Dayandur Sevginin müasir şeirimizdə yeri…

Dayandur Sevginin müasir şeirimizdə yeri…

(Dayandur Sevginin özü və şeirləri haqqında)

Mənə elə gəlir ki, Dayandur bəzi şeirlərində yerini tez nişan verir, gizləndiyi yerdən tez çıxır, bir az üstünü ay işığı ilə, bir az yağışla, bir az payızla örtməlidir ki, onu axtarsınlar, gəzsinlər və qəflətən, uzun bir dəqiqədən sonra çıxıb desin ki, “mən burdayam.”

Bu yazı ərəfəsində şeirimizdə onu çox axtardım, bəzən tez tapıldı, bəzən gec. Mən gec tapılan, axtarılan, şeirdə obrazını gizlədən şairi (Dayanduru) çox sevirəm və bu yazıda o şeirlərdən bəhs edəcəyəm ki, Dayandur şair kimi (özü də orijinal, maraqlı bir şair kimi) bu misralardadı. Dayandurun uşaqlıq və gənclik dostu kimi, onu tanıyan, bilən adam kimi deyə blərəm ki, məhz bu şeirlərdə onun obrazı aydın görünür.
Mən Dayandurun ağlamağını görmüşəm və bilirəm ki, ağlamaq qədər insanı ifadə edən heç bir üslub ola bilməz. Bacısı, ekiztayı rəhmətə getmişdi, mənə xəbər verdi və doyunca ağladı, o hönkürtünü heç vaxt unuda bilmirəm.
Vaqif Bayatı Ödərin bir şeiri var: “Sirr verib, sirr saxladığım adamlar, yanlarında ağladığım adamlar, unutdular məni, unutdular”.
Dayandur unudulmayan adamdı.
İncikliyimiz də olub, küsülülüyümz də. Amma bir gün keçəndən sonra qarşılaşan kimi, ikimizi də gülmək tutub, heç özümüz də bilməmişik ki, niyə güldük, niyə küsmüşdük və niyə barışdıq?
Həmişə onun şeirlərini sevmişəm, yaxşı cəhətlərini ürək dolusu qeyd eləmişəm, çünki Dayandurda yarımçıqlıq yoxdur, ürək dolusu adamdır, sevgisi də bütövdür, şeiri də, hətta sərbəst şeiri sevməməyi də. Bu da təbiidir. Çünki o heca şeirinin tanınmış nümayəndəsidir. Hərdən mənim sərbəst şeirlərim haqqında belə deməyi var: “Axşam sənin o nağıllarından bir – ikisini oxudum”. Bu cümlədə o işarə əvəzliyi onu ifadə edir ki, yəni xoşum gəlməyən nağıllarından.
Təəssüf edirəm ki, bir çoxları onun şeirdəki yerini təyin edə bilmir, bu da heç Dayandurun vecinə deyil, özü bilir ki, nəyi yazıb, necə yazıb, vəssalam. Yəni şeirdəki dəyərini bilir, amma hiss edirəm ki, bir az da özündən şübhəlidir. Bəzən ehtiyat edir şeir oxumağa. Amma mən yüz faiz əminəm ki, onda olan ilham az – az şair də var, çoxları (İçi mən qarışıq) şeiri quraşdırır, Dayandur quraşdırmır, şeir necə gəldisə, eləcə də vərəqə hönkürür.
Söz çıxarma sözümdən,
Çox danışma dözümdən,
Yolları yığ gözümdən,
Bircə, gəl ey Bircə, gəl.
Dayandur şair kimi burdadır, özü də dərindədir. Yerini nişan verir. Ola bilsin ki, Dayanduru yaxşı tanımayan, tapmaq və görmək istəməyən adamlar (tənqidçilər) elə bu mirsaların yanından sakitcə ötüb keçiblər. Şair şeirində gizlənməlidir. Ola bilsin ki, şeir yaxşı olsun, amma şeir müəllifin obrazını ifadə etmirsə, müəllifdən nəsə demirsə, mənim üçün bir az naqis şeir olur. Şeirdə şairin qeydiyyatı olmalıdır və bu,çox vacibdir. Bir dəfə demişdim, yenə deyirəm Ramiz Rövşən qeydiyyatında, ünvanında nə qədər yaşayan şairlər var. İlk baxışda kiməsə Dayandur sadə, adi və hamının tanıdığı adam kimi görünə bilər. Şeirdə Dayanduru tapmaq oxucudan və ya tənqidçidən yozum tələb edir. Yuxarıda misal gətirdiyim bənddə “söz çıxarma sözümdən” ifadəsi, sonuncu misradakı “ey” sözünün havası, intonasıyası çox xoşuma gəldi və bütün bunlar imkan verir ki, deyim, Dayandur müasir şeirimiz fərqli bir qanadıdır- “qanad” sözünə ürəklə bir söz də əlavə edirəm, – “uçuşudur”
Gözəl, gözəl deyirsən,
Poeziyasan, şeirsən,
Başdan-başa sehrsən,
Gizli-gizli sircə gəl.
Dayandurun səslədiyi sirli, arazlı, kürlü, nurlu bu xuda kimdir? Müəllif onu elə qaibanə elə bir intonasiya ilə çağırır ki, o, gəlməyə bilməz. və burda Dayandur özünü tapır və biz Dayanduru tapırıq.
“Zəhraya ağı “ ağı şeirinə diqqət yetirək.
Nağıldan çıxdı düşmən,
Yaz ömrünə qış gəldi.
Bu iki misrada ilk baxışda gözə dəyməyən incə bir ustalıq var. Uşaqlar elə bilirlər ki, düşmən nağıllarda olur. Uşaq dünyasına bələdlik, təcrübə uşaqla bağlı hər hansı bir məsələ, problem olanda şair düyğuları nağıllara çəkilir. Şair bir başa düşmənin yerini göstərsəydi, bu, təbii olmazdı. İkinci misrada “yaz ömrünə qış gəldi” yaz və qış antonimi xöşbəxtliyi və ölümü ifadə edir. Nağıl, qış və yaz Zəhranın yarıda kəsilən ömrünün tərcümeyi halına çevrilir. Əlbəttə, bədii bir şəkildə.
Yenə həmin şeirdə “Göydən üç alma düşmədi, göydən güllələr düşdü” misraları nağıl ssenarisi əsasında müharibənin dəhşətləri sərgilənir. Harda uşaq varsa, ilk andaca yada düşən onun şeiri və nağılıdır, sonda düşən “üç alma”sıdır. Demək, şair müharibəni uşaq nağılları kontekstində izah edir və oxucunu təsirləndirir.
Dayandur şeirlərində mənəvi məsələləri, xüsusən müccərəd ismləri konkret faktlarla uzulaşdırır.
Farağat dayanmış bir əsgər kimi
Ehtiyac həmişə yanımda oldu-
Mən belə yetişdim əlli yeddiyə
Əsgərin bu cür duruşu ayıq, sayıqlığa, hucuma, əmrə hazır olmaq vəziyyətidir. Indi ehtiyac da hər an sərvaxtdır. İnsanı yaralamağa, sındırmağa hazırdır. Necə ki Koroğlu deyirdi: “Ehtiyac qul eylər, qəhrəmanı da”.
Dayandur Sevgin şeirlərində səmimidir, bəzən etirafın özü də gözəl bir şeir nümunəsinə çevirlə bilir.
Haqqın tərəfində dura bilmədim,
Dilimin ucunda sözüm göynədi.
Mən elə gəlir ki, hər şair bunu etiraf edə bilməz. Dilində həqiqətin göynədiyini dilinə gətirməz. Yalandan deyər ki, həmişə haqqın tərəfində olmuşam.
Dayandur elat dilini gözəl bilir, həmişə folklordan bəhrələnir, el- oba həyatından, xüsusən, tərəkəmə köçündən maraqlı hadisələr danışır. Oğulsan, gəl gülmə.
“Əl ağacları” şeirində “Qurdu damaq eylər, oğrunu peşman, “ “Pulluya sandıqdı tüfəngə qundaq” misralarında ağac matiralından hazırlanan və unudulmaqda olan “damaq” və “qundaq” detallarına, sözlərinə yeni həyat verir.
Aşağıdakı iki misra Dayandur Sevgin şeirinin bədii həqiqətini, ağlını, yetkinliyini ortaya qoyur. Dayandur Sevgin şair kimi bu iki misradadır, yuxaıda misal gətirdiyim şeirlərin bədii (məhz bədii həqiqət) həqiqətindədir.
Əl atıb üzdüyün alma deyil ki,
Qandı laxtalanıb bar ağacında.
Fevralın 5-də gözəl şairimiz Dayandur Sevginin ad günüdür, onu təbrik edirəm və oxuculara şair kimi onun yerini nişan verdim, tapmaq, oxumaq və dəyərləndirməyin özü də bir istedaddır.
Qəşəm Nəcəfzadə,
Şair, Əməkdar mədəniyyət işçisi
Share: