“Daha yaxşı oynayıb, çox xal yığa bilərdik. Potensialımız buna imkan verir. Bəzi görüşlərdə bacardığımızdan aşağı səviyyədə çıxış etdik”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudov Bakıda Qazaxıstana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu – 6-cı tur oyunundan əvvəl mətbuat konfransında deyib.
30 yaşlı yarımmüdafiəçi Slovakiyaya qarşı çox yaxşı mübarizə apardıqlarını və sona kimi döyüşdüklərini bildirib: “Bu, bizə kömək etdi. Bəzi oyunlarda bəxtimiz gətirməmişdi, bəzilərində yaxşı oynamamışdıq. Qələbələr bizə inam verir. İnşallah, davamlı olacaq”.
Ötən tur səfərdə Slovakiyanı 2:1 hesabı ilə məğlub edən yığma Mahmudovun kapitan olduğu 2-ci oyunda da qələbə qazanıb. Amma futbolçu əldə olunan nəticələrin kapitanlıqla bağlı olmadığını vurğulayıb: “Maksim Medvedev və Qara Qarayev də bunu çox yaxşı yerinə yetirirdi. Sadəcə, belə oldu. Onunla heç bir əlaqəsi yoxdur”.