə  yanına çağırmışdı. Bu jesti özünə təhqir bilən Vidadi Səlimov sərt reaksiya vermişdi. Nəticədə Vidadi Səlimovun idarəsində qərəzli yoxlama başlamışdır. Həbs olunanlar olmuşdur. Rayon ağsaqqalları, o cümlədən Xasay kişi də Vidadi Səlimovun cərgəsində yer alıb, Fərasət Əzizova əks hücuma keçmişdilər. Hər həbs olunan bir Vidadiçinin yerinə, iki Fərasətçini həbs etdirməsələr bir an rahat daynmırdılar. Yeni hücum planları isə həftədə bir dəfə Əmrah kişinin gözdən-könüldən uzaq olan evində hazırlanırdı. Xasay kişi yaxşı bilirdi ki, bu işin sonu fəlakətdir. Fərasət Əzizov ən yüksək səviyyədə müdafiə olunan, əsilli-köklü biri idi. Onların isə yuxarıda Vidadi Səlimovun səngər dostu olan Nazirlər Kabinetində şöbə müdiri işləyən Şamxal Nadirovdan başqa dalı-daldası yox idi. Bu səbəbdən 10 uşaq atası olan Xasay kişi daha çox övladlarına pislik olunacağından ehtiyat edirdi. Lakin, öz həmyerlisini, rayon ağsaqqalını müdafiəsiz buraxmaq onun ad-sanına yaraşan deyildi.

 

Xasay kişi toplantı otağına daxil olnada təəccübləndi. Bu dəfəki görüşdə həmşəki adamlardan əlavə bir nəfər gənc oğlan da vardı. Masanın ayaq tərəfində oturmuşdu. Cüssəli bədəni, soyuq baxışları Xasay kişini açmadı. Hamının da gözündə bir kədər vardı. Təkcə Kərəm kişidən başqa. Kərim kişi vurub-yıxan, gözüqanlı ağsaqqallardan idi. Rayonda hamı bilirdi ki, o gecə vaxtı evdən silahsız çıxmır. Sovet adamının silahla gəzməyi hər kişinin işi deyildi.

 

Həmişə səbr və təmkini ilə çeçilən Xasay kişi salamlaşan kimi ilk sualın çox ləngitmədi:

-Bu cavan oğlan kimdir?

 

Əmrah kişi dərhal cavab verdi:

-Qohum adamdır, narahat olma. Rəhmətlik Seyid Tahirin nəvəsidir.

-Allah rəhmət eləsin. Böyük adam idi. Bəs, bunun burda nə işi?

-Maraqlı təklifləri var. Sən gec gəldin, söhbətdən bixəbərsən.

-Nə təklif? Nə söhbət? Nə vaxtdan uşaq-muşaqdan təklif alıb, iş görən olduq.

-Səbrli ol, Xasay kişi. Canımız yığılıb boğaza. Bu işi birdəfəlik bitirmək lazımdır. Birimizin qızın boşatdırırlar. Birimizin oğlun instutdan qovdururlar. Birimizin işçisin həbs etdirirlər. Biz də onun barəsəində bir-iki yazı verdiririk mətbuatda, vəssalam. Tutulan, işdən çıxan isə qohum-əqrabası deyil. Qulbeçələridir. Bu gün Vidadinin yaşadığı küçənin də adın dəyişib. Molla Vəli Vidadinin adın dəyişib Lenin küçəsi elətdirib. Deyirmiş ki, Vidadi gərək Vidadi küçəsində yaşamasın.

  • A kişi, bildim e, vəziyyət pisdir. Bunun bu uşağa nə dəxli?
  • Hə, bax bu uşaq Əzizovu öldürməyə hazırdır. Deyir 30 min verin, ikicə günə qaldığı qonaq evində onu öldürüm. Qaça bilsəm bir ömür Pribaltikada yaşayacağam. Yox tutuldumsa, sizlik deyil. Deyəcəyəm ki, eşitmişdim qıza-gəlinə sataşır. Qeyrətim götürmədi, öldürdüm.Özün bilirsən ki, bu oğlanın damarında kimin qanı axır. Ölər, adam satmaz.

 

Xasay kişi heyrət içində idi.

Elə bu yerdə Kərəm kişi də söhbətin arxasın gətirdi:

-Pul məsələsi mənlikdir. Günü bu gün həll edərəm.

 

Xasay kişi üzünü Vidadi Səlimova tutdu:

-Ay Vidadi, sən ki, Kərəmin tayı deyilsən. Yüz ölçüb, bir biçirsən. Bunlar nə danışır belə?

-Xasay kişi, vəziyyət sən düşünəndən də də pisdir. Nadirovun da vəziyyəti yaxşı deyil. Yaxın aylarda onu da götürəcəklər işdən. Bu məsələ acı bağırsaq kimi çox uzandı. Sən böyük bir tayfanın ağsaqqalısan. Məsləhət yeri olmusan. Amma, bağışla. Sən bizim kimi müharibə, qan-qada görməmisən. Nimesin top-tüfənginin qarşısından qaçmamışıq. İndi öz rayonumuzda Fərasət Əzizovun qabağından qaçaq?

-Ay Vidadi, sən güllə qabağından qaçmamısan. Mən də aclığın, səfalətin qabağından qaçmamışam. Bu uşağın başına bir iş gəlsə, onun anasının qarğışı bizi küllü-küf edər. Mən bu işdə yoxam. Siz öldürmək istədiyiniz adamın özünə yox, vəzifəsinə baxın. Mən gedirəm, ay uşaq sən də ağıllı ol deyib, cavan oğlanı gözləri ilə yuxarıdan aşağı süzdü.

 

Seyid Tahirin nəvəsi də ədəbaz bir əda ilə ayağa qalxdı:

-Qorxursuzsa, mənim vaxtımı almayın. Toya getməliyəm.

 

Xasay kişinin əsəbdən əlləri əsdi:

-Ə, düdük. Günah səndə deyil, səni bura gərirəndədir.

 

Yumruqun stola vurub qalxdı. Geri baxmadan getdi.

 

Onun tez və əsəbi şəkildə geri dönməyi Natavan arvadı heç açmadı. Ürəyində Əmrah kişini qarğıdı.

 

Səhəri günü axşam işdən evə dönən Xasay kişini arvadı qarşıladı.

-A kişi, xəbərin var, xəbərdən? Seyid Tahirin nəvəsin tutublar.

 

Xasay kişi yerində dondu, sorşmaq istədi niyə, soruşa bilmədi. Gözləri Natavanın dodaqlarına dikildi.

 

-Toyda yeyib içib. Dalaşıb. Staloba işlədən Sehranın oğlun bıçaqlayıb. Bu gedə oxşamadı da dədə-babasına. Avara oldu getdi.

 

Xasay kişi dərindən nəfəs aldı. Sanki, uzun müddət suyun altında qalmışdı. Get-gedə tez-tez dərindən nəfəs aldı və birdən guppultu ilə yerə sərildi.

Səhəri gün Xasay kişinin infarkt keçirtdiyi xəbəri ildırım surəti ilə rayona yayıldı. Eşidən-bilən hamı gəlirdi. Vidadi Səlimov, Kərim kişi, Əmrah kişi də gəlmişdi. Vidadi müəllim israrla Xasay kişi ilə görüşmək istəyirdi. Həkim icazə verməsə də onu Xasay kişinin yanına aldılar. Vidadi müəllim Xasay kişinin əlini sıxaraq pıçıltı ilə dedi.

-Narahat olma, sağalacaqsan. Nəyə ehtiyacın olsa bizlikdir. Mən də qərara gəlmişəm yoldaşlarla ki, brdəfəlik yığışağın Bakıya. Daha bəsdir. Yorulduq. Sən də sağal gəl. Nadirov iş, ev məsələlərin həll edəcək.

Xsay kişi zəif və xırıltı səsi ilə dedi ki, istəmirəm. Heç yerə gedən də deyiəm. Səndən bircə xahişim var. O, uşağı qoyma içəridə qalsın. Qurtar onu.

Vidadi müəllim bir az kövrəlmiş halda dedi:

-Narahat olma, başa düşürəm. O, Gəncədə yatabdadır. Orda yeri rahatdır. Əlim üstündədir. Vurduğu adam da şükür ki, ölməyib. Şikayətçiləri razı salıb, bu işi yoluna qoyacağam. Uzağı 2 aya çöldədir. And olsun kəsdiyimiz çörəyə, qoymaram ki, zindanda qala.

Xasay kişi güclə təbəssüm göstərərək əlini havaya qaldııb kipriklərini endirib qaldırdı.

Vidadi Səlimov nə qədər etdi, göz yaşın gizlədə bilmədi. Əlinin arxası ilə gözünün nəmin silib ayağa qalxdı. İri addımlarla evi tərk edib küçəyə çıxdı. Əmrah və Kərəm kişi də onun ardınca küçəyə çıxdılar.

Vidadi Səlimov yol gedə-gedə Xasay kişinin düşünürdü. Düşünürdü ki, ölüm yatağında balaların yox, üzünə qaydan zindandakı gənci düşünən insan daha uzaqgörən, daha ağıllı insandır.      Heç kimi özünə görə qurban vermək istəməyən Xasay kişi daha böyük insandır.

 

 

Yurdaişıq.

 

 

Share: