YUSİF ƏMİ
(Əmim Ağayev Yusif Böyükkişi oğluna ithaf edirəm.)
1950-2019
Başsız qoyub getdin gəlinbacımı,
Artırdın mənim də ağrı-acımı,
Atam Böyükağa saldı tacımı,
Dərdi bizə qoydun pay, Yusif əmi
De, hara gedirsən, ay Yusif əmi.
Köçüb bu dünyadan əmim Tahir də,
Salıbdı ayrılıq, intizar, dərdə,
Axı siz böyüklər olmayan yerdə,
Nur saçmır gecələr AY, Yusif əmi
De, hara gedirsən, ay Yusif əmi.
Sən köçdün, neyləsin yoldaşın Nisə,
O kimdən inciyə, de, kimdən küsə,
El aləm yığışdı, fəryada, səsə,
Qurudu axmadı çay, Yusif əmi
De, hara gedirsən, ay Yusif əmi.
Gözü ata gəzir Elmirlə, Samir,
Onları sarsıtdı amansız əmir,
Allahdan sizlərə dilərəm səbir,
Uçdu əlimizdən tay, Yusif əmi
De. hara gedirsən, ay Yusif əmi.
Ata dərdi çəkir, Səkinə qızın,
Ömürlük qış etdin baharın, Yazın,
Atalar çəkirlər övladın nazın,
Bitdi övlad üçün yay, Yusif əmi
De, hara gedirsən, ay Yusif əmi
Əmim Rahil, Alik, Saleh, Mais də,
Qardaş həsrətində dözmürlər dərdə,
Gözü baba gəzir üç nəvələr də,
Çoxuna dərd verdin, say, Yusif əmi
De, hara gedirsən, ay Yusif əmi.
Oxşayır rəsmini, bibim Gülarə,
Qalıb ahuzarda bacın Dilarə,
Mehbarə bibim də, sənsiz biçarə,
Haraya vermirsən hay, Yusif əmi
De, hara gedirsən, ay Yusif əmi.
Vüsalam, ayrılıq soydu dərimi,
Həsrətin dağladı əmilərimi,
Soyutdu bu hicran, alın tərimi,
Məni də məzara qoy, Yusif əmi
De, hara gedirsən, ay Yusif əmi.
Müəllif: Vüsal Ağayev Böyükağa oğlu.
08-11-2019