DARIXMAQ SƏBİR ETMƏKDİRMİ,

yaxud Tural Balabəylinin özünü axtardığı şeirlər

Şeir yazmaq stress atmaqdır. Mən demirəm, bir şair dostum deyir. Bir başqa “məşhur” şair də iddia edir ki, yazdığı şeirlər onun gecələr gördüyü və görmədiyi yuxularının davamıdır. Hələ bu harasıdır? Lap “məşhur” bir şair ən yaxşı şeirlərini yuxuda yazır. Bəlkə də belədir. Şeir yazan çox, ovqatı sözə köklənən də saysız-hesabsız! Oxucu isə bu şeir bolluğunun içindən öz ovqatına düşəni seçir. Hamı söz yığınından qaçır. Amma şeirə inamla gələn gənclər də var. Tural Balabəyli kimi!

Tural şeirin içində böyüyüb, desəm, yanılmaram. Gözünü açıb, ocağında söz qalandığını görən Turalı nəzər olmasın deyə, elə bu sözü üzərlik edib tüstüsünə tutublar. Odur ki, Tural söz-söz içindən köz alır. Qədimdən qədim bir məsəl var, deyirlər, evdə bişmir, qonşudan da gəlmir. Əlbəttə, bunu kasad adamlar üçün deyiblər. Söz Turalın evində bişib, Faiq Baiabəyli ocağında!

Tural atasının sözdən yana çəkdiyi ağrıların da şahidi olub. Uşaq ikən, ata qayğısına böyük ehtiyacı olduğu illərdə bu doğmalardan doğmasının sorağı barmaqlıqlar arasından gəlib. “Deməsəm, ölərəm, desəm, öldürərlər”, deyib sözünə “yiyəlik” etməyən Faiq Balabəyli dilinin bəlasını təcridxanalarda çəkib. Atasının barmaqlıqlar arxasında sınmadığını görən Tural hər dəfə ona baş çəkib gələndə adı Haqqq olan sözdən ötrü bir az darıxıb. Darıxa-darıxa sözün ünvanına gəlib çıxıb.

Turalı qınamıram. Sözə bələnib, sözlə böyüyüb. Oxşar taleyi mənim balam Faiq də yaşayıb. Mən Milli Azadlıq Hərəkatında iştirakıma görə, Azərbaycanın müstəqilliyi uğrunda kommunist rejiminə savaş açdığıma görə həbsdə yatanda Faiq Hüseynbəyli çox balacaydı, ikinci sinifdə oxuyurdu. Bəlkə də buna görə elə ikinci sinifdə oxuduğu vaxtlardan ilk şeirlərini yazmağa başlayıb. Gözünü açıb qab-qacaq rəflərində, paltar şkaflarında kitab görən Faiq Hüseynbəyli yazdığı uşaq şeirləri ilə boy atdı, böyüdü və mən indi şair kimi ona həsəd aparıram.

Bu mənada, Turalın atası Faiq Balabəylinin keçirdiyi hissləri də anlayıram, daha doğrusu, öz yaşantılarım kimi qəbul edirəm. Tural böyük şair olacaq, ya olmayacaq, – bu, zamanın qismətidi. Şairin üç bəxt pilləsi var. İlkini odur ki, yazır, tutuzdurur və şöhrətlənir. İkinci bəxt pilləsi şair kamilləşdikcə və yaşa dolduqca gəlir. Sonuncu uğur elə sonuncudur, şair həyatda olmayanda gəlir, yəni xatırlanır, ədəbi irsi öyrənilir! Bu bəxt pillələri bütün şairlərə aid deyil, yəni uğur gəlməyə də bilər: nə şairin sağlığında, nə də dünyasını dəyişəndən sonra! Bu gün elə “şairlər” var, çoxcildlikləri nəşr olunub, amma kimsə onları tanımır.

Bəs bəxt pillələrindən keçmək üçün neyləmək lazımdır? Cavab birdir: şair nə yazır, necə yazır! Yəni yuxuda yazanlar, yuxusunu yozanlar artıq yuxu gətirir. Cırmaqlayan, cırnadan şeirlərin də davası başa çatıb. Düşünmək və düşündürmək! Demirəm, şeir intellektual pillədə qərar tutmalıdır. Deyirəm, oxucunu tutmalıdır, bəli, tutmalıdır!

Tural darıxır və darıxdırır. Turalı darıxdıran nədir, Turalın darıxdırdığı nədir?

 

Darıxmaq – sevməkdir öncə,

çünki sevməsən darıxmazsan ki,

dəlicəsinə…

 

Tural vüsalın “içində” darıxır, yaşamaq üçün ağlamağa, gülməyə, sevməyə, darıxmağa ayaq tutub gəzməyə ehtiyac yoxdur, deyir:

 

Darıxmaq üçün

ayrılığa ehtiyac yoxdur;

darıxılan yaxındaykən

həsrət çəkmək

elə darıxmaqdır…

 

Keçici “sevgilər” və ayrılıqlar yaşayan şair üçün sevilmək yad duyğudur. Sevib darıxanlar üçün gecənin zülmət qaranlığı rəsm əsəri tək görünür. Darıxmaq həm də gözləməkdir:

 

Günəşin batıb

ayın çıxmasını,

buludların çəkilib

ulduzların görünməsini,

insanların yatıb

səssizliyin çökməsini

səbirsizliklə gözləyirəm.

 

Qayıdıram o fikrə ki, darıxmaq elə sevməkdir. Turalın şeirlərinin ana xəttini bu istiqamət təşkil edir. Yaşanmış və çəkilmiş ağrılar:

 

Hər dəfə

üzümə vursa da

məni sevmədiyini,

yenə

ona

olan

sevgim

azalmadı.

Qırılmış güzgüyə

baxmaq kimi bir şey idi

səni sevməyən

adamın ardınca

sürünmək.

 

Tural Balabəylinin əl içi böyüklükdə olan “X” qadın” şeirlər kitabını oxuduqca sevgi ağrılarını içində yaşamış, hayqırmağa imkanı olmayan, amma qıvrıla-qıvrıla qalan bir aşıqın iztirablarına baş vurursan. Hardandı Turalda bu ağrı? Adama elə gəlir ki, şeirləri Turalın hayqırtılarıdır. Tural bu şeirləri hayqırdıqca stressdən çıxır, ruhu sakitləşir.

Mən gənclərə qayğını sevirəm. Gənc yaşlarımda özüm qayğı görməmişəm. Qayğı sözünü elə hər mənasıyla qəbul edin. Amma daha çox sözümə qayğı ummuşam. Əli təzə-təzə qələm tutanların belə qayğıya böyük ehtiyacı var. Əlbəttə, Turala şeirin peyğəmbərliyi titulu verilsə, o öz başının üzərində ata qayğısını bir Tanrı buludu (kölgəsi) kimi daim hiss edəcək. Amma elə şeylər var ki, onu Tural üçün ədəbi gəncliyə rəğbətlə yanaşan yaşlı nəsil etməlidir. Bu, dəyər vermək bacarığıdır. Turalın şeirləri yaşına görə bu dəyərə dəyər! Demirəm, onun şeirləri superdir, idealdır, nöqsansızdır. Şübhəsiz, ən yaxşı şeirin belə nöqsanlı, şeirin  ümumi ahənginə köklənməyən misraları olur. Turalın şeirlərində də belə çatışmazlıqlar var, amma şeirlərin səviyyəssini gözdən salacaq dərəcədə deyil.

Uğurun mübarək, Tural!

 

Bilal ALARLI (Hüseynov),

ADPU Cəlilabad filialının müəllimi,

filologiya üzrə fəlsəfə doktoru,

Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

 

Share: