Vətən müharibəsində qazanılan şanlı qələbədən sonra cəmiyyətin bir qismində belə bir sual yaranmışdı:
– Bəs Xankəndi, Xocalı?
Əslində, Prezident İlham Əliyev həmin sualın cavabını subliminal mesaj şəkilində vermişdi:
– Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!
Proses isə Prezidentin hələ 2019-cu ildə Soçidəki “Qarabağ Azərbaycandır! Nida!” sitatı və bu cür xəbərdarlıq çıxışları ilə davam edirdi:
“Hazırda özləri üçün qondarma adlar uyduran separatçılar, – biri özünü prezident adlandırır, biri özünü nazir adlandırır, biri nə bilim nə parlament sədri adlandırır, – bu təlxəklər toplusu, nəhayət bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz”.
Bu çıxışın tarixi 18 aprel 2023-cü ildir. Cəmi beş sonra, yəni aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmiş oluruq.
Səbir kasamız isə sentyabrın 19-da daşır. Nəticədə Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılır.
Qondarma rejiminin qanunsuz silahlı birləşmələri heç bir sutka tamam olmadan ay bayaq qaldırır. Azərbaycan 192 şəhidin qanı, 500 yaralımızın və Silahlı Qüvvələrimizin rəşadəti hesabına öz suverenliyini bərpa edir.
Günün sonunda Silahlı Qüvvələrin Ali Baş Komandanı Xalqa müraciətində deyir:
“Biz kriminal rejimin ünsürlərini, başda duranları ittiham etmişik. Biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıb, bəziləri də alacaqlar”.
Bu çıxışdan düz bir həftə sonra özünü qondarma rejimdə “Dövlət naziri” kimi təqdim etmiş Ruben Vardanyanı qolu qandallanmış şəkildə Bakıda görürürük.
Bir həftə əvvəl “Ermənistan və “Artsax” bir gün birləşəcək. Heç kim bunu unutmamalıdır və bu ideyaya heç kim mane ola bilməz” deyən, daha öncə də Prezident İlham Əliyevlə danışıq masasına əyləşmək kimi sərsəm açıqlamalar səsləndirən Vardanyan, istəyinə Dövlət Təhlükəsizliyi Xidmətin dindirilmə otağındakı masaya əyləşdirilməklə çatdı.
Axı Prezident demişdi:
“Biz Qarabağın erməni icmasının nümayəndələri ilə praktiki kommunikasiyalara başlamağa hazırıq. Lakin biz buna o halda başlaya bilərik ki, Rusiya vətəndaşı, kriminal oliqarx, Avropada pulların yuyulması ilə məşğul olmuş Ruben Vardanyan ərazimizi tərk etsin”.
Bu gün isə Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan etdi. Səksəkədə olan separatçıların “rəhbəri”nin müşaviri David Babayan isə təslim olmaq üçün Şuşaya tərəf qaçır.
Prezident 2020-ci ilin dekabrın 1-də dedi və elədi:
“Qatar getdi. Amma hələ də gec deyil. Hələ o qatara minə bilərsiniz, əgər bizim icazəmiz olsa, əgər bizim şərtlərimiz təmin olunsa. Bundan sonra belə olacaq, ancaq belə olacaq! Yeddi şərt qoyan Paşinyan, görəsən, indi hansı şərt qoya bilər və kimə şərt qoya bilər? Hanı o 7 şərt? Getdi işinə. Azərbaycan qondarma “Dağlıq Qarabağla” danışıqlar aparmalıdır, hanı o şərt? Cəhənnəmə getdi. “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” – bunu necə deyərlər, belə böyük həvəslə, bir qəhrəman kimi Xankəndidə bəyan etdi və hamı da ona əl çalırdı. Nə oldu? Qarabağ Ermənistandır? Gəlsin desin bunu. Qarabağ Azərbaycandır! Ona o əl çalanlar, o kriminal rejimin nümayəndələri indi ya məhv olublar, ya fərarilik ediblər”.
Bu, dərsdir – önünü görə bilməyənlərə siyasi öngörücülük dərsi…
Emin Səfərov