Keçdiyimiz günlərdə Daxili İşlər Nazirliyi 102 Çağrı Mərkəzinin proqram təminatını yeniləyib. Bu dəyişiklikdə məqsəd cinayət və hadisələrə çevik reaksiya verilməsi, sakinlərin təhlükəsizliyinin qorunmasının daha da sürətləndirilməsi və daha sürətli informasiya mübadiləsinin təmin olunmasıdır. Tətbiq edilən proqram təminatı K3 adlanır və yerli İnformasiya Texnologiyaları şirkəti olan “ATL Tech” MMC tərəfindən hazırlanıb.
“ATL Tech” 2013-cü ilin fevralında “ATL Group”un daxilində İnformasiya və Telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkət kimi yaradılıb. Yarandığı vaxtdan bəri bir sıra beynəlxalq şirkətlərlə əməkdaşlıq quraraq, İT konsaltinq, sistem inteqrasiyaları, proqram təminatı və həlləri kimi istiqamətlərdə geniş çeşidli xidmətlər təqdim edir.
Şirkətin İnsan Resurslarının effektiv idarə edilməsi, maliyyə yığımlarının individual tənzimlənməsi, məlumat və çağrı mərkəzlərinin təminatı, obyektlər üzrə pasport sistemi, onlayn imtahanların təşkili və başqa bir çox müxtəlif ehtiyaclar üzrə PORTEM, INSTACALL, OPS, Q-LINE, MONEYGATE, TALHUNT kimi proqram təminatları artıq həm yerli, həm də beynəlxalq miqyasda istifadə olunur.
Eyni zamanda, “Expertech” adı altında İT mövzusunda mütəmadi görüşlər təşkil edən “ATL Tech“ şirkəti, həmçinin gənclərin bu sahəyə olan marağının artırılması və peşəkarların bir araya toplanaraq öz təcrübələrini paylaşmasına şərait yaradır.
“ATL Tech” ən qabaqcıl texnologiyaları tətbiq etməklə, şirkətlərə gündəlik əməliyyatları sadələşdirməyə, optimallaşdırmağa və minimal xərclərlə maksimal effektivliliyi əldə etməyə kömək edir. Ölkəmizdə bu tip qabaqcıl və texnologiya yönümlü şirkətlərin fəaliyyət göstərməsi Azərbaycanın beynəlxalq müstəvidə sürətlə irəliləməsinə və bu sahədə təcrübəli mütəxəssislərin yetişdirilməsinə geniş imkan yaradır.
Altı ildən çox çağrı mərkəzlərinin idarə olunması sistemləri üzrə təcrübəsi olan “ATL Tech” şirkəti “K3 – Çağrı Mərkəzlərinin İdarə edilməsi” proqram təminatını törədilən və ya törədilmiş cinayətlər və digər hüquq pozuntuları barədə məlumatlar üzrə ərazi polis orqanlarında görülən işlərə nazirliyin nəzarəti, xüsusi əməliyyatlarda birbaşa iştirak edən qurumların iş effektivliyinin artırılmasında istifadə olunması üçün nəzərdə tutulub.
Sistem, eyni zamanda, hadisələr və əməliyyatlar üzrə dolğun hesabat almaq, qurumlar arası səmərəli informasiya mübadiləsini təmin etmək üçün nəzərdə tutulub. K3 proqram təminatı istənilən həcm və təhlükəlilik dərəcəsində olan hadisələr zamanı istifadə oluna bilir və əməliyyatlara rəhbərlik edən şəxslərə xilas etmə, axtarma əməliyyatlarını daha effektiv planlaşdırma, istənilən yerdən əməliyyatlara rahat nəzarət etmə imkanları yaradır.
Proqram təminatı qəbul edilən zənglərin qeydiyyatının və saxlanmasının sistemləşdirilməsi, açılan hadisə kartlarının hərəkətinin və icrasının effektiv idarə olunması, dövriyyə zamanı vaxt itkisinin tənzimlənməsi, əməyin yüngülləşdirilməsi və effektivliyinin artırılması, hər bir əməkdaşın və bütövlükdə təşkilatın iş məhsuldarlığının və idarə olunmasının keyfiyyətinin artırılması kimi bir sıra məsələlərin həllində istifadə edilir. Sistem Azərbaycan Respublikası Nazirlər kabinetinin 50 saylı qərarı ilə təsdiqlənib, “Çağrı Mərkəzlərinin idarə olunması Təlimat”ı rəhbər tutulub.
Qeyd etməyə dəyər ki, uzun müddətdir Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinin də fəaliyyətini qüsursuz həyata keçirən K3 proqram təminatı artıq özünü doğruldan və sınanan yerli İT məhsuldur. K3 Proqram təminatı barədə ətraflı məlumatı aşağıdakı video vasitəsilə əldə edə bilərsiniz: